EN

Tramp Zəngəzur dəhlizi ilə bağlı Tiflisə xüsusi missiya göndərib - gürcülərin nə töhfəsi ola bilər...


Fikrət Yusifov: “Orta Yolun bir qanadı Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Gürcüstan ərazisindən keçir”

ABŞ TRIPP-ə görə Gürcüstanla da danışır. ABŞ Dövlət Departamentinin böyük müşaviri Conatan Askonas Gürcüstanda rəsmi səfərdədir. Bu barədə ABŞ səfirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, səfər zamanı Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutuna (TRIPP) (Zəngəzur dəhlizi) Gürcüstanın necə dəstək verə biləcəyi müzakirə olunacaq. C.Askonas Gürcüstan-Ermənistan sərhədində ABŞ-ın dəstəyi ilə tikilmiş Sadaxlı sərhəd-keçid məntəqəsini ziyarət edib. ABŞ diplomatı Gürcüstanın Xarici İşlər Nazirliyinin (XİN), hökumətin, beynəlxalq maliyyə təşkilatlarının təmsilçiləri ilə görüşəcək.

Dəhliz Zəngəzurdan Naxçıvana, oradan da Türkiyəyə birləşəcək. Maraqlıdır, Gürcüstan bu yola hansı dəstəyi verə biləcək ki? ABŞ-ın bununla bağlı istəklərində söhbət nədən gedə bilər?

“Vaşinqton rəhbərliyi Tbilisinin tezliklə Moskvanın təsirindən çıxacağına əmindir”

Sözügedən məsələyə aydınlıq gətirən sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında bunları qeyd etdi: “Birləşmiş Ştatların Cənubi Qafqazla bağlı xüsusi planlarının olduğunu biz artıq bu ilin avqust ayının 8-də görə bildik. Ermənistanla Azərbaycan arasında 30 il davam edən münaqişənin sülh yolu ilə həlli üçün son onilliklərdə yüzlərlə təşəbbüs ortaya atılsa da bunların hamısı uğursuzluqla yekunlaşıb. Ancaq ABŞ prezidenti Donald Tramp bu məsələni sayılı günlər ərzində həll edib bitirdi və bununla da Birləşmiş Ştatların Cənubi Qafqaza gəlişi üçün böyük bir yol açmış oldu. Zəngəzur dəhlizindən keçəcək Tramp yolunun idarəçiliyini öz üzərinə götürən Birləşmiş Ştatlar dövləti indi də bu regionda digər yollara və kommunikasiyalara nəzarətin mümkün variantlarını araşdırır. Bu istiqamətdə araşdırmaların Gürcüstan ərazisində aparılması da təsadüf deyil. Orta Yolun bir qanadı Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Gürcüstan ərazisindən keçir. Heç şübhəsiz, ABŞ rəsmilərinin indiki Gürcüstan səfərinin hədəflərindən biri də gələcəkdə bu yolun və bu qəbildən ola biləcək digər yolların genişləndirilməsi imkanlarını araşdırmaqdan ibarətdir. Vaşinqton rəhbərliyi Tbilisinin tezliklə Moskvanın təsirindən çıxacağına əmindir. Ona görə də indidən Şərqlə Qərbi Azərbaycan, Ermənistan və Gürcüstan üzərindən birləşdirəcək yolların geniş monitorinqini aparır”.

Vidadi ORDAHALLI

Chosen
104
baki-xeber.com

1Sources