EN

ABŞ-da Uitkoff qalmaqalı: İstefaya göndəriləcəkmi?

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff ətrafında yaranmış qalmaqal Vaşinqtonun siyasi gündəmini qarışdırıb.Bloomberg-in dərc etdiyi səs yazıları və stenoqramlar Uitkoffun Rusiya prezidenti Vladimir Putinin məsləhətçisi Yuri Uşakovla apardığı danışıqları üzə çıxarıb və bu, onun postunun sual altına düşməsinə səbəb olub.

Respublikaçı konqresmen Don Bekon məsələni “ABŞ üçün ciddi təhlükə” adlandıraraq Whitkoffun dərhal vəzifədən uzaqlaşdırılmasını tələb edib. Bekon bildirib ki, Whitkoff “tamamilə Rusiyanın tərəfindədir” və “ona etibar etmək olmaz”. Konqresmen sərt tonda əlavə edib: “Ödənişli rus agenti ondan daha pis iş görə bilərmi? Onu işdən çıxarmaq lazımdır”.

Respublikaçı Brian Fitzpatrick və demokrat Ted Lieu da qalmaqalı “ciddi milli təhlükəsizlik məsələsi” kimi qiymətləndirib və Whitkoffu ABŞ maraqlarına zidd mövqe tutmaqda ittiham ediblər.


XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, mübahisə Uitkoffun Uşakovla mümkün Tramp–Putin telefon danışığını necə daha sərfəli şəkildə təşkil etmək barədə fikir mübadiləsi apardığının üzə çıxmasından sonra dərinləşib. Sızan məlumatlarda Uitkoffun rus diplomatına Trampı razı salmaq üçün “onu tərifləməyi” tövsiyə etdiyi qeyd olunur.

The Telegraph yazır ki, Uitkoffun bu məsləhətləri danışıqlar prosesinə ciddi kölgə salır və “Moskvaya həddən artıq yaxınlıq” görüntüsü yaradır.

Sky News isə onu “Ukrayna və Avropa üçün riskləri artıran faydalı axmaq” adlandırır.

Media orqanları qeyd edir ki, normal siyasi şəraitdə belə fiqur “ümidsiz şəkildə ifşa olunmuş” sayılaraq dərhal istefaya göndərilərdi, lakin Tramp administrasiyasında qalmaqalların təsiri əvvəlki kimi güclü deyil.

Hazırda Ağ Ev Uitkoffla bağlı rəsmi qərar açıqlamayıb, lakin Vaşinqtonun siyasi dairələrində onun postunun böyük təhlükə altında olduğu bildirilir.

Qalmaqalın yaxın günlərdə daha da böyüyəcəyi gözlənilir.

Xəbər 5 dəfə oxunub.
Chosen
29
xezernews.az

1Sources