Ermənistan yenidən Rusiyanın ağuşuna qayıtmaq eşqinə düşdü
ABŞ və Ukrayna 19 bənddən ibarət yenilənmiş sülh sazişi layihəsini hazırlayıblar, siyasi cəhətdən həssas məsələlər isə sonradan iki lider tərəfindən razılaşdırılacaq. Bunu Ukraynanın xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa “The Financial Times”a bildirib.
Cenevrədə danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibində iştirak edən Kislitsa görüşü intensiv və məhsuldar adlandıraraq, hər iki tərəfin maraqlarını təmin edən yenidən işlənmiş sənəd layihəsini razılaşdırdıqlarını qeyd edib. Danışıqlar nəticəsində bir sıra mübahisəli bəndlər – xüsusən, ərazi məsələləri və NATO, Rusiya və ABŞ arasındakı münasibətlər – ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski tərəfindən müzakirəyə saxlanılıb: “Ukrayna tərəfi ərazi güzəştləri ilə bağlı qərar qəbul etmək mandatına malik deyildi, çünki ölkə Konstitusiyasına görə bu, ümummilli referendum tələb edərdi”. Kislitsa söyləyib ki,6 yenilənmiş layihə əvvəlcə mətbuata sızmış sülh planı variantına çox az bənzəyir: “İlkin versiyadan çox az şey qalıb”. İndi hər bir tərəf aktual işçi variantı öz liderlərinə – Vaşinqtonda və Kiyevdə – təqdim edəcək. Bundan sonra, Kislitsanın sözlərinə görə, Tramp administrasiyası danışıqlar prosesini irəlilətmək üçün Moskvaya müraciət etməyi planlaşdırır: “Ukrayna ordusunun sayının məhdudlaşdırılması və mümkün hərbi cinayətlərə ümumi amnistiya ilə bağlı təkliflər Kiyevin mövqeləri nəzərə alınaraq yenidən işlənib”. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə qeyd edib ki, ABŞ-ın Ukrayna ilə bağlı sülh planının bir çox bəndi Rusiya üçün məqbul görünür: “Bizə bir variant təqdim olunub, hansı ki Alyaskada əldə olunmuş anlaşmaların məntiqinə uyğundur. Buna görə də hamısı yox, amma bu planın bir çox müddəaları bizə tamamilə məqbul görünür”. Uşakov, eyni zamanda vurğulayıb ki, Kreml Avropa sülh planı ilə tanışdır, lakin onun müddəaları Rusiyaya uyğun gəlmir. Bununla yanaşı, o güman edir ki, ABŞ yaxın vaxtlarda Moskva ilə birbaşa təmas quraraq detalları müzakirə edə bilər, baxmayaraq ki, konkret razılaşmalar hələ yoxdur. Bütün bunlar 4 ilə yaxındır davam edən Rusiya-Ukrayna savaşının sona çatma ehtimalını artırır. Amma maraqlıdır ki,bundan narahat olanqüvvələr də var. Məsələn Ermənistan. Erməni mediası proseslərin bu səpkiə inkişafından ciddi narahatıq keçirir. Bununla bağlı “armenianreport” portal yazır: “Avropalı diplomatların son bəyanatları bir daha çoxlarının Qərbi gözdən salmağa üstünlük verdiyini göstərdi. Avropa İttifaqının Ukraynada sülhə nail olmaq üçün sadə və aydın planı var: Rusiyanı zəiflətmək və Ukraynanı dəstəkləmək. Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas açıq şəkildə bildirib. Onun sözləri təkcə Brüsselin diplomatik xəttini deyil, həm də Avropa siyasətinin real işini əks etdirir: bəzi dövlətləri digərlərinin hesabına gücləndirmək.
