Noyabrın 24-25-də Qətərin paytaxtı Doha şəhərində Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 4-cü iclası və bu çərçivədə Azərbaycan-Qətər Birgə Biznes Şurasının ilk iclası keçirilib.Tədbirlərdə iştirak etmək üçün Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti Qətər Dövlətinə səfər edib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib.
Noyabrın 24-də nazir Kəmaləddin Heydərov Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə görüşüb. Görüşdə Prezident İlham Əliyevin və Qətər Dövlətinin Əmiri zati-aliləri Şeyx Təmim bin Həməd Al Taninin müdrik, ardıcıl və uzaqgörən siyasəti nəticəsində iki ölkə arasında çoxşaxəli əlaqələrin daim genişləndiyi vurğulanıb, əməkdaşlığın bir çox istiqamətlər üzrə, o cümlədən iqtisadi-ticari müstəvidə inkişafı üçün geniş potensialın mövcud olduğu qeyd edilib, fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində nazir Kəmaləddin Heydərov Birgə Komissiyanın Qətər tərəfindən həmsədri, Qətər Dövlətinin Xarici Ticarət Məsələləri üzrə Dövlət naziri Əhməd bin Muhəmməd Al-Seyyid ilə görüşüb.
Görüşdə iki ölkə arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb, Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 4-cü iclasına hazırlıq çərçivəsində görülən işlər və Komissiya qarşısında duran məsələlər geniş müzakirə edilib.