EN

Uşaq hüquqlarının səmərəli müdafiəsində Ombudsmanın rolu

Uşaqların sağlam, təhlükəsiz, qayğı ilə əhatə olunan mühitdə böyüməsi cəmiyyətin dayanıqlı inkişafının əsas şərtlərindəndir. Uşaq hüquqlarının qorunması dövlətin insan hüquq və azadlıqlarının təmininə verdiyi dəyərin göstəricisi olmaqla, ölkənin tərəqqisini, gələcək inkişaf potensialını müəyyən edən strateji istiqamətdir. 

Birləşmiş Millətlər Təşkilatının (BMT) "Uşaq hüquqları haqqında" Konvensiyası uşaq hüquqlarının qorunması, uşaqların müdafiəsi, rifahı və inkişafı sahəsində beynəlxalq səviyyədə qəbul edilmiş əsas sənədlərdən biridir. Bu konvensiya uşağın fiziki, psixoloji, mənəvi baxımdan hərtərəfli inkişafını təmin etməyə yönəlmiş universal prinsipləri özündə ehtiva edir. Konvensiya dövlətlər üçün uşaq hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və idarəetmə mexanizmlərinin formalaşdırılması baxımından mühüm istiqamətverici sənəd rolunu oynayır. Konvensiyanın müddəaları uşaqların hüquqlarının hərtərəfli təmininə yönəlmiş yeni normativ-hüquqi aktların hazırlanması, mövcud qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması və institusional mexanizmlərin gücləndirilməsi baxımından baza rolunu oynayır. 

Uşaq hüquqlarının təmini, müdafiəsi və inkişafı Azərbaycan dövlətinin prioritet vəzifələri sırasındadır və bu istiqamətda davamlı olaraq kompleks tədbirlər həyata keçirilməkdədir.

Azərbaycan Respublikası BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasının fəal iştirakçısı olmaqla, bu sənəddə təsbit olunmuş müddəaların implementasiyası istiqamətində müvafiq islahatlar həyata keçirmiş, uşaqların müdafiəsinə dair milli qanunvericilik təkmilləşdirilmiş və müvafiq hüquq-müdafiə mexanizmləri yaradılmışdır.

Konvensiyanın tələbləri əsasında qəbul edilən "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunu və bu sahədə qəbul olunmuş digər normativ-hüquqi aktlar uşaqların hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi, təhsil, səhiyyə və digər xidmət sahələrinə bərabər çıxışının təmin olunması üçün hüquqi baza yaratmışdır.

Prezident cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə respublikamızda uşaq hüquqlarının təmini sahəsində müntəzəm olaraq genişmiqyaslı islahatlar aparılır, mühüm nailiyyətlər əldə edilir.

Ölkəmizdə uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən dövlət siyasəti çoxşaxəli xarakter daşıyır və bu sahədə müxtəlif sosial proqramlar əsasında sistemli şəkildə tədbirlər icra olunur. Uşaqların bərabər imkanlarla keyfiyyətli təhsilə çıxışı sahəsində ardıcıl tədbirlər həyata keçirilir, bu istiqamətdə məktəbəqədər və ümumi təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilir, yeni təhsil müəssisələri inşa edilir, tədris mühitinin keyfiyyətinin davamlı olaraq yüksəldilməsi və təhsilin müasir tələblərə uyğunlaşdırılması məqsədilə mühüm addımlar atılır. Təhsildən yayınma, erkən evlilik və uşaq əməyinin istismarı kimi mənfi halların aradan qaldırılması məqsədilə müvafiq qurumların iştirakı ilə genişmiqyaslı maarifləndirmə və nəzarət tədbirləri həyata keçirilir. 