Bununla belə, Ukraynanın gələcəyi və Moskvaya sanksiya təzyiqinin nəticələrinin müzakirə olunduğu bir vaxtda gözlənilmədən başqa, daha qorxulu rəqəm ortaya çıxıb: müharibə zamanı Aİ enerji resursları və mallara görə Rusiyaya Ukraynaya verdiyindən 124 milyard avro artıq pul ödəyib. Bunu İsveçin xarici işlər naziri Mariya Malmör Stenerqard deyib. Onun sözlərinə görə, Avropa Ukraynaya 187 milyard avro yardım edib, Rusiyadan isə 311milyard avro dəyərində neft, qaz və digər mallar alıb.Bu, sadə bir şey deməkdir: Avropa İttifaqı eyni vaxtda Rusiya ilə mübarizə aparır və həm də onun iqtisadiyyatını maliyyələşdirir. Ermənistan isə bu ziddiyyətli siyasi kontekstdə addım atıb və elə addım atıb ki, indi Ukraynanın taleyini təkrarlamaq, şüurlu və ya şüursuz olaraq başqasının geosiyasi oyununda alətə çevrilmək riski daşıyır. Axı bu gün Ermənistan ətrafında yaranmış vəziyyət Ukraynanı öz məhvinə aparan hadisələrin az qala güzgü görüntüsüdür. Bu səhvi ilk olaraq Ukrayna etdi: Avromaydandan sonra Rusiya ilə münasibətlər yenidən quruldu və bu, ağır nəticələrə gətirib çıxardı. Ermənistan isə daha az təhlükəsizlik resursu ilə eyni yolla gedir, lakin daha sürətlə. Biz görürük ki, hakimiyyətimiz Moskvanı açıq şəkildə ittiham edir və nümayişkaranə şəkildə Qərbə “stavka” edir, eyni zamanda nə Aİ-nin, nə də ABŞ-ın Ermənistana real təhlükəsizlik təminatları verməyə qadir olmadığına məhəl qoymur. Ölkə rəhbərliyi daim Aİ ilə daha dərin inteqrasiyaya, Rusiyanın roluna yenidən baxmağa və “yeni xarici siyasət kursuna” çağırır. Amma Avropa, Ukraynanın nümunəsində göstərdiyi kimi, pulsuz heç nə təklif etmir və ən vacib şeyin - hərbi təhlükəsizliyin itirilməsini kompensasiya edə biləcək öhdəliklər götürmür. Avropa Rusiyanı Qərb yönümlü dövlətlər qurşağı ilə əhatə etməyə çalışır. Amma eyni zamanda – və bunu başa düşmək vacibdir – Avropa Rusiya ilə ticarəti kəsmir, sadəcə olaraq maliyyə axınlarını yenidən bölüşdürür. O, yeni "gərginlik nöqtələri" yaratmağa hazırdır, lakin digər insanların münaqişələrinin real qiymətini ödəmək istəmir. Və bu fonda hazırda respublikaya rəhbərlik edənlər hesablamaya deyil, emosiyaya əsaslanan xarici siyasət yürüdürlər. Ukrayna siyasətçilərinə 2014-cü ildən bəri dəfələrlə deyilənləri indi də bizim rəhbərliyimiz təkrarlayır: “Avropa kömək edəcək, Avropa qoruyacaq, Avropa bizi tərk etməyəcək”. Amma reallıq və rəqəmlər bunun əksini göstərir. Bəli, bu gün bizə Aİ ilə viza rejiminin yumşaldılacağı vəd olunur. Bu, böyük diplomatik qələbə və “yeni xarici siyasət”in əlaməti kimi təqdim olunur. Ancaq regionda artıq bir nümunə var: 2017-ci ildə vizasız gediş-gəliş əldə edən Gürcüstan. Sonra nə oldu? Sonra 300.000 gürcü işləmək üçün Avropaya getdi - ölkə demoqrafik böhranla üzləşdi. Aİ vizasız rejimdən təzyiq vasitəsi kimi istifadə etməyə başlayıb, Tiflis Brüsselin siyasi qərarları ilə razılaşmasa, onu ləğv etməklə hədələyib. “Hərəkət azadlığı” əhalinin fəal hissəsini yavaş-yavaş sıxışdırmaq vasitəsinə çevrilib. Eyni şey Ermənistanla da baş verə bilər. Hansısa ölkəyə daxili qərarlar müqabilində xarici siyasət loyallığı təklif ediləndə Avropa “kökəsi” istər-istəməz çubuğa çevrilir. Gördüyümüz kimi, hər şeyi bir yerə toplasaq, şəkil qorxulu görünür. Rusiya sərt praqmatizm mərhələsinə qədəm qoyur və siyasi etibarlılığın olmadığı yerlərdə iştirakını azaldır. Avropa təzyiqi artırır, lakin məsuliyyəti öz üzərinə götürə bilmir. Regional təhlükələr artır və Ermənistanın onları cilovlamaq imkanları azalır. Ölkəmiz iki od arasında qalıb, hakimiyyət Ermənistanın balansını itirməsi və xarici nəzarətə keçməsi üçün əlindən gələni edir. Son nəticədə Ermənistan seçim qarşısındadır: Ukraynanın taleyinin təkrarlanmasına gətirib çıxaran hazırkı kursunu davam etdirmək və ya ölkənin öz siyasətinə nəzarəti bərpa etməyə imkan verəcək addımlar atmaq. Aydındır ki, Ermənistanın xarici maraqlar üçün alət kimi görünmədiyi strategiya lazımdır. Bu, yalnız Şərqlə Qərb arasında tarazlığı bərpa etməklə mümkündür. Rusiya ilə münasibətlərdə praqmatizmə qayıtmaq lazımdır. Axı itirən Rusiya deyil. Ən mühüm qonşusunu siyasi rəqibə çevirəndə Ermənistan uduzur. Münasibətlərə yenidən baxılması Moskvanın xatirinə deyil, öz təhlükəsizliyi üçün lazımdır”.
Nahid SALAYEV