EN

Bu gün Beynəlxalq Könüllülər Günüdür

Yazını böyüt
Yazını kiçilt

Hər il dekabrın 5-i dünyada Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur.

Hafta.az xəbər verir ki, BMT Baş Assambleyası 1985-ci il dekabrın 17-də hər il dekabrın 5-nin Beynəlxalq Könüllülər Günü kimi qeyd olunması barədə qətnamə qəbul edib.

Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi qazanca əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqamətidir. XX əsrin ikinci yarısından etibarən könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək dünyada kütləvi sosial fəaliyyətə çevrilib.

Dünya əhalisinin 14,3 faizi qeyri-rəsmi şəkildə təşkil olunan könüllü layihələrdə iştirak edir

Ümumdünya Könüllülər Bəyannaməsində deyilir ki, könüllülər mükafat gözləmədən öz istedadlarını, vaxtlarını və enerjilərini fərdi və kollektiv fəaliyyətə sərf etmək hüququna malikdirlər.

Cəmiyyətin, şübhəsiz ki, könüllülərin məhsuldar işinə ehtiyacı var. Axı könüllülük dünya miqyasında sosial, iqtisadi və ekoloji problemlərin həlli üçün nəhəng, bərpa olunan bir mənbədir. Dünya artan çətinliklərlə üzləşdikdə, ilk reaksiya verənlər məhz könüllülərdir. Könüllülər özlərini böhran və fövqəladə hallara cavab tədbirlərinin ön cəbhəsində, çox vaxt olduqca çətin və mürəkkəb vəziyyətlərdə tapırlar.

Buna görə də BMT dövlətləri könüllü xidmətin mühüm töhfəsi barədə məlumatlılığı artırmaq və bununla da həyatın bütün sahələrində daha çox insanı həm ölkə daxilində, həm də xaricdə könüllü olmağa təşviq etmək üçün tədbirlər görməyə davamlı olaraq çağırır.

BMT-nin məlumatına görə, könüllü layihələrin əksəriyyəti qeyri-rəsmi şəkildə təşkil olunur, dünya əhalisinin 14,3 faizi həmin layihələrdə iştirak edir. Əmək qabiliyyətli insanların isə 6,5 faizi təşkilatlar və ya birliklər vasitəsilə rəsmi könüllü fəaliyyətlərinə qoşulur. Planet sakinlərinin əhəmiyyətli bir hissəsi birdən çox müxtəlif növ könüllü fəaliyyətlərlə məşğul olur.

Birləşmiş Millətlər Təşkilatının Könüllüləri (BMTK) proqramı sülh və inkişafı təşviq etmək üçün dünya miqyasında minlərlə könüllü səfərbər edir. BMTK könüllülərin daha güclü rolunu müdafiə edir və könüllülüyü inkişaf proqramlarına inteqrasiya etmək üçün tərəfdaşlarla sıx əməkdaşlıq edir. Hər il 8 mindən çox BMT Könüllüsü dünyanın ən çətin mühitlərində BMT qurumları ilə birlikdə çalışır. Uzaqdan işləyən on üç min BMT Könüllüsü 20 mindən çox tapşırığı yerinə yetirir.

Bugünkü Gün könüllülərə və müxtəlif təşkilatlara işlərini qeyd etmək, dəyərlərini bölüşmək və icma, qeyri-hökumət, BMT, hökumət və özəl sektor səviyyələrində özlərini tanıtmaq üçün bir fürsət yaradır. Yeri gəlmişkən, hər il Günün tədbirləri müəyyən bir mövzuya həsr olunur. Bu il isə "Hər bir töhfə vacibdir" şüarı altında qeyd olunur.

Yeri gəlmişkən, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2026-cı ili Davamlı İnkişaf naminə Beynəlxalq Könüllülər İli elan edib. Baş Assambleyaya üzv dövlətlərin əməkdaşlığı nəticəsində əldə edilən bu mərhələ könüllüləri və onların töhfələrini qlobal səhnədə qeyd etmək imkanı verir.

Azərbaycanda könüllülük ən yüksək inkişaf səviyyəsinə çatıb

Sevindirici haldır ki, son illər könüllülüyün sürətlə inkişaf etdiyi Azərbaycan könüllülük fəaliyyətinin təbliğində və inkişafında özünəməxsus rol oynayır. Azərbaycanın müstəqilliyin bərpasından sonra qazandığı uğurlarda, şübhəsiz ki, könüllü gənclərin də payı var.

