EN

MİDA-da “ədalət” prinsipi – Sosial mənzil sistemi kimə xidmət edir?

Azərbaycanda sosial mənzillərin satışına cavabdeh olan MİDA-nın onlayn satış mexanizmi illərdir geniş narazılıqlara səbəb olur. Sosial təbəqələri mənzil sahibi etmək məqsədi daşıyan bu sistemin iş prinsipi isə getdikcə daha çox sual doğurur.

Ötən gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) növbəti güzəştli mənzil satışını həyata keçirib.

Satış Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt Yaşayış Kompleksi, Lənkəran Yaşayış Kompleksi, Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksindəki mənzillər üzrə baş tutub. Prosesdə ümumilikdə 627 mənzilin satışı nəzərdə tutulub. Bir çox istifadəçilər satış zamanı texniki problemlərin yarandığını bildiriblər. Satışlar isə 1 dəqiqəyə başa çatıb…

MİDA-nın mövcud mexanizmi insanların mənzil problemini həll etmək əvəzinə, yeni sosial narazılıqlar yaradır. Problem nə təkcə texniki qüsurlardadır, nə də müraciətlərin çoxluğunda — əsas məsələ düzgün meyarların olmamasıdır.

Tanınmış jurnalist, “AzVision.az” saytının baş redaktoru Vüsal Məmmədov və “Talent Staff and Business Solutions” şirkətinin rəhbəri Sevda Quliyeva da Mənzil İnşaatı Dövlət Agentliyinin satış sistemini tənqid ediblər.

Sevda Quliyeva bildirir ki, sosial mənzil proqramı məhz ehtiyacı olan və uzun illərdir kirayələrdə yaşayan insanlar üçün əlçatan olmalıdır. O, çoxlarının dilində olan bir sualı səsləndirib:

“Biz də  bu ölkənin vətəndaşıyıq… Niyə kimsə 5 ev alır, amma ehtiyacı olan 1 ev ala bilmir?”

Əgər proqramın məqsədi real ehtiyac sahiblərini mənzillə təmin etməkdirsə, niyə sistem düzgün işləmir..?

## **Şəffaflıq var, yoxsa sadəcə formal prosedur?**

Vüsal Məmmədov isə problemin daha dərin bir qatına toxunur. Onun fikrincə, MİDA-nın hazırkı metodu nə şəffafdır, nə də sosial ədalətə xidmət edir.

Məmmədovun təkliflərindən biri belədir:

Komissiya hər bir müraciətə fərdi baxmalı və mənzilə daha çox ehtiyacı olan şəxsləri önə keçirməlidir.

Bu yanaşma dünyanın bir çox ölkəsində tətbiq olunan sosial mənzil mexanizmlərinə uyğun gəlir: ehtiyacın səviyyəsi, ailə vəziyyəti, gəlir göstəriciləri və sosial həssaslıq əsas meyar kimi götürülür.

Jurnalist həmçinin qeyd edir ki, komissiyanın şəffaflığı artırmaq üçün hətta seçimin müəyyən hissəsini süni intellektə həvalə etmək də mümkündür. Yəni məqsəd “kimin daha bacarıqlı F5-ə kliklədiyi” deyil, kimin daha çox ehtiyacı olduğunu müəyyənləşdirməkdir.

Köhnə metod yeni problemlər yaradır

Hazırkı onlayn satış sistemi sosial qruplar arasında bərabərliyi pozur, açıqlanmayan seçim meyarları səbəbilə şübhələr yaradır, ehtiyacı olmayan şəxslərin də mənzil almasına şərait yaranmış olur.

Bu isə artıq sosial layihədən çox, “sürətli olan udur” prinsipi ilə işləyən mexanizmi xatırladır.

MİDA-nın məqsədi ilə fəaliyyəti arasında uçurum

Əgər MİDA doğrudan da sosial təbəqəni dəstəkləmək istəyirsə, sistem aşağıdakı prinsiplərə uyğun yenilənməlidir:

Ehtiyac meyarı əsas götürülməlidir

Seçim prosesi şəffaflaşdırılmalıdır

Komissiya real sosial araşdırmaya əsaslanmalıdır

Onlayn yarış prinsipi tamamilə aradan qaldırılmalıdır

Sosial mənzil proqramı insanların həyatını yaxşılaşdırmalı, daha da çətinləşdirməməlidir….

Chosen
78
nocomment.az

1Sources