EN

HƏMAS Trampın TŞ-dən keçirdiyi yeni sülh planını da rədd etdi...


BMT Təhlükəsizlik Şurası ABŞ prezidenti Donald Trampın Qəzza zolağında beynəlxalq hərbi kontingentin yerləşdirilməsini nəzərdə tutan sülh planını ehtiva edən qətnaməni təsdiqləyib. Qətnamə ABŞ tərəfindən hazırlanmış 20 maddəlik planın ikinci mərhələsinə keçidi nəzərdə tutur.

Bu mərhələ Qəzzanın demilitarizasiyası, keçid dövrü idarəetmə institutlarının formalaşdırılması və “Beynəlxalq Stabilləşdirmə Qüvvələri” adlı çoxmillətli kontingentin yaradılmasını əhatə edir.

TŞ-nın 15 üzvündən 13-nün sənədin lehinə səs verməsi, Rusiya və Çinin isə bitərəf qalmasına baxmayaraq veto etməməsi, həm planın siyasi çalarları, həm də beynəlxalq münasibətlər sistemindəki dəyişən balanslar barədə mühüm suallar doğurur. Qətnamədə Fələstin dövlətinin yaradılması perspektivinin də qeyd olunması sənədi xüsusilə həssas və mübahisəli edir. İsrail bu bəndə qarşı çıxsa da, ərəb dövlətlərinin təkidi ilə qətnaməyə daxil edilib.

Rusiya və Çin “iki dövlətli həll prinsipinin sənəddə kifayət qədər aydın ifadə olunmaması” və “BMT-nin prosesdən kənarda saxlanılması” ilə bağlı narazılıqlarını gizlətməsələr də, veto hüququndan istifadə etməmək qərarı təsadüfi deyil. Bu qərarın arxasında bir neçə mühüm strateji hesablamanın dayandığını söyləmək olar.

Əvvəla, veto BMT diplomatiyasında ən sərt alətlərdən biridir və onun istifadəsi siyasi məsuliyyət yaradır. Rusiya və Çin belə bir addımla Qərbin onları “sülhün qarşısını alan qüvvələr” kimi təqdim etməsindən, Yaxın Şərqdəki ərəb ölkələri ilə münasibətlərdə reputasiya itkisi yaşanmasından və regional balansın pozulmasında ittiham olunmasından çəkindilər. Bitərəflik isə həm narazılığın nümayişi, həm də məsuliyyətdən yayınma vasitəsidir.

Eyni zamanda, veto edən dövlət sənədin qəbul edilməməsinə şəxsən cavabdeh olur. Bitərəf qalan ölkə isə həm narazılığını bildirir, həm də prosesin gedişinə mane olmur. Beləliklə, “biz razı deyildik, amma mane də olmadıq” mövqeyi formalaşır, gələcək danışıqlarda manevr imkanları geniş qalır və diplomatik balans qorunur.

Rusiya və Çin hesab edə bilər ki, bu planın reallaşması ehtimalı çox aşağıdır. Qəzzaya beynəlxalq kontingent yerləşdirilməsi ideyası son 20 ildə onlarla dəfə müzakirə olunub, lakin heç biri reallaşmayıb. Belə olan halda vetoya ehtiyac yoxdur - sənəd kağız üzərində qalacaqsa, ona qarşı sərt addım atmaq siyasi baxımdan mənasızdır.

Hər iki ölkə ənənəvi olaraq Fələstin dövlətçiliyini dəstəkləyir. Qətnamədə bu prinsipin qeyd olunması onların diplomatik mövqeləri ilə ziddiyyət təşkil etmir.

Bundan başqa, ABŞ-ın bölgəyə daha dərindən müdaxilə etməsi Moskva və Pekinin Yaxın Şərqdə məsuliyyət yükünü qismən üzərindən götürür.

BMT Təhlükəsizlik Şurası çox zaman iki tipli qərarlar qəbul edir: 1. İcraedici gücə malik, məcburi qərarlar (7-ci fəsil üzrə); 2. Siyasi mesaj və məsləhət xarakterli sənədlər.

Trampın planına uyğun olaraq təsdiqlənən bu qətnamə ikinci kateqoriyaya daha çox uyğun gəlir. Onun real effektinin olub-olmayacağı isə bir sıra mürəkkəb şərtlərdən asılıdır.

Birincisi, İsrail planın bəzi elementlərini dəstəkləyə bilər, xüsusilə Qəzzanın demilitarizasiyası və HƏMAS-ın hakimiyyətdən uzaqlaşdırılması kimi bəndlərini.

Lakin Fələstin dövlətinin yaradılması və Qəzzaya beynəlxalq hərbi kontingentin yerləşdirilməsi kimi məsələlər İsrailin təhlükəsizlik konsepsiyası ilə ziddiyyət təşkil edir. Ona görə də İsrailin razılığı olmadan plan kağız üzərində qalacaq.

Digər tərəfdən, Qəzza daxilində siyasi və silahlı fraksiyaların mövqeyi planın gələcəyini müəyyən edə bilər. HƏMAS-ın və digər qrupların beynəlxalq kontingenti qəbul etməsi ehtimalı son dərəcə aşağıdır. Onlar bunu Qəzzanın faktiki işğalı kimi qiymətləndirə bilərlər.

Eyni zamanda, beynəlxalq kontingentin real olaraq təşkil olunması planın ən çətin hissəsidir. Çünki o maraqlıdır ki, hansı ölkələr qüvvə göndərəcək və komandanlıq kimdə olacaq.

Mandatın hüquqi və əməli sərhədləri necə müəyyən olunacaq?

Əgər bu suallar cavabsız qalırsa, qətnamə yalnız siyasi jest kimi qalacaq.

Bununla yanaşı, beynəlxalq stabilləşdirmə missiyası bir neçə ayla yox, illərlə ölçülür. ABŞ-ın daxili siyasi prosesləri (Konqresin mövqeyi, seçkilər, administrasiya dəyişiklikləri) planın davamlılığını ciddi şəkildə şübhə altına alır.

Trampın əvvəlki planının uğursuzluğa düçar olması da bunu göstərir.

Hazırda heç kimə aydın deyil ki, plan kağız üzərində qalan sülh təşəbbüsü, yoxsa yeni prosesin başlanğıcı olacaq.

Nəticə etibarı ilə bu qətnamənin qəbul olunması beynəlxalq ictimaiyyətin Qəzza problemini dondurulmuş müharibədən çıxarmaq istəyini əks etdirsə də, onun real nəticə verməsi üçün çoxsaylı maneələr var. Bölgədəki aktorların razılığı olmadan, təhlükəsizlik məsələləri həll edilmədən və ABŞ-ın davamlı siyasi iradəsi təmin olunmadan bu sənədin praktik həyata keçməsi çətin görünür.

Çin və Rusiyanın vetodan çəkinməsi sənədin qarşısını almaq istəməmələri deyil, bu, daha çox diplomatik məsuliyyətdən yayınma və gələcək proseslərdə manevr imkanlarını qorumaq strategiyasıdır.

Ən real gözlənti odur ki, bu qətnamə bir müddət beynəlxalq müzakirələrin gündəmində qalsa da, uzunmüddətli perspektivdə yeni bir “kağız üzərində qalan sülh planı”na çevrilə bilər.

Akif NƏSİRLİ

Chosen
40
baki-xeber.com

1Sources