EN

Tramp vaxt verdi, Putin hədələdi: Ya imzala, ya da məğlub ol

BAKI, 22 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenskidən “sülh planı” ilə gələn həftənin cümə axşamına qədər razılaşmasını, əks halda, məğlubiyyətlə üzləşməsini tələb ediblər.

Teleqraf xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Donald Tramp bu müddəti “uyğun” hesab edir və tələb yerinə yetirilməsə, Ukraynanı ABŞ yardımından məhrum etməklə hədələyib.

Vladimir Putin də bəyan edib ki, Ukrayna və avropalı müttəfiqləri hələ də döyüş meydanında Rusiyanı məğlub etmək xəyalı ilə yaşayırlar. Rusiya lider planın qəbul edilməyəcəyi halda, Rusiya ordusunun yeni əraziləri ələ keçirəcəyini bildirib.

NATO-nun sabiq baş katibi Anders foq Rasmussen deyib ki, Böyük Britaniya və Avropa “sülh planı” üzrə danışıqlarda iştirak etməsə, bu, Ukraynanın kapitulyasiyasına gətirib çıxaracaq: “Vaşinqton və Moskva Avropanın gələcək təhlükəsizliyi barədə danışıqlar aparır, Avropa isə bundan kənarda qalıb”.

Qəzetin yazdığına görə, “sülh planı” elan ediləndə NATO-nun 32 ölkəsinin səfirləri Finlandiyanın Laplandiya bölgəsində saunada idilər, Kemi çayının buz kimi soyuq sularına girirdilər.

Qərb rəsmilərindən biri nəşrə söyləyib ki, Avropa ölkələri ABŞ prezidentinin “sülh planı”nın məzmunu barədə məlumatlandırılmayıb və hər şeyi KİV-dən öyrəniblər. Avropada ABŞ və Rusiya arasında hazırlanan “sülh planı”nı bəyənən bircə siyasətçi belə yoxdur. Hamı hesab edir ki, Ukraynanın taleyini onun iştirakı olmadan həll etmək doğru deyil. Hətta Trampın dostu, Britaniyanın “İslahatlar” partiyasının sədri Naycel Farac belə “sülh planı”nı qəbuledilməz adlandırıb:

“Ukraynadan ordusunun sayını iki dəfə azaltmasını tələb etməyin qəbul edilə biləcəyini düşünmürəm. Zelenski hökumətindən cavab təklifi gözləyirəm”.

Chosen
27
10
teleqraf.com

10Sources