EN

Məhbus ailələri necə aldadılır?

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Dələduzların hədəfində olan və özlərinə qurban seçdikləri şəxslər sırasında məhbusların ailə üzvləri də var. Məhbusun nəyəsə ehtiyacı olması, onun vaxtından əvvəl azadlığa çıxmasına kömək və s. vədlərlə dələduzluq əməlləri törədilir - ailələr aldadılaraq, onların pulları ələ keçirilir.

Bizimyol.info xəbər verir ki, hazırda 17 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Ceyhun İlyasovun ailəsi də bu qəbildən olan dələduzluğun qurbanı olub. Onun həyat yoldaşına zəng edərək, həyat yoldaşının ağır vəziyyətdə olduğunu deyiblər.

“Zəng edən şəxs dedi ki, cəzaçəkmə müəssisəsində Ceyhunun vəziyyəti ağırlaşıb, onu xəstəxanaya çatdırıblar, əməliyyat olunmalıdır. Müalicə Müəssisəsində ona 225 manat pul lazımdır. Kart nömrəsi də verib ki, ora köçürülsün”, - məhbusun ailəsindən bildirilib.

Lamiyə İlyasova həyat yoldaşı üçün istənilən 225 manatı dərhal ödəmə aparatları vasitəsilə göndərib. Sonradan məlum olub ki, nə məhbusun vəziyyəti ağırlaşıb, nə xəstəxanaya çatdırılıb, nə də əməliyyata ehtiyac var. Ümumiyyətlə, Ceyhun İlyasovun məsələdən xəbəri yoxdur.

Ailənin bildirdiyinə görə, onları aldadaraq dələduzluq edən şəxs də vaxtilə 17 saylı cəzaçəkmə müəssisəsində saxlanılıb. O, 2024-cü ildə azadlığa buraxılıb: “Həbsdə olarkən oradakı məhbuslardan bir neçəsinin telefon nömrələrini əldə edib. Azadlığa buraxılandan sonra həmin nömrələrə zəng eləyir, ailələri aldadıb, pullarını alır. Növbəti hədəfi də biz olmuşuq”.

Ceyhun İlyasovun həyat yoldaşı, 225 manatı ələ keçirilən Lamiyə xanım ağır şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Həmçinin övladının da səhhətində ciddi problemlər var. O, bir neçə gün sonra cəzaçəkmə müəssisəsində həyat yoldaşını ziyarət etməyi planlaşdırırmış: “O 225 manat türmə üçün ərzaq almağa, müalicə üçün nəzərdə tutulmuş pul idi...”

Zərərçəkən başına gələnlərlə bağlı dekabrın 3-də polisə şikayət edib. Dərhal polis şöbəsinə çağırılaraq, izahat verib.

SOCAR-ın işçisi olmuş Ceyhun İlyasov narkotik ittihamı ilə həbs olunub. Lakin o, narkotik ittihamını qəbul etmir, dindar olduğuna görə həbs olunduğunu bildirir.

Cəzaçəkmə müəssisələrində saxlanılan şəxslər pul və ya hansısa əşyaya, ərzağa ehtiyacı olanda bəzən digər məhbuslar xahiş edir ki, yaxınları onların yanına gələndə onun ailəsinin göndərdiyi pul və ya kiçik sovqatı da gətirsin. Məsələn, ciddi rejimli cəzaçəkmə müəssisəsində saxlanılan şəxslərin yanına ailələri ayda bir dəfə gələ bilər. Bu üzdən onların nəyəsə ehtiyacları yarananda məhbus yoldaşlarından bu cür xahişlər edirlər. Bu zaman ailələrin bir-biri ilə əlaqə saxlaması üçün telefon nömrələrini də verirlər. Bəzən dələduzlar həmin telefon nömrələrini yadda saxlayıb, sonradan onlardan istifadə edirlər.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
86
bizimyol.info

1Sources