Ana və uşaq sağlamlığının mühafizəsinə dair qəbul edilən dövlət proqramları və görülən tədbirlər nəticəsində səhiyyə sahəsində xidmətlərin keyfiyyəti yüksəldilmiş, uşaqlar üçün ixtisaslaşmış tibb müəssisələrinin fəaliyyəti, doğuşayardım və perinatal xidmətlər təkmilləşdirilmiş, profilaktik tədbirlərin əhatə dairəsi genişləndirilmişdir. 

Əlilliyi olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, reabilitasiya imkanlarının genişləndirilməsi və inklüziv təhsilə bərabər çıxışının təmin olunması məqsədilə mühüm institusional və hüquqi islahatlar aparılır. Bakı şəhəri və regionlarda bir sıra məktəblərdə inklüziv siniflərin əhatə dairəsi daha da genişləndirilir. 

Sosial müdafiə sahəsində aztəminatlı və risk qrupuna daxil olan uşaqların rifahının yüksəldilməsi, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların ailə əsaslı qayğı sisteminə inteqrasiyası üçün tədbirlər daha da gücləndirilir. 

Mədəniyyət və idman sahələrində uşaqların yaradıcılıq potensialının inkişafı üçün geniş imkanlar yaradılmış, uşaq-gənclər inkişaf mərkəzləri, musiqi məktəbləri və idman komplekslərinin fəaliyyəti genişləndirilmişdir. 

Bütün uşaqların bərabər hüquqlara malik olduğu ölkəmizdə baxımsız, sosial təhlükəli vəziyyətdə olan uşaqlara göstərilən xidmətlərin kəmiyyət və keyfiyyətinin artırılması istiqamətində zəruri tədbirlər davam etdirilir. 

Qeyd olunmalıdır ki, uşaqlara qarşı zorakılıq və istismar hallarının qarşısının alınması istiqamətində maarifləndirmə işləri daha da genişləndirilmiş, hüquqi mexanizmlər təkmilləşdirilmişdir.

Həyata keçirilən bütün tədbirlər uşaqların rifahının yüksəldilməsi, onların sağlam və təhlükəsiz mühitdə böyüməsi, keyfiyyətli təhsil və sosial xidmətlərdən bərabər şəkildə yararlanması, həmçinin cəmiyyətdə fəal və layiqli vətəndaş kimi formalaşması məqsədlərinə yönəlmişdir. 

Uşaqların hüquqlarının müdafiəsi və təşviqi sahəsində müstəqil milli insan hüquqları institutu olaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) rolu xüsusi əhəmiyyət kəsb edir. Ombudsman uşaqlarla bağlı daxil olan, eləcə də media subyektlərində və ya sosial şəbəkələrdə yayımlanan hüquq pozuntularının operativ qaydada araşdırılması və bərpasında, maarifləndirmə fəaliyyətinin həyata keçirilməsində, insan hüquqları pozuntularının qarşısının alınmasında, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi prosesinə töhfə verilməsində mühüm rol oynayır. 

Ombudsmanın ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzələrində müxtəlif əhali qrupları ilə yanaşı, uşaqların hüquqlarının müdafiəsinə dair çoxsaylı mühüm təkliflər və tövsiyələr irəli sürülmüşdür. 

Müvəkkil, həmçinin təsisatda fəaliyyət göstərən Milli Preventiv Qrup və "Uşaq hüquqları haqqında" Konvensiyanın həyata keçirilməsi üzrə Monitorinq qrupu tərəfindən uşaq hüquqlarının təmini vəziyyətinin öyrənilməsi məqsədilə mütəmadi olaraq təhsil, səhiyyə, sosial xidmət müəssisələrinə, yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsinə və uşaqların olduğu digər müəssisələrə başçəkmələr həyata keçirilir. Monitorinqlərin nəticələri əsasında aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər ünvanlanır, aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə müvafiq tövsiyələr verilir. Təkrar başçəkmələr zamanı əvvəlki tövsiyələrin icra vəziyyəti yoxlanılır, müsbət dəyişikliklər qeyd olunur, əlavə tədbirlərin görülməsi zərurəti barədə təkliflər irəli sürülür.

