EN

Polat Safi: Türkiyə–Azərbaycan münasibətləri Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəldi

Şuşa, 25 noyabr, Aydın Yavərzadə, AZƏRTAC

Bu forumun Qarabağ Zəfərinin simvolu olan Şuşada keçirilməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bildiyiniz kimi, Türkiyə–Azərbaycan münasibətləri Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəldi. Biz də bu çərçivədə Azərbaycanla enerjidən nəqliyyata, mədəni əməkdaşlığa qədər bir çox sahədə ikitərəfli münasibətlərimizi inkişaf etdirməkdəyik.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Şuşada keçirilən forumda Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin (SAM) sədri Polat Safi jurnalistlərə müsahibəsində söyləyib.

"Azərbaycandakı düşüncə qurumları ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi vasitəsilə dövlətlər səviyyəsində mövcud olan strateji müttəfiqliyi düşüncə mərkəzləri arasında institusional əməkdaşlığa çevirmək barədə qarşılıqlı razılığa gəldik. Ötən il Ankarada Strateji Araşdırmalar Mərkəzinin ev sahibliyi ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə birlikdə regional proseslər fonunda Azərbaycan–Türkiyə münasibətlərini müzakirə etdiyimiz daha kiçikmiqyaslı tədbir təşkil etmişdik. Bu il isə təşəbbüsü daha geniş, daha sanballı formata gətirməyə qərar verdik. Bundan sonra da əlaqələrimizi daha da dərinləşdirərək inkişaf etdirməyə davam edəcəyik. Forum çərçivəsində regional prosesləri müzakirə edəcəyik: həm Yaxın Şərq, həm Orta Asiya, həm Cənubi Asiya, həm də təbii ki, Türkiyənin təbliğ etdiyi Türk Dövlətləri Təşkilatı kontekstində mühüm fikir mübadiləsi aparılacaq. Növbəti mərhələdə Türkiyədən Azərbaycana və Azərbaycandan ölkəmizə gələcək düşüncə qurumları ilə əməkdaşlığı daha da inkişaf etdirməyi planlaşdırırıq”.

Noyabrın 24-də Şuşa şəhərində Azərbaycan–Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumu keçirilib. Forumda iki ölkənin aparıcı analitik qurumlarının rəhbərləri, ekspertlər və elm adamları iştirak ediblər.

Chosen
79
2
azertag.az

3Sources