Noyabrın 25-də Kəlbəcər Şəhər Günündə şəhərin mərkəzində Mədəniyyət Nazirliyinin və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə geniş konsert proqramı təşkil olunub.
Publika.az xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Kəlbəcərə həsr olunmuş videoçarx izlənilib.
Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev bütün iştirakçıları təbrik edərək deyib: “Bu gün ilk dəfə təntənəli şəkildə Kəlbəcər Şəhəri Gününün qeyd olunması mühüm hadisədir və rayonun yeni mərhələyə qədəm qoyduğunu göstərir. Kəlbəcərdə mədəniyyətin, turizmin, təhsilin və ictimai həyatın dirçəlişini izləmək hər birimiz üçün qürurverici mənzərədir”.
Xüsusi nümayəndə bildirib ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamla noyabrın 25-i Kəlbəcər Şəhəri Günü elan edilib. Kəlbəcər Şəhəri Gününün təsis olunması dövlətimizin başçısının kəlbəcərlilərə diqqət və qayğısının bariz nümunəsidir.