Ombudsman tərəfindən uşaqlarla bağlı maarifləndirmə işinə və təşviqat kampaniyalarının həyata keçirilməsinə xüsusi önəm verilir. Cari ildə ombudsmanın təşəbbüsü ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar uşaqların hüquq və azadlıqları barədə ictimai məlumatlılığın artırılması, onların cəmiyyətdə layiqli və fəal iştirakına töhfə verilməsi məqsədilə sosial maarifləndirici videoçarx hazırlanmışdır. Həmin videoçarxda uşaqların iştirakının təmin edilməsində Azərbaycan Gimnastika Federasiyası, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, "Neftçi" Peşəkar Futbol Klubu, Avropa Azərbaycan Məktəbi və "Birgə və Sağlam" İctimai Birliyi ilə əməkdaşlıq edilmişdir.

Videoçarxda uşaqlara qarşı ayrı-seçkiliyin yolverilməzliyi, uşaqların mənafelərinin üstünlüyü, onların sağlam, təhlükəsiz, qayğı ilə əhatə olunan mühitdə yaşamaq və inkişaf etmək hüququnun təmini, həmçinin uşaqların fikirlərinə hörmətlə yanaşılması kimi mühüm prinsiplərin və bu istiqamətdə birgə fəaliyyətin vacibliyi əks olunmuşdur.

Ombudsman Aparatı tərəfindən müxtəlif kateqoriyadan olan uşaqların hüquqlarının müdafiəsi, onların iştirakçılığının təşviqi və cəmiyyətə inteqrasiyasına yönəlmiş tədbirlərin həyata keçirilməsi daim diqqətdə saxlanılır.

Bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq, cari ildə təsisat tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və "Səssiz Ünsiyyət" Æest Dilinin İnkişafına Dəstək İctimai Birliyi ilə əməkdaşlıqda Bakı şəhəri 2 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbinin bir qrup şagirdinin Bakı Zooloji Parkına ekskursiyası təşkil olunmuşdur. Bu kimi təşəbbüslər uşaqların asudə vaxtlarının səmərəli təşkilinə, onların cəmiyyətə inteqrasiyasına və inklüzivliyin təşviqinə imkan yaradır. 

BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasının qəbul olunmasının ildönümü ərəfəsində ombudsman tərəfindən hər il 20 oktyabr - 20 noyabr tarixləri ölkədə ənənəvi olaraq "Uşaq Hüquqları Aylığı" elan olunur. Bu təşəbbüsün əsas məqsədi uşaq hüquqlarının müdafiəsi sahəsində əhalinin məlumatlılığının artırılması, aidiyyəti qurumları səfərbər etməklə cəmiyyətin diqqətinin uşaqların müdafiəsinə cəlb edilməsindən və bu sahədə ictimai fəallığın təşviqindən ibarətdir.

Aylıq çərçivəsində uşaq hüquqlarının təşviqinə və müdafiəsinə yönəlmiş çoxsaylı tədbirlər həyata keçirilir. Hər il dövlət və yerli özünüidarəetmə orqanları, vətəndaş cəmiyyəti institutları, həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatları və digər müvafiq qurumlar ombudsmanın bu təşəbbüsünə qoşularaq uşaqların hüquqlarının təmininə dair həyata keçirilən fəaliyyətə öz töhfələrini verirlər. Sevindirici haldır ki, ildən-ilə uşaq hüquqlarının müdafiəsi və təbliği istiqamətində fəaliyyət göstərən tərəfdaşların sayı artır, müxtəlif sahələrdən olan qurumlar və təşkilatlar bu prosesə daha fəal şəkildə qoşulurlar. 

