EN

Gəlirsən-gəl, gəlmirsən... - Rusiyanı seçən Ülviyə xeyir-dua əvəzi

“Özümü Rusiya millisində görürəm” – azərbaycanlı Ülvi Laçın oğlu Babayev bu dörd sözlə personası ətrafında gəzən söz-söhbətə, onu yığmamızda görmək istəyənlərin hiss-həyəcanına, bu mövzuda təbəddülatlara birdəfəlik, özü də yağlı nöqtə qoydu.

Mənə elə gəlir ki, bundan sonra onun arxasınca düşmək, şirnikləndirmək, cəlbedici təkliflərlə Azərbaycan yığmasına bağlamağa çalışmaq heç kişilikdən deyil. Bu sözləri deyənə qədər elə mən də “gəlsə, yaxşı olar, bəlkə yığmanı gücləndirə bilər” kimi ilıq düşüncələrin əsiriydimsə, indi artıq sidqi-ürəkdən deyirəm: gəlir-gəlsin, gəlmirsə...

“Football-plus.az”ın oxucuları üç nöqtənin yerinə istənilən ifadəni işlədə bilər. Zatən, gündəlik həyatda hər birimiz dəfələrlə belə hallarla üzləşmişik, əxlaqımıza uyğun söz və ifadələr ilə prosesi yola vermişik.

Əlbəttə, mən bütün bu ümid qığılcımlarına aldanmağın, hər yerdə nicat axtarmağın səbəbini də anlayıram. Yığmamız o qədər bərbad durumdadı, perspektivi o qədər qaranlıq görünür ki, qaranlıq otaqda qara pişik üçün gəzən adamın gününə düşmüşük. Əlimizi o divara sürtürük, bu divara sürtürük, heç nə çıxmır, heç nə alınmır. Üstəlik o qaranlıq otaqda qara pişik də yoxdu!

Azərbaycan futbolunu inkişaf etdirmək, bir yerlərə gətirib çıxarmaq baxımından tam 30 il boşa verilib. Bu müddətdə boşuna pul qazanan, dövləti və sponsorları “sağan” adamlar – klub rəsmiləri, futbolçular öz yerində, Allah onların bəlasını versin. Biz jurnalistlərin günahı isə ondan ibarətdi ki, ani uğurların parıltısına aldanmışıq, azarkeş həmvətənlərimizə “bizə inanın, hər şey yaxşı olacaq”, - deyə boşuna ümidlər vermişik. Bax, məni hər şeydən çox yandıran budu. İndi vəziyyətə baxın: İspaniya, İngiltərə, İtaliya, Almaniya, Fransa bir tərəfə, Allahın İslandiyası ilə oyunda da 2 dəqiqə top saxlaya bilmirik, futbolçularımız dərhal topdan qurtulmağa çalışır, həyəcanlanırlar, az qalırlar tumana çiş eləsinlər.

Mən futbola 80-lərdən baxan adamam. Xüsusən də yaşlı nəsil azarkeşlərin bu gün adı gələndə dodaq büzdüyü “Neftçi” belə “Spartak”, Kiyev “Dinamo”su ilə oyunlarda bu qədər qorxaq oynamırdı, qaçmağa siçan deşiyi axtarmırdı.

Ülvini boş verək e, ondan bir şey çıxan deyil. Ramil Şeydayev də onun yaşında Rusiya yığmalarında topa-topa qollar vururdu, 150 milyonluq ölkə ona futbolunun göz bəbəyi kimi baxırdı, manşetlərdən adı düşmürdü. Axırı nə oldu? Qardaşımız günlərin birində ayıldı ki, xoşbəxtliyi (oxu: pulu) Taylandda – “Buriram Yunayted”də axtarmaq lazımdı. Adam futbol dünyasından o gedən gedib, hələ də gələ bilmir. İndi Ülvi Laçın oğlu da Rusiyanı seçir, seçsin də. Ölkə dörd ildi dünya futbol ailəsindən təcrid olunub, belə davam etsə, hələ çox gözləyəcəklər, Ülvinin də istedadı itib-batacaq. Hərçənd mən bunu da arzulamıram, enində-sonunda Laçın kişinin oğludu axı...

Nəsə edək, nəsə edək, bu ölkənin yığması üçün nəsə edək. Ayxan Abbasov qalmalıdısa, qalsın, amma nə və necə edəcəyini desin, inkişaf layihəsini ortaya qoysun. İlləri boşa verməyək, gələcək nəsillər gorumuza söyməsin.

ORXAN

Chosen
13
football-plus.az

1Sources