EN

Bakıda quldurluğa görə tutulan “Hörümçək qız” kimdir? – FOTOLAR

Bakıda quldurluğa görə saxlanan boksçu Tulin Ələkbərova haqda yeni nüanslar üzə çıxıb.

Tribuna araşdırıb ki, Tulin müsahibələrinin birində özü haqda danışıb. Deyib ki, 2004-cü ildə anadan olub. Nadinc uşaq olduğuna görə dərslərini oxumayıb. “Bu səbəbdən ailəm məni idmana yönləndirib. 8 yaşından bəri bu işlə məşğulam. Türkiyədə yaşadığımıza görə elə ilk dəfə orada başlamışam”,- deyə bildirib.
Onun sözlərinə görə, ilk olaraq karate ilə məşğul olub: “Daha sonra taekvondo, boks. İlk dəfə 2014-cu ildə Türkiyədə keçirilən karate üzrə yarışda çempion olmuşdum. İlk medal da karatedən olub. Daha sonra Azərbaycana gəldim. Burada taekvondoya yönəldim. 3 il milli komandamızın üzvü olmuşam. Sonra Türkiyəyə yenidən köçmüşük. Orada boksla məşğul olmuşam. 27 medalım var. 18-i qızıldır. İslam Həmrəylik Oyunlarında iştirak etmişəm. Təəssüf ki, orada yer tuta bilmədim. Amma demək olar ki, çox böyük təcrübə qazandıq. Taekvondo da Avropa çempionatında yer tuta bilməmişdim. 25-30 yarışdan 2-3-də məğlub olmuşam”.
Qeyd edək ki, “Hörümçək qız” ləqəbli Tulin bundan öncə də xuliqanlıq səbəbindən 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilibmiş.
Bu dəfə isə Abşeron rayonu ərazisində baş vermiş quldurluq cinayətinə görə Tulin Ələkbərova və onun tələbəsi saxlanılıb. Belə ki, dekabrın 4-də onlar 2004-cü il təvəllüdlü şəxsə kəsici alətlə xəsarət yetirib, quldurluq yolu ilə onun 110 manat pulunu ələ keçirməkdə şübhəli bilinirlər. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 21 yaşlı Tulin Ələkbərova və 19 yaşlı Abbas Rəhimli tutulublar.
Qeyd edək ki, bu hadisə saxlanılan T.Ələkbərova ilə bağlı ilk xuliqanlıq əməli deyil. Bu ilin 30 iyul tarixində də Nərimanov Rayon Məhkəməsində keçirilən son iclasda T.Ələkbərova ilə bağlı hökm açıqlanmışdı. O, kafelərdən birində mübahisə etdiyi həmcinsinə yumruqla xəsarət yetirməkdə ittiham olunub. Zərərçəkmişin şikayəti əsasında kikboksçu cinayət məsuliyyətinə cəlb edilib. Bu əməlinə görə Tulinə 2 ilə kimi həbs cəzası nəzərdə tutulsa da, yumşaldıcı hallar vəziyyəti dəyişib.
Nəticədə hakim Gültəkin Əsədova kikboksçu ilə bağlı həbs qərarı çıxarmayıb. Tulinə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib. Onun üzərinə cihazın işləkliyinə nəzarət və digər qaydalara əməl etmək öhdəliyi qoyulub.
Məşqçi xanım 6 aylıq həbs müddəti (elektron qolbaq) bitməmiş ikinci cinayət faktına görə saxlanılıb.

Gülşən Rəsul

Chosen
100
tribunainfo.az

1Sources