EN

Kamran Əsədov mövqeyini dəyişib? – “Bəzi insanlar tənqidlərimdən öz məqsədləri üçün istifadə edirdilər”

Tanınmış təhsil eksperti Kamran Əsədovun Yeni Azərbaycan Partiyası (YAP) ilə bağlı paylaşımı tənqid edilib. Ekspertin tərif dolu sözlərini müzakirə edənlər onun əvvəllər daha tənqidi mövqe sərgilədiyini, son zamanlar ölkənin təhsil sahəsinə dair fikirlərinin də dəyişdiyini deyirlər.

 

Bununla bağlı Pravda.az-a münasibətini bildirən Kamran Əsədov deyib ki, düşüncə xətti, siyasi baxışları və təhsilə yanaşma fəlsəfəsi formalaşdığı gündən bəri sabitdir.

 

“14–15 yaşlarımdan siyasətə, dövlətçilik məsələlərinə, xüsusilə də, Azərbaycan tarixinin inkişaf dinamikasına böyük maraq göstərmişəm. 2003-cü ildə – cəmi 18 yaşım olanda könüllü şəkildə Yeni Azərbaycan Partiyasına üzv olmuşam. Bu heç bir kənar təzyiq və ya təsir olmadan, sırf şəxsi dünyagörüşümə əsaslanmış qərarım idi. Ulu Öndər Heydər Əliyevin dövlətçilik xəttini, onun modern dövlət quruculuğu, təhlükəsizlik, milli maraqlar və idarəçilik fəlsəfəsini elmi və tarixi araşdırmalar əsasında qəbul etmişəm. Tarixə olan marağım təsadüfi deyildi – məktəb illərindən tarix olimpiadalarının qalibi idim. Ardınca bakalavr, magistratura və doktorantura pillələrində tarixi daha dərindən öyrəndim. Doktorantura mərhələsində dissertasiya işim Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1960–1980-ci illərdə mədəniyyətin inkişafı mövzusuna həsr olunmuşdu. Yəni siyasi baxışlarım və dövlətçilik fəlsəfəsinə münasibətim emosional deyil, elmi araşdırmaya, faktlara, tarixi proseslərin təhlilinə söykənir. Sonradan ADA Universitetində təhsilin idarə olunması üzrə ikinci təhsil almağım, daha sonra orta məktəblər üçün tarix dərsliklərinin müəllifi kimi fəaliyyət göstərməyim yanaşmamı daha da peşəkarlaşdırdı. Emosional çıxışlardan çox, fakta, təhlilə, qanunvericiliyə və dünya təcrübəsinə əsaslanan mövqelərə üstünlük verməyə başladım. Tənqid edəndə də bunu elmi arqumentlərlə etmişəm, indi də nəyisə dəstəkləyirəmsə, həmin arqumentlərlə edirəm. Sadəcə olaraq bir fərq var: əvvəllər bəzi insanlar mənim tənqidlərimdən öz məqsədləri üçün istifadə edirdilər. O zaman “peşəkar ekspert” idim, indi isə mənim mövqeyim onların şəxsi narazılıqlarına uyğun gəlməyəndə həmin insanlar “dəyişib” deyirlər. Maraqlıdır, o şəxslər mənim onların xoşuna gələn tənqidi fikirlərimi niyə öz profillərində paylaşmırdılar? Niyə dəstək vermirdilər? Niyə o vaxt “Kamran müəllim haqlıdır” demirdilər? Niyə? Çünki onlar tənqid ediləni deyil, öz maraqlarını düşünürdülər. Təkrar edirəm, bu gün mənim mövqeyim dəyişməyib, sadəcə, yanaşmam daha peşəkarlaşıb. Heç vaxt emosiyalara görə fikir bildirməmişəm, bu gün isə daha sistemli, analitik və idarəetmə təcrübəsinə əsaslanan arqumentlərlə danışmağa üstünlük verirəm. Mənim üçün əsas olan şəxsi simpatiyalar deyil, dövlətin inkişafı, təhsilin güclənməsi, ölkənin gələcəyi və real faktlara əsaslanan yanaşmadır. Bu gün də müsbət işi müsbət, neqativ işi neqativ adlandırıram. Amma bunu məsuliyyətlə, isterikasız, populizm olmadan edirəm. Yəni mən dəyişməmişəm, dəyişən cəmiyyətin emosional gözləntiləridir. Bu sualın verilməsi və müzakirələrin aparılması normaldır. Bu, sağlam ictimai mühitin göstəricisidir. Mən isə hər zaman açıq olmuşam və açıq qalacağam”, - ekspert bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 20 Noyabr 2025, 13:14   
Chosen
81
50
pravda.az

10Sources