EN

Polkovnik: Gələcəkdə QHT-lər türk dövlətləri və xalqlarının əldə etdiyi uğurlara ciddi töhfələr verəcək

Bakı, 24 noyabr, AZƏRTAC

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu Türk dünyasında möhtəşəm bir başlanğıcdır.

AZƏRTAC xəbər verir ki, bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Forumun iştirakçısı olan polkovnik qeyd edib ki, Bakıda keçirilən tədbir Türk dünyası üçün yeni bir ənənənin əsasını qoydu: “Bakıda TDT-yə üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun keçirilməsi hər mənada mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin forum iştirakçılarına ünvanladığı məktub tədbirin əhəmiyyətindən xəbər verir.

Hər şeydən əvvəl, onu qeyd etmək lazımdır ki, forum türk dövlətləri arasında olduqca faydalı bir ənənənin başlanğıcını qoydu. Azərbaycanın səyi və təşkilatçılığı ilə ilk dəfə bir araya gələn türk dövlətlərinin QHT nümayəndələri birgə müzakirələr keçirdilər, əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atdılar. Bakıda keçirilən həmrəylik forumu bütün iştirakçı QHT-lər üçün mühüm təcrübə oldu. Çox böyük ehtimalla bundan sonra biz Türk dünyası daxilində QHT-lərin bu cür toplantılarına daha tez-tez rast gələcək, həmin forumların türk xalqları arasındakı münasibətlərin inkişafına böyük töhfə verdiyinə şahidlik edəcəyik”.

O, Prezident İlham Əliyevin forum iştirakçılarına ünvanlandığı məktubda bir sıra məqamları diqqətə çatdıraraq deyib: “Məktubda həmrəylik forumunun əhəmiyyətinə toxunmaqla yanaşı, türk xalqlarının ortaq dil və mədəniyyətə malik olduğunu önə çəkilir, türk dünyası daxilində əlaqələrin daha da inkişaf etdirlməsinin vacibliyi vurğulanır. Həmçinin məktubda bildirilir ki, Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ikitərəfli və çoxtərəfli əsasda QHT-lər üçün tarix, mədəniyyət, ekologiya, iqlim siyasəti və digər sahələrdə ortaq qrant müsabiqələri elan etməyə, qarşılıqlı kommunikasiyanı gücləndirən layihələri dəstəkləməyə hazırdır”.

Polkovnik bildirib ki, bu yanaşma forum iştirakçıları, habelə Türk dünyasında fəlaiyyət göstərən bütün QHT-lərin qarşısına mühüm vəzifələr qoyur: “TDT-yə üzv olan dövlətlər Bakıda keçirilən forumun mahiyyətinə uyğun olaraq əməkdaşlıq əlaqələrini gücləndirərək mahiyyət etibarilə bütün Türk dünyasının inkişafına, onun dünyadakı mövqeyinin daha da güclənməsinə xidmət etməlidir. Ümid edirəm ki, yaxın gələcəkdə QHT-lər türk dövlətləri və xalqlarının əldə etdiyi uğurlara ciddi töhfələr verəcək, Türk dünyasının maraqlarını daha geniş coğrafiyada müdafiə etməyə nail olacaq”.

Chosen
35
3
azertag.az

5Sources