Bu baxımdan, müsbət nümunələrdən biri kimi, aylıq çərçivəsində "Neftçi" Peşəkar Futbol Klubunun (PFK) Ombudsman Aparatı və "Ümid Yeri" Uşaq Sığınacağı ilə birgə əməkdaşlıqda uşaqların hüquqlarının təmininə öz töhfəsini verməsini qeyd etmək olar. Belə ki, 2025-ci il 1 noyabr tarixində keçirilən "Neftçi" PFK - "Kəpəz" oyunu zamanı futbolçular uşaqlar tərəfindən nömrələri rənglənmiş və əl işlərinin təsvir olunduğu xüsusi formalarla meydana çıxmış, oyun zamanı "Neftçi" PFK və uşaqların iştirakı ilə "Hər bir uşağın xoşbəxt gələcəyi naminə həmrəy olaq!" şüarını əks etdirən plakatla cəmiyyətin diqqəti uşaq hüquqlarının qorunmasının əhəmiyyətinə yönəldilərək çağırış edilmişdir.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində və antiterror əməliyyatında əldə etdiyimiz qələbə nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsi işğaldan azad olunmuş ərazilərimizdə də uşaqların hüquqlarının təmininə imkan yaratmışdır ki, bu istiqamətdə də genişmiqyaslı tədbirlərin icrası davam etdirilir.

"Uşaq Hüquqları Aylığı" çərçivəsində Ombudsman Aparatının əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə yerləşən təhsil müəssisələrində maarifləndirici görüşlər bu il də davam etdirilmişdir. Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbi, Xocalı rayonu Ballıca kənd tam orta məktəbi, Xocalı rayonu 1 nömrəli tam orta məktəbi, Ağdam rayonu Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbi və Ağdam rayonu Kəngərli tam orta məktəbində uşaqların və pedaqoji heyətin iştirakı ilə keçirilən tədbirlərdən ümumilikdə 450 nəfərdən artıq şagird, 60 nəfərdən artıq pedaqoji heyət müəyyən bilgilərlə faydalanmışdır. 

Bununla yanaşı, Xankəndi şəhəri 1 nömrəli körpələr evi-uşaq bağçasında yaradılmış şərait, ümumilikdə uşaq hüquqlarının təmini vəziyyəti öyrənilmiş, müəssisənin işçi heyəti ilə hüquqi maarifləndirici söhbətlər aparılmışdır.

Son dövrlərdə təsisatda uşaq hüquqları üzrə ixtisaslaşmış struktur bölmənin yaradılması, "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununa edilmiş dəyişikliklər nəticəsində uşaq hüquqlarının müdafiəsi sahəsində müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi ilə bağlı ombudsmana verilən səlahiyyətlər, "Uşaq hüquqları haqqında" Konvensiyanın həyata keçirilməsi üzrə Monitorinq qrupunun yaradılması bu istiqamətdə fəaliyyətin təşkili baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd olunan islahatlar nəzərə alınaraq, Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin (ENOC) 29-cu Baş Assambleyasında Azərbaycanın Ombudsman təsisatı assosiativ üzvlükdən tam üzvlüyə qəbul edilmişdir. Bununla da Ombudsman təsisatının ENOC-un Nizamnaməsində nəzərdə tutulmuş meyarlara uyğunluğu təsdiqlənmişdir. 

