Donald Trampın
planı 19 bəndə endirilib
Donald Tramp administrasiyasının Ukraynadakı
müharibəyə son qoymaq planı 28 bənddən 19 bəndə endirilib. Britaniyanın
“Financial Times” və Amerikanın “The Washington Post” qəzetləri mənbələrə istinadən xəbər veriblər ki, dəyişikliklər
Cenevrədə aparılan danışıqlardan sonra edilib.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının
katibi Rüstəm Umerov Cenevrədə ABŞ ilə danışıqlar zamanı Trampın orijinal planının
yenidən işləndiyini bildirib. Rəsmi şəxs hansı düzəlişlərin olduğunu dəqiqləşdirməyib.
Ukrayna Prezidenti Aparatının müşaviri Oleksandr Bevz Facebook-da yazıb ki,
"hamının gördüyü 28 maddəlik plan artıq qüvvədə deyil: müddəaların bəziləri
təmizlənib, başqaları dəyişdirilib".
Almaniya Kansleri Fridrix Merz Ukrayna ilə bağlı öz
layihəsini irəli sürüb və 28 maddəlik planı bir maddəyə endirməyi təklif edib.
DW-yə müdafiəsində Merz, dondurulmuş Rusiya aktivlərinin Ukraynaya
yatırılacağını bu investisiyalardan əldə edilən vəsaitin yarısının ABŞ-yə gedəcəyini
bildirən orijinal plan müddəasından xüsusilə narazılığını bildirib. Kansler
bunu "ağlasığmaz" adlandırıb.
Bu arada Avropada Ukraynada sülh üçün təməl
yaratmaq səyləri güclənir. Ukraynada sülh prosesi üçün şərait yaratmaq məqsədilə
diplomatik səylər yeni səviyyəyə çatıb: Avropa İttifaqı artıq fəal şəkildə
iştirak edir və İsveçrədə ilk dəfə danışıqlara qoşulub. "Avropanın
iştirakı Ukraynada ədalətli və davamlı sülh üçün danışıqlarda əhəmiyyətli irəliləyiş
əldə etməyimizə imkan verib", - deyə Avropa Komissiyasının prezidenti
Ursula fon der Lyayen bildirib. O, əldə
edilən konkret uğurları açıqlamayıb. Ukraynada sülhə doğru növbəti addımlar barədə
müzakirələr bazar ertəsi günü bir neçə qitədə davam edib.
Beləliklə, Avropa İttifaqının bütün qurumlarının və
onun 27 üzv dövlətinin liderləri hibrid formatda qeyri-rəsmi görüş keçiriblər.
Görüşdən sonra Avropa Şurasının prezidenti Antonio Koşta və Ursula fon der
Lyayen Anqolanın paytaxtı Luandada birgə bəyanatlarla çıxış ediblər. Hər ikisi
sülh prosesi ilə bağlı müzakirələrdə yeni müsbət dinamika olduğunu
vurğulayıblar.
"Sülh danışıqlarında yeni təkan var. Cenevrədə ABŞ, Ukrayna, Aİ qurumlarının nümayəndələri
və Avropa nümayəndələri arasında keçirilən görüş əhəmiyyətli irəliləyiş əlaməti
olub", - deyə Koşta bildirib. O, İsveçrədəki diplomatiyanın ilkin nəticələrini
alqışlayıb və onları düzgün istiqamətdə irəliyə doğru bir addım adlandırıb,
lakin bir çox məsələlərin hələ də həll edilməli olduğunu qeyd edib.
Ursula fon der Lyayen həmçinin hələ də çox iş
görülməli olduğu ilə razılaşıb. "Amma indi irəliləmək üçün möhkəm təməlimiz
var. Eyni zamanda, birliyimizi qorumalı və Ukraynanın maraqlarını səylərimizin
ön planına çıxarmağa davam etməliyik", - deyə Avropa Komissiyasının rəhbəri
bildirib. Onun sözlərinə görə, Luandada Aİ liderlərinin görüşü Aİ-nin Kiyevi dəstəkləməkdə
birliyinin təsdiqi idi.
Aİ liderləri blokun əsas mövqelərini açıqladılar:
Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörmət, eləcə də ölkənin gələcəyində
Aİ-nin mərkəzi rolu. "Yalnız Ukrayna suveren dövlət kimi silahlı qüvvələri
ilə bağlı qərarlar qəbul edə bilər. Öz taleyinin seçimi öz əlindədir", -
deyə fon der Lyayen vurğulayıb.
Bu arada, Koşta Aİ-yə birbaşa təsir edən məsələlər
- sanksiyalar, genişlənmə və dondurulmuş aktivlər ilə bağlı qərarların yalnız
İttifaq tərəfindən veriləcəyini bildirib. O, ABŞ də daxil olmaqla, sülh
prosesinin bütün iştirakçılarının "bu müharibəni dayandırmaq” kimi ortaq məqsədlə
birləşən tərəfdaşlar kimi hərəkət etməsinin
vacibliyini vurğulayıb.
Son məlumata görə, Ukrayna
üzrə yeni xüsusi elçi və ABŞ Ordu naziri Den Driskol Əbu-Dabidə Rusiya və
Ukrayna rəsmiləri ilə görüşlər keçirir. O, Tramp administrasiyası tərəfindən təqdim
edilən və Cenevrədə Ukrayna nümayəndə heyəti ilə görüşlərdən sonra dəyişdirilən
Ukraynadakı müharibəyə son qoymaq planını müzakirə edir.
Media mənbələrinə görə,
Driskol və Rusiya nümayəndə heyətinin üzvləri 24 noyabr axşamı görüşüblər və
bir neçə saat davam ediblər.
Bildirilir ki, nazir bazar
günü ABŞ və Ukrayna arasında razılaşdırılmış sülh planını ruslara təqdim edəcək.
Rizvan CƏFƏROV,
“Azərbaycan”