Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında 3 nəfərin ölümü ilə əlaqədar “Loft Dent” klinikasının direktoru Paşayev Bəhruz Sahib oğlu şübhəli şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, klinika həmin binanın zirzəmisində yerləşir.
Bəhruz Paşayev həmin binanın zirzəmi qatında və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini müqavilə əsasında icarəyə götürüb.
Fakt Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya təsdiq edilib.
Qeyd edək ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Yanğın nəticəsində 1984-cü il təvəllüdlü Samir Kamal oğlu Məhəmmədov, 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qəmbərli və 1977-ci il təvəllüdlü Könül Vəlibəy qızı Hümbətova dünyasını dəyişib.