Çinin Ticarət Nazirliyi Çin markalarının xarici ölkələrdəki rəsmi tərəfdaşlarının xeyrinə ola biləcək qərar qəbul edib.
Marja.az Azərbaycana Çindən minik avtomobillərinin qeyri-rəsmi idxalı ilə məşğul olan şirkətə istinadən xəbər verir ki, Çin Ticarət Nazirliyinin 11.11.2025 tarixli qərarına əsasən, 01.01.2026-dan etibarən Çindən qeyri-rəsmi üsullar ilə tam yeni (0 km) avtomobil almaq çətinləşəcək.
Belə ki, Çin istehsalı olan avtomobillər yalnız qeydiyyatdan ən azı 6 ay (180 gün) sonra “ikinci əl” statusu ilə ixrac oluna biləcək.
Bu dəyişiklik 2026-dan sonra Çin maşını almaq planlarına birbaşa təsir edəcək.
İndiyədək qeyri-rəsmi idxalçılar Çində avtomobil alaraq və Çin vətəndaşlarının adlarına rəsmiləşdirərək “ikinci əl” statusu ilə ixracını təşkil edirdilər. Adətən avtomobillər 3 ayadək Azərbaycana çatdırılırdı. Gələn ilin əvvəlindən Çində alınan avtomobil 6 ay dayanacaqda saxlanıldıqdan sonra ixrac oluna bilər. Avtomobilin Azərbaycana çatdırılması üçün tələb olunan 3 ayadək müddəti nəzərə alsaq, Çində yeni çıxan bir avtomobil "boz diler"lər vasitəsilə 9 aya Azərbaycana gətirilə bilər.
Bu qərar Çin markalarının rəsmi tərəfdaşlarına şamil olunmur. Azərbaycandakı rəsmi distribyutor və dilerlər Çin markalarının yeni modellərini hazırkı qaydada Azərbaycana idxalını həyata keçirəcəklər.