Müasir müstəqil Azərbaycanda könüllülük sahəsində əsl inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Elə buna görə də könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişi məhz Ümummilli Liderimizin adı ilə bağlıdır. Belə ki, dahi öndərin ölkəmizə rəhbərliyinin ilk illərindən başlayaraq, hərtərəfli və davamlı inkişaf məqsədilə dövlət və özəl sektor, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanılıb. Həmin prosesə insanları könüllü şəkildə cəlb etməyə, onların sahə təcrübəsindən yararlanmağa mühüm önəm verilib. 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi (indiki Gənclər və İdman Nazirliyi), BMT-nin İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başlayıb. 1998-2000-ci illərdə bu proqramın nəticəsində Azərbaycanda güclü könüllü komandası yaradılıb və könüllülük prinsiplərinin geniş auditoriyaya təbliğinə start verilib.

XXI əsrin əvvəllərində Prezident İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə ölkəmizin tarixinin dinamik və hərtərəfli inkişaf mərhələsi başlayıb. Azərbaycan Prezidenti İlham Əliyevin reallaşdırdığı siyasətin əsas məqsədlərindən biri neft kapitalının insan kapitalına çevrilməsi idi. Bu zaman qarşıya qoyulan məqsədləri gerçəkləşdirmək üçün innovativ və geniş kütlənin maraqlarına cavab verən yeni addımlara ehtiyac yaranmışdı və təbii ki, bu sahədə könüllülük fəaliyyəti mühüm önəm daşıması başladı. Məhz bu dövrdə - 2009-cu ildə Milli Məclisin “Könüllü fəaliyyət haqqında” Qanun qəbul etməsi Azərbaycanda könüllülük fəaliyyətinin inkişafında təkanverici rol oynadı. Bu qanunla Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoydu.

Ölkəmizdə könüllülük hərəkatı olaraq bu fəaliyyət məhz “ASAN xidmət”dən başlayıb. “ASAN xidmət”in fəaliyyətə başladığı dövrdən etibarən 44 minə yaxın gənc bu prosesə könüllü kimi qoşulub. Bu müddət ərzində könüllülər tərəfindən 6 min 500-dən çox təlim, 850-dən çox yerli və beynəlxalq layihə icra olunub, 3 min 400-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin edilib.

Məhz Azərbaycan Prezidentinin bu sahəyə yüksək diqqət və qayğısı və fəal dəstəyi könüllülüyün bugünkü yüksək inkişaf səviyyəsinə çatmasını təmin etməklə yanaşı, gənclər üçün yeni fürsətlər yaradıb. Xüsusilə son illərdə Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etdiyi yarışlar və digər mötəbər beynəlxalq tədbirlərin təşkilinə ümumilikdə on minlərlə könüllü cəlb olunub. Bu tədbirlərin keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik, eyni zamanda, təcrübəli könüllü bazası formalaşıb.

Ölkəmizdə könüllülük hərəkatının inkişafında və bu sahədə qazanılan uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolunu xüsusilə vurğulamaq lazımdır. Məhz Mehriban xanımın əzmkar fəaliyyəti nəticəsində qeyd olunan mötəbər tədbirlərdə on minlərlə könüllünün fəaliyyətinə şərait yaradıldı. Ən əsasən, könüllülərin əməyi yüksək qiymətləndirildi və bu iş davam etdirilir.

Azərbaycanda ilk dəfə Könüllülük Həftəsinin keçirilməsi və 2020-ci ilin “Könüllülər İli” elan edilməsi ilə könüllülük hərəkatı daha geniş vüsət aldı.

