Azərbaycan informasiya məkanını qorumaq üçün ciddi addımlar atıb və biz bu addımların nəticələrini görürük”.
APA xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatının Media Forumunda Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli deyib.
O bildirib ki, ölkələrin informasiya məkanına müdaxilə məsələsi son dərəcə vacibdir:
“Bu məsələnin iki aspekti mövcuddur: birincisi media tərəfidir, ikincisi isə dövlətin maraqları ilə bağlıdır. Media yarandığı gündən etibarən müxtəlif təhdidlər fonunda formalaşıb. Media təhdidlərin artdığı şəraitdə böyüyüb, inkişaf edib və bu təhdidlərə qarşı ümumi strategiyalar formalaşdırılıb.
Bu il Azərbaycan mətbuatının yaranmasının 150 illiyi qeyd olunur. Amma Qafqazda mediadan əvvəl senzura mövcud olub. Əvvəllər mediaya qarşı təzyiq dedikdə daha çox senzura nəzərdə tutulurdu. Hazırda isə mediaya təzyiq fərqli bir formada təzahür edir. İnformasiya bolluğu insanların doğru məlumatı tapıb öyrənməsini çətinləşdirir ki, bu da media üçün təhdid yaradan əsas amillərdən biridir”, - deyə o vurğulayıb.