EN

“İranı SSRİ-nin aqibəti gözləyir...” - şok proqnoz 

“Məncə, İran hakimiyyətində rejimin süquta doğru getdiyini anlayan insanlar var”. Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı Norman Roul deyib (Teleqraf.com).

“Onlar istisna etmirlər ki, İran rejimi də Sovet İttifaqı kimi son günlərini yaşayır. Həmçinin düşünürlər ki, hazırkı lider (Əli Xamneyi) öldükdən sonra rejim onunla birlikdə məzara girməməlidir”, - o bildirib.

Roulun fikrincə, İranda 1980-ci illərin sonundakı SSRİ-yə bənzər bir durum yaranıb: “Kim 1988-ci ildə böyük sovet inqilabının gələcəyinə inanırdı? Bu rejim də daxildən çürüyür. Bu çürümə qaçılmazdır”.

Bununla belə, o, xarici güclərin İranda əsaslı dəyişiklik yarada biləcəyinə şübhə edir: “Hesab etmirəm ki, hansısa xarici ölkə bütün bu sistemi dəyişdirə bilər. Amma ABŞ kimi bir ölkə İran xalqına öz gələcəkləri naminə bu sistemi içəridən dəyişmək üçün lazımi bütün dəstəyi verməlidir”.

İran nə dərəcədə inqilaba “hamilədir”?

Elçin

 Elçin Mirzəbəyli 

Deputat Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı Norman Roulun açıqlaması təsadüfi deyil: “Roul uzun illər Vaşinqtonun İran üzrə strateji xətti ilə işləyib və Tehran hakimiyyətinin daxili mexanizmlərini yaxından tanıyan ekspert kimi tanınır. Lakin belə proqnozların analitik dəyəri yalnız siyasi emosiyalar əsasında deyil, real tarixi, sosial və geosiyasi kontekstlər çərçivəsində qiymətləndirildiyi zaman ortaya çıxır. Məsələ ondadır ki, İranın SSRİ-nin son illərinə bənzər bir mərhələyə daxil olub-olmadığı bölgənin gələcəyi baxımından son dərəcə önəmli sualdır.

Roulun İranı SSRİ ilə müqayisə etməsi müəyyən mənada əsaslı görünür. SSRİ süquta yaxın dönəmdə daxili modernləşmə qabiliyyətini itirmiş, sistem köhnəlmiş, elitalar arasında parçalanma artmış, gənc nəsildə ideologiyaya inamsızlıq dərinləşmişdi. İranda da bu gün bənzər proseslər müşahidə edilir. Sistem ideoloji və institusional çeviklikdən uzaqdır, hakimiyyət əsasən güc strukturlarına söykənir, gənc nəsil dini ideologiya ilə dövlət idarəçiliyinin birləşdirilməsinə inanmır. İqtisadiyyat uzun illərdir sanksiyaların, struktur problemlərin və korrupsiyanın təsiri ilə dalana dirənib. Rialın dəyər itirməsi, infilyasiyanın nəzarətdən çıxması, işsizlik və miqrasiya göstəricilərinin yüksəlməsi cəmiyyətin sosial dayaqlarını zəiflədir".

Deputatın sözlərinə görə, SSRİ analoqunun daha bir oxşar tərəfi elitalar daxilində parçalanma ilə bağlıdır: “Xamneyinin yaşı, səhhəti və varislik məsələsinin qeyri-müəyyənliyi İran siyasi sistemini getdikcə daha gərgin situasiyaya aparır. Müxtəlif siyasi və ideoloji qrupların mümkün varislər ətrafında toplaşması, SEPAH kimi güc strukturlarının öz maraqlarını qorumaq üçün aktivləşməsi sistemin daxili balansını pozan amillərdir. Bu fonda Roulun "rejim daxildən çürüyür" fikri real proseslərin təsviridir.

Bununla belə, SSRİ ilə İran arasındakı fərqlər də ciddi şəkildə nəzərə alınmalıdır. SSRİ çoxmillətli federativ quruluş idi və respublikaların ayrılma potensialı çox güclü idi. İran isə etnik müxtəlifliyə malik olsa da, federativ dövlət deyil və siyasi muxtariyyət institutları mövcud deyil. SSRİ süqut edərkən xarici təsir rıçaqlarını faktiki olaraq itirmişdi, İran isə regionda geniş nüfuz şəbəkəsinə malikdir. Bu şəbəkə həm onun təhlükəsizlik arxitekturasının bir hissəsi, həm də sistemin davamlılığı üçün strateji alətdir. Xarici təzyiqlər SSRİ-ni zəiflədirdi, amma İranda bəzən əksinə, “milli müqavimət” refleksini gücləndirir".