Ombudsman xüsusi qayğıya ehtiyacı olan uşaqların hüquqlarının müdafiəsi, onların cəmiyyətə inteqrasiyasına dəstək verilməsinin vacibliyini daim önə çəkərək həmin uşaqlarla mütəmadi görüşlər keçirir, onların hüquqlarının təmini vəziyyətini daim diqqətdə saxlayır. Cari ildə ombudsman tərəfindən müstəqil monitorinq mexanizmi fəaliyyəti çərçivəsində uşaqların hüquqlarının təmin olunması vəziyyətinin araşdırılması məqsədilə Bakı şəhəri 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbinə başçəkmə həyata keçirilmişdir. Müəssisənin yataqxana, yeməkxana, tibb, sinif və digər inzibati otaqlarına baxış keçirilmiş, uşaqların təhsili, asudə vaxtının, qidalanmanın və sənədləşmənin təşkili vəziyyəti öyrənilmişdir. Müvəkkilin təşəbbüsü ilə təsisat tərəfindən görmə qabiliyyəti tam məhdud şəxslər üçün Brayl əlifbası ilə hazırlanmış "İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm" adlı xüsusi maarifləndirici vəsait və uşaq hüquqlarına dair nəşrlər müəssisəyə təqdim edilmişdir. Müvəkkil şagirdlərlə görüşərək uşaqların fikirlərini dinləmiş, onlara hüquq və vəzifələri, habelə ombudsmana müraciət formaları barədə geniş məlumat vermişdir. Monitorinqin yekunu olaraq ombudsman tərəfindən BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasının tələbləri də nəzərə alınmaqla uşaqların hüquqlarının daha səmərəli təmin edilməsi məqsədilə müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilmişdir.

Əldə olunan mühüm nailiyyətlərlə yanaşı, uşaq hüquqlarının səmərəli müdafiəsi istiqamətində diqqət yetirilməli məsələlər mövcuddur. Rəqəmsal texnologiyaların sürətlə inkişafı uşaqların hüquqlarının müdafiəsi sahəsində yeni çağırışlar formalaşdırır. İnternet mühitində rast gəlinən kibertəhlükələr, şəxsi məlumatların yayılması və ondan sui-istifadə olunması, sosial şəbəkələrdə kiberzorakılıq və digər istismar halları uşaqların inkişafına birbaşa təsir göstərir. Bu reallıq uşaq hüquqlarının qorunması üzrə həyata keçirilən fəaliyyətlərdə müasir yanaşmaların tətbiqinin təkmilləşdirilməsini zəruri edir. Məhz bu xüsusda dövlət qurumlarının, xüsusilə də təhsil müəssisələrinin, vətəndaş cəmiyyəti institutlarının, medianın, eləcə də cəmiyyətin birgə və koordinasiyalı fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması, informasiya savadlılığının artırılması istiqamətində kompleks və davamlı işlərin aparılması zəruridir.

Ailədaxili zorakılıq, valideyn məsuliyyətsizliyi və uşaqlara qarşı laqeyd münasibət halları uşaqların fiziki və psixi sağlamlığına mənfi təsir göstərir. Bu hallar həm də Azərbaycan Respublikasının Ailə Məcəlləsində, "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda, həmçinin BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasında təsbit olunmuş uşağın müdafiə və qayğı görmək hüququnun həyata keçirilməsinə maneə yaradır. Ailələrin dağılması, boşanma hallarının artması və sosial təcrid uşaqların emosional sabitliyinə, mənəvi inkişafına və təhlükəsizliyinə mənfi təsir göstərir. Bu baxımdan, valideynlər, ümumilikdə uşaqlarla təmasda olan şəxslər bütün hallarda uşaqların mənafelərinin üstünlüyü prinsipinə riayət etməli, onların fiziki və mənəvi inkişafı, təhlükəsizliyi və rifahı naminə vəzifələrini tam şəkildə yerinə yetirməlidirlər. 

Uşaqların hərtərəfli qayğı ilə əhatə olunan mühitdə yaşaması hər bir cəmiyyətin inkişaf səviyyəsini müəyyən edən əsas meyarlardandır. Uşaqlarla bağlı verilmiş hər bir qərar və həyata keçirilən fəaliyyət uşaqların maraqlarının üstünlüyü prinsipinə, onların tam inkişafına və layiqli həyat səviyyəsinin təmin edilməsinə əsaslanmalıdır. 

Gəlin uşaqların rifahı, təhlükəsizliyi və hüquqlarının təmin olunması naminə səylərimizi birləşdirək, hər bir uşağın xoşbəxt gələcəyi naminə həmrəy olaq!

Səbinə ƏLİYEVA, 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), hüquq üzrə fəlsəfə doktoru

1Sources