EN

Gürcüstan Qara dəniz kabel layihəsi ilə bağlı Aİ-dən dəstək alacaq

Tbilisi, 2 dekabr, AZƏRTAC

Gürcüstan İqtisadiyyat Nazirliyi Qara dəniz kabel layihəsi ilə bağlı Avropa İttifaqından (Aİ) strateji, hüquqi və maliyyə dəstəyi alacaq. Avropa Komissiyası 2035-ci ilədək Avropa İttifaqı ilə həmsərhəd regionlarda enerji bağlantılarının gücləndirilməsinə yönəlmiş layihələrə geniş dəstək verəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi bununla bağlı rəsmi bəyanat yayıb.

Nazirliyin məlumatına görə, Gürcüstan və Rumıniyanın 2024-cü ilin sonunda qarşılıqlı maraq doğuran layihə statusu almaq üçün birgə təqdim etdiyi Qara dəniz sualtı kabel layihəsi Avropa Komissiyasının dərc etdiyi siyahıya daxil edilib. Bildirilib ki, layihə təqdim edilərkən Avropa Enerji İttifaqının dəstəkləyici sənədi də əlavə olunub ki, bu da layihənin strateji əhəmiyyətini bir daha təsdiqləyir.

Cari ilin dekabrın 1-də Avropa Komissiyası səlahiyyətli normativ akt qəbul edərək qarşılıqlı və ikitərəfli maraq doğuran layihələrin siyahısını təsdiqləyib, sənədi Avropa Parlamenti və Avropa Şurasına təqdim edib. Aİ qanunvericiliyinə əsasən, belə status alan layihələr hüquqi, maliyyə və strateji baxımdan birbaşa dəstək alır.

Nazirlik qeyd edir ki, layihə Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğu tərəfindən texniki-iqtisadi əsaslandırma mərhələsindən keçib və bu, onun “əhəmiyyətini, ehtiyacını və böyük potensialını” sübut edib.

Sənəd təsdiqləndiyi təqdirdə layihə Aİ-nin enerji qanunvericiliyinə tabe olacaq və bununla da Avropa İttifaqının xüsusi qrant proqramlarına çıxış imkanı yaranacaq. Bu isə layihənin maliyyələşdirilməsini və investisiya modelinin formalaşdırılmasını asanlaşdıracaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Chosen
92
3
azertag.az

6Sources