Gənclərimizin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alan Prezident İlham Əliyev onların iqtisadiyyatın müxtəlif sahələrində, dövlət təşkilatlarında işləməsini, gəncləri dövlət təşkilatlarında önə çəkilməsini, bütün dövlət təşkilatlarına könüllülərin cəlb olunmasını tövsiyə edib. Bu tövsiyədən irəli gələrək müxtəlif dövlət qurumlarına könüllülərin cəlb olunmasına başlanılıb və bu iş uğurla davam etdirilir. Qeyd etmək lazımdır ki, dövlətimizin başçısının bu tövsiyəsi Azərbaycanda könüllülük hərəkatının inkişafına əlavə təkan verib. Dövlət orqanlarında könüllülük proqramı 2019-cu ildə Prezident İlham Əliyevin çağırışından sonra bu gün 32 dövlət qurumunu əhatə edir

Azərbaycanda könüllülük hərəkatının inkişafına göstərilən yüksək diqqət və qayğının bariz nümunəsindən biri də 2018-ci ildən etibarən hər il 5 dekabr - Beynəlxalq Könüllülər Günü ərəfəsində keçirilən “Azərbaycan Könüllülük Həftəsi”dir. Dekabrın 4-də Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və “ASAN xidmət”-in tərəfdaşlığı ilə “Azərbaycan Könüllülük Həftəsi 2025”ə start verilib. Dekabrın 18-dək davam edəcək və sayca 7-ci “Azərbaycan Könüllülük Həftəsi” “Konstitusiya və Suverenlik İli”nə həsr edilib. Həftə çərçivəsində ölkənin bir çox şəhər və rayonlarında 20 mindən çox Azərbaycan Könüllüsü üçün müxtəlif sosial layihələr, maarifləndirici tədbirlər və kütləvi könüllülük fəaliyyətləri həyata keçiriləcək.

"Azərbaycan Könüllülük Həftəsi 2025" çərçivəsində baş tutacaq layihələr “Zəfər: 5 il”, “Konstitusiya-30 il”, “Milli birlik”, “AKTİ-5 il”, “Könüldən könüllü” və “Suveren Azərbaycan” mövzularına həsr olunacaq. Şanlı Zəfərimizin 5-ci ildönümünün qeyd olunduğu bu dövrdə keçirilən layihələr ölkəmizin dövlətçilik ənənələrinə sədaqətin, milli həmrəyliyin və vətənpərvərlik ruhunun daha geniş təbliğini məqsəd qoyur. Həftə ərzində təşkil olunacaq bütün tədbirlər könüllü gənclərin ictimai proseslərdə iştirakını artırmaqla yanaşı, onların dövlətçilik, suverenlik və milli dəyərlərə bağlılığının möhkəmləndirilməsinə xidmət edəcək.

Qeyd edək ki, "Azərbaycan Könüllülük Həftəsi 2025” çərçivəsində “Suveren Azərbaycan” intellektual liqası, “Könüllü saatı”, “Zəfər atışı” atıcılıq turniri, “Könüllü ol” adlı infosessiyalar, “Birlikdə 5 il” könüllülük festivalı, “Ulu miras”, Azərbaycan Könüllülərinin Həmrəylik Düşərgəsi və Beynəlxalq Könüllülər Mərkəzi üzrə mübadilə proqramı kimi layihə və tədbirlər təşkil ediləcək.

Dekabrın 4-də Bakı Konqres Mərkəzində 3500-ə yaxın Azərbaycan könüllüsünü bir araya toplayan “Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu” keçirilib. Forum çərçivəsində könüllülük fəaliyyətinin qiymətləndirilməsinə və gənclərin sosial məsuliyyətlərinin təşviqinə yönəlmiş önəmli addım olaraq 50-dən çox könüllü gənc 2025-ci il üzrə “İlin Könüllüsü” mükafatı ilə təltif olunub.

Ümumilikdə isə ilin yekununda Azərbaycanda könüllü sayı bütün fəaliyyətləri başa vurmaqla 40 min 463 nəfəri əhatə edəcək. Bunlardan 15 min 376 nəfəri kişi, 25 min 87-si qadınlardır. Bu rəqəmləri faiz nisbətində göstərsək, onların 32 faizi kişilər, 68 faizi isə qadınlardır. Beləliklə, qadınlar könüllülük fəaliyyəti üzrə üstünlük təşkil edirlər.

Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ölkəmizdə könüllülük fəaliyyətinin inkişafına göstərdiyi yüksək diqqət və qayğı, bu sahədə əldə olunan nailiyyətlər və könüllülərin ölkəmizin inkişafında əvəzsiz xidmətləri qarşıdakı dövrdə daha böyük uğurların qazanılacağını deməyə ciddi əsas yaradır.

Chosen
70
2
hafta.az

3Sources