E.Mirzəbəyli hesab edir ki, Roul sistemin çöküş potensialını vurğulasa da, xarici müdaxilənin İran kimi ölkədə əsaslı dəyişiklik yarada bilməyəcəyini etiraf edir. Deputat üç mümkün ssenari barədə də danışdı: “Belə məqamlarda əsas sual ortaya çıxır: İran inqilaba "hamilədir", yoxsa sistem özünü yeniləmək gücünə malikdir? Mövcud prosesləri nəzərə alaraq üç mümkün ssenari formalaşır. Birinci ssenari tədrici islahatlarla keçid variantıdır. Xamneyidən sonra daha praqmatik fiqurun hakimiyyətə gəlməsi və SEPAH-ın öz iqtisadi maraqlarına uyğun olaraq nisbətən liberallaşmaya razılaşması mümkündür. Bu, ən real və nisbətən təhlükəsiz yoldur. İkinci ssenari kəskin sosial-siyasi sarsıntılar, elitada parçalanma, kütləvi etirazların sinxron şəkildə güclənməsi və nəticədə sistemin çökməsi versiyasıdır. Hazırda bu ssenarinin şərtləri tam yetişməsə də, imkan tamamilə istisna deyil. Üçüncü ssenari isə repressiv avtoritarizmin daha da sərtləşməsi, siyasi məkanın tam bağlanması və İranın qapalı, daha aqressiv regional xəttə keçməsidir.

Bu ssenarilər içində ən böyük ehtimal islahatlarla sabitləşdirmə modelinə verilir. İranın dərin ideoloji, hərbi və institusional strukturu onun SSRİ kimi sürətli dağılmasını çətinləşdirir. Lakin bu, sistemin böhrandan uzaq olduğu anlamına gəlmir. Nəticə etibarilə, İran həqiqətən inqilabi proseslərə doğru gedir, amma bu “hamiləlik” müxtəlif nəticələr verə bilər - transformasiya, kəskin çöküş və ya sərtləşmiş avtoritarizm. Prosesin hansı istiqamət alacağı daxili sosial dinamikanın, elita içi qarşıdurmaların, varislik məsələsinin və regional geosiyasi mühitin necə formalaşacağından asılı olacaq".

Mütəllim

Mütəllim Rəhimli

Ədalət Partiyasının sədri Mütəllim Rəhimlinin fikirləri bir qədər fərqlidir. O hesab edir ki, Suriya, İraq kimi terror yuvasına çevrilməkdənsə, bizim üçün indiki bütöv İranın qalması daha məqsədəuyğundur: “Birləşmiş Ştatların bu dövlətlə bağlı gələcək düşüncələri bizim üçün qaranlıqdır. Ancaq ən azı iki səbəbə görə İranla bağlı bütün planlar bizlər üçün maraq kəsb edir. Birincisi, bu ölkə qonşumuzdur. İkincisi, orada 40 milyon yaxın soydaşımız yaşayır. İran ideoloji dövlətdir. Onun vətəndaşlarını xarici müdaxilələrə qarşı dini təəssübkeşlik və dini dəyərlərin müdafiəsi uğrunda birləşmək əzmi güclüdür. Kənar müdaxilələr İran rejimini daha da gücləndirir. Ona görə də əgər İraq və Suriya kimi ölkələrə kənar müdaxilələr daxili parçalanma yaradaraq hakimiyyət dəyişikliyinə gətirib çıxarıbsa, İrana olan hücumlar belə effekt  vermir”. 

Onun dediyinə görə, ABŞ rəsmiləri indi İran rejiminin gücünü adekvat qiymətləndirə bilir: “Ona görə də daxili münasibətiləri pozmaq və gərginlik yaratmaq istiqamətində fəaliyyətə üstünlük verməyə başlayıb. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı da açıqlamasında bunu ifadə edib. Görünür, Sovetlər İttifaqı üzərində sınaqdan keçirilmiş təcrübə indi İrana tətbiq ediləcək. Bunun ciddi nəticələr verəcəyi inandırıcıdır. 

İranla bağlı onu da nəzərə almaq lazımdır ki, ali dini lider Xamneyi artıq qocalıb. Onu əvəz edəcək və ölkənin indiki təzyiq altında birliyini qoruyacaq şəxs isə yoxdur".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Chosen
6
musavat.com

1Sources