Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN) havaların soyuması fonunda elektrik və qaz qızdırıcı cihazlarından istifadənin artdığını bildirərək əhaliyə yanğın təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edib.
Nazirlik məişətdə nasaz və qeyri-standart qızdırıcı cihazların işlədilməsi, elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, eləcə də ehtiyatsızlıq və nəzarətsizliyin yanğın və partlayış riskini artırdığını qeyd edib.
FHN-in məlumatına görə, maarifləndirmə tədbirlərinə baxmayaraq, bəzi vətəndaşların təhlükəsizlik qaydalarına laqeyd münasibəti insan tələfatına, əmlak və infrastrukturda ciddi ziyana səbəb olur.
Qurum aşağıdakı qaydalara əməl olunmasını tövsiyə edib:
nasaz və standartlara uyğun olmayan elektrik və qaz cihazlarından istifadə edilməməli;
şəbəkələr yalnız mütəxəssis tərəfindən quraşdırılmalı və təmir olunmalı;
elektrik xətləri yüklənməməli;
şarj cihazları nəzarətsiz şəkildə qoşulu saxlanılmamalı;
mənzil daxilində tezalışan maddələr yığılmamalı;
evdən çıxarkən qızdırıcı cihazlar işlək vəziyyətdə qoyulmamalı;
qaz iyi hiss edildikdə qapı-pəncərələr açılmalı və dərhal mütəxəssis çağırılmalıdır.
Nazirlik yanğın baş verdikdə nəm parça ilə ağız-burunu qorumağı, əyilərək və ya sürünərək hərəkət etməyi, liftdən istifadə etməməyi və mümkün olmadıqda eyvanda xilasediciləri gözləməyi tövsiyə edib.
FHN vətəndaşlara xatırladıb: “Qaydalara biganəlik – həyat üçün təhlükəlidir.” Təhlükə zamanı 112-yə müraciət etmək tövsiyə olunur.