Azərbaycan ilə Beynəlxalq Əmək Təşkilatı arasında yeni “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın imzalanması ilə əlaqədar görüş keçirilib.
Söhbətdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, AHİK sədri Sahib Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, BƏT-in Layiqli Əməyə Texniki Dəstək Qrupunun, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin direktoru Mixail Puşkin, BƏT-in Azərbaycandakı milli əlaqələndiricisi Yaşar Həmzəyev iştirak ediblər.
AHİK sədri Sahib Məmmədov vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində son illər ölkəmizdə əmək bazarının modernləşməsi, sosial müdafiə sisteminin gücləndirilməsi və məşğulluq imkanlarının artırılması istiqamətində mühüm nəticələr əldə olunub. “2025–2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” da bu siyasətin məntiqi davamı olaraq, qarşıdakı illərdə sosial tərəfdaşlığın inkişafına, işçilərin rifahının yaxşılaşdırılmasına və əmək bazarının dayanıqlığına xidmət edəcək.
Sonra Anar Əliyev, Sahib Məmmədov, Məmməd Musayev və Mixail Puşkin “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” imzalayıblar. Proqramın əsas məqsədi ölkəmizdə məşğulluğun artırılması, sosial müdafiə, əməyin mühafizəsi, əmək sahəsində beynəlxalq əmək normalarının tətbiqi, sosial dialoq kimi sahələrdə səylərin artırılması yolu ilə layiqli əməyin təminatı üzrə sosial-əmək münasibətlərinin daha da inkişaf etdirilməsidir.
XQ