EN

V Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi işə başlayıb

Yazını böyüt
Yazını kiçilt

Bakıda Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyinin (AHMİB) təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə və İctimai Birliyin 6 illiyinə həsr olunmuş V Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi işə başlayıb.

Hafta.az xəbər verir ki, iki gün davam edəcək konqresin keçirilməsində əsas məqsəd hematologiya və yanaşı ixtisaslar üzrə əldə olunan yeni nailiyyətləri müzakirə etmək, əsasən də gənc nəsil həkimlərin inkişafına, elmi-praktik biliklərinin artırılmasına töhfə verməkdir.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyinin sədri Valeh Hüseynov ölkəmizdə keçirilən beynəlxalq konfransların ənənə halına çevrildiyinə diqqət çəkib:

“Qan xəstəliklərinin ən müasir diaqnostikası və müalicəsi üsullarının müzakirə edilməsi baxımından bu kimi konqreslərin keçirilməsi vacibdir. Hazırda keçirilən V Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresində 51 mütəxəssis məruzələrlə çıxış edəcək. Onlardan 18 nəfəri xarici mütəxəssisdir. Konqresdə müzakirə olunacaq mövzular gənc mütəxəssislərin yetişməsində, fikir mübadiləsinin genişlənməsində böyük rol oynayacaq”.

Konqresdə Milli Məclisin deputatı Günay Əfəndiyeva, TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli, Türk Hematologiya Dərnəyinin başkanı Özgür Mehtap, Türk Pediatrik Hematologiya Dərnəyinin başkanı Ayşegül Ünüvar, İtaliya Onkolofiya və Hematologiya Dərnəyinin başkanı Claudio Cerchione də çıxış ediblər.

Sonda AHMİB-in sədri Valeh Hüseynov hər üç dərnəyin sədrinə plaket təqdim edib.

Daha sonra Türkiyə Hematologiya Dərnəyinin sədri Muhlis Cem Ar tibbi təhsilin artırılmasının, davamlı müzakirələrin hər iki ölkənin hematologiya mütəxəssisləri üçün vacib olduğunu deyib və konqresin işinə uğurlar arzulayıb.

Konqresdə “Gənc yaş qrupunda Trombozlara yanaşma”, “Hoçkin Limfomasını necə müalicə edək?”, “Hamiləlik zamanı görülən hematoloji dəyişikliklər”, “Pediatrik qrupda CAR-T hüceyrə müalicəsi”, “Yeni diaqnoz Multipl Mielom müalicə planı, risk qruplarının önəmi” və digər mövzular müzakirə edilib.

Qeyd edək ki, AHMİB ölkəmizin hematologiya mütəxəssislərini öz sıralarında birləşdirən elmi cəmiyyət kimi 2018-ci ildə fəaliyyətə başlayıb, həmin ildən Azərbaycanın bütün regionlarında simpoziumlar təşkil edir, həmçinin elmi toplantılar keçirir.

Chosen
20
hafta.az

1Sources