EN

Kəlbəcər Şəhəri Günü tarixi qayıdışın, mədəni irsin və zəfərin rəmzidir



Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Kəlbəcər rayonu.
1993-cü ildə Kəlbəcərin işğalı bölgənin tarixində hər bir azərbaycanlı üçün ağır bir faciədir. Belə ki , həmin illərdə minlərlə sakin doğma yurdunu tərk etməyə məcbur olub, yüzlərlə tarixi abidə dağıdılıb, təbii sərvətlər isə talan edilib. Buna baxmayaraq, kəlbəcərlilər öz doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyiblər. İşğal zamanı rayonun 511 dinc sakini öldürülüb, 321 nəfəri əsir götürülüb və itkin düşüb. Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olublar. İşğal nəticəsində yüzlərlə tarixi mədəniyyət abidəsi, məktəb, uşaq bağçası, kitabxana, mədəniyyət evi, muzey, xəstəxanalar və digər infrastrukturlar talan edilib, dağıdılıb və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb.
Nəhayət Azərbaycan Silahlı Qüvvələrinin qətiyyəti və Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi nəticəsində 2020-ci il noyabrın 25-də Kəlbəcər sülh yolu ilə Azərbaycana qaytarılıb. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib. Noyabrın 25-i isə yaddaşlarda Kəlbəcər tarixində dönüş nöqtəsi kimi qalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yüzlərlə hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub. Həmçinin dövlətimizin başçısının müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən noyabrın 25-i Kəlbəcər Şəhəri Günü kimi müəyyənləşib. Bu gün yalnız tarixi qayıdış günü deyil, eyni zamanda, Azərbaycanın suverenliyinin gücünü, xalqımızın birliyini və iradəsini, şəhidlərimizin müqəddəs xatirəsini, Kəlbəcərin bərpasına başlanılan yeni inkişaf mərhələsini simvolizə edir. Bu gün hər bir azərbaycanlı üçün qələbə ruhunun, torpaq sevgisinin və vətənə bağlılığın rəmzidir
Hazırda Kəlbəcər rayonu üzrə genişmiqyaslı bərpa-quruculuq layihələrinin həyata keçirildiyini xatırladan P.Vəliyeva bildirib ki, bölgədə yeni yollar, tunellər və körpülər inşa olunur. Xüsusilə Laçın–Kəlbəcər və Tərtər–Kəlbəcər avtomobil yolları bölgənin strateji əhəmiyyətini daha da artırır. Həmçinin İstisu kurort kompleksinin bərpası regionun turizm potensialını canlandırır. Bu gün Kəlbəcərdə yeni yaşayış məhəllələri, təhsil və səhiyyə infrastrukturu tikilir, tarixi və dini abidələrin bərpa və konservasiya proqramları həyata keçirilir. Bütün bu layihələr Kəlbəcərin gələcəkdə Cənubi Qafqazın mühüm turizm və mədəniyyət mərkəzlərindən birinə çevriləcəyini göstərir.
Kəlbəcər artıq böyük qayıdışın təcəssümünə çevrilib. Bura qayıdan hər bir vətəndaş tikinti və quruculuqda iştirak etməklə həm tarixə, həm də gələcək nəsillərə öz töhfəsini verir. Azərbaycan dövləti Kəlbəcəri yalnız bərpa etmir, onu müasir və inkişaf etmiş bir region kimi yenidən qurur. Bu isə gələcək illərdə bölgənin sosial-iqtisadi inkişafının daha da sürətlənəcəyinə zəmin yaradır.
Böyük qürur və fəxr hissi ilə deyə bilərik ki, 25 Noyabr – Kəlbəcər Şəhəri Günü tarixi qayıdışın, mədəni irsin və zəfərin rəmzidir
Lalə Məmmədova
YAP Yevlax rayon təşkilatının fəalı
Chosen
5
3
newscenter.az

4Sources