EN

"Veteranlara verilən 80 manat artırılmalıdır" - Deputat

Azərbaycanda Qarabağ müharibəsi veteranlarına aylıq 80 manat sosial müavinət verilir. Lakin veteranlar bu məbləğin çox az olduğunu deyirlər. 

Bəs 2026-cı ildə veteran müavinətində artım gözlənilirmi?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Elman Məmmədov Redaktor.az-a bildirdi ki, onun özü, 2 oğlu və 1 nəvəsi də müharibə veteranlarıdırlar:

"Ancaq mən ailə üzvlərimə görə deyil, bütün Azərbaycan Respublikasında yaşayan çox hörmətli müharibə veteranlarımız üçün bunu deyirəm ki, 80 manat sosial müavinətin artması arzuolunandır. Mənim də tərəfdarı olduğum və bir neçə dəfə münasibət bildirdiyim məsələlərdən biridir. Çox qüdrətli, yüksək inkişaf səviyyəsində və kifayət qədər iqtisadi gücə malik olan dövlətimizin adına yaraşmayan məqam müharibə veteranlarımıza verilən 80 manatdır. Müharibə veteranlarımız torpaqlarımız uğrunda döyüşüblər, vuruşublar və qalib olmuşuq. Ona görə də ümidvaram ki, 2026-cı ildə dövlət başçımız tərəfindən belə sevincli xəbəri alacağıq. Arzu edirik ki, müharibə veteranlarına verilən 80 manat məbləğində müavinət artırılsın. Mən də tərəfdarıyam və çox hörmətli müzəffər Ali Baş Komandanımızdan xahiş edirəm ki, belə bir addım atılsın və qərara imza atılsın. Hamımız sevinərik, bütün veteranlarımız sevinər. Cənab Prezident müharibə veteranlarımızı, müharibə iştirakçılarını və qazilərimizi çox sevir. Mən hesab edirəm ki, yaxın vaxtlarda elə bir sevincli xəbəri eşidəcəyik".

Nuriyyə NATİQQIZI

Chosen
13
1
redaktor.az

2Sources