EN

Geosiyasi risklər və dostluq münasibətləri: Azərbaycanın İbrahim Sazişlərinə yanaşması- ÖZƏL

ABŞ-nin nüfuzlu "Foundation for Defense of Democracies (FDD)" analitik mərkəzi Qazaxıstanın "İbrahim Sazişləri"nə qoşulması fonunda Azərbaycanın bu prosesdə xüsusi əhəmiyyət daşıdığını bildirib. FDD Azərbaycanı İsraillə müdafiə və enerji sahəsində strateji tərəfdaş adlandırır və Bakının Avropanın enerji təhlükəsizliyində həlledici rolunu vurğulayır. Mərkəz hesab edir ki, Azərbaycanın sazişlərə qoşulması:
Regional sabitliyə töhfə verəcək, ABŞ-nin Cənubi Qafqaz-Mərkəzi Asiya təsirini artıracaq, Türkiyə-İsrail-Azərbaycan üçbucağı daxilində yeni geosiyasi balans yaradacaq.
Azərbaycanın bu çərçivəyə daxil olması beynəlxalq səviyyədə artıq bir müddətdir müzakirə olunur.
Azərbaycanın "İbrahim Sazişləri"nə qoşulması üçün ən uyğun geosiyasi və diplomatik vaxtlama nədir? Ümumiyyətlə Azərbaycan "İbrahim Sazişləri"nə qoşula bilərmi?
Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib: 
"  Öncə onu qeyd edim ki, Azərbaycan hələlik İbrahim Sazişlərinə o qədər də isti baxmır. Məsafəli deyilik, gələcəkdə bu sazişlərə qoşulmağımız mümkündür. Amma indiki məqamda Azərbaycanın bu barədə konkret bir mövqeyi yoxdur. Məsələ ondan ibarətdir ki, əvvəlcə İbrahim Sazişlərinin mahiyyətinə baxmaq lazımdır. Bu sazişlərin əsas məqsədi ərəb və müsəlman ölkələrinin İsraillə münasibətlərinin normallaşması, onun regiondakı varlığının legitimləşməsi və bir daha təhlükə yaranmamasıdır. Bu, kifayət qədər məntiqli bir yanaşmadır. Azərbaycan isə müsəlman ölkələri içərisində İsraillə ən yaxşı münasibətləri olan dövlətdir. İki ölkə arasında siyasi, hərbi, humanitar, diplomatik - bir sözlə, bütün sahələrdə əməkdaşlıq mövcuddur. Hətta kəşfiyyat sahəsində belə çox ciddi əməkdaşlıq əlaqələri var. Belə bir durumda sual yaranır ki, Azərbaycanın İbrahim Sazişlərinə qoşulmasının məntiqi nə olardı? Amerika bunu bir neçə dəfə təklif edib , burada əsas məqsəd digər ölkələri də həvəsləndirməkdir. Məsələn, Qazaxıstan artıq qoşulub, yəqin ki, yaxın müddətdə Özbəkistan da qoşulacaq. Amma Azərbaycanın mövqeyi bu iki ölkədən xeyli fərqlidir. Azərbaycan Cənubi Qafqazda yerləşir və iki müttəfiqi var ki, biri-biri ilə rəqibdir- söhbət İsrail və Türkiyədən gedir. Maraqlı olan isə odur ki, hər iki ölkə Azərbaycana dost kimi yanaşır və eyni zamanda ABŞ-ın da regiondakı iki əsas tərəfdaşıdır. ABŞ uzun müddətdir ki, Türkiyə-Azərbaycan-İsrail üçtərəfli münasibətlərinin formalaşmasına çalışır. Amma buna nə qədər nail olunub, bunu demək hələlik çətindir. Çünki Türkiyə və İsrailin bir-birinə qarşı mövqeləri hələ müzakirə üçün yetərli deyil. Amma bütün bu gərginliklərə baxmayaraq, mən hesab edirəm ki, Yaxın Şərqdə tərəflər arasında müəyyən vaxtlarda kəşfiyyat xarakterli ortaq əməliyyatlar və fikir mübadilələri aparılır.
Azərbaycan yəqin ki, İbrahim Sazişlərinə qoşulmayacaq. Amma müsəlman ölkələrinin sayı artarsa, o zaman artıq Azərbaycan da qoşula bilər. İndiki məqamda əsas ehtiyatlı yanaşmasının səbəbi geosiyasi reallıqlar və yaranacaq risk faktorlarıdır. Bu baxımdan mən bunu doğru hesab edirəm. İbrahim sazişlərinə qoşulacağıq deyə İranla və ya Türkiyə ilə münasibətlərimizi pozmağın bir mənası yoxdur. Azərbaycanın xarici siyasətinin əsas prioriteti odur ki, fərqli maraq qruplarını, böyük gücləri, o cümlədən regional aktorları vahid məqsəddə bir araya gətirək. Amma arasında bir düyüş meydanı və ya nüfuz mübarizəsinin bir parçası olmasını istəmirik". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
31
olaylar.az

1Sources