EN

Pənah Hüseyn Naxçıvan və naxçıvanlılardan yazdı: “İnanılmazdı…”

Azərbaycan Xalq Partiyasının lideri, sabiq baş nazir və sabiq millət vəkili Pənah Hüseyn Naxçıvanda gedib.

Bakıya dönər-dönməz, olduqca maraqlı təəssüratlar yazaraq özünün sosial media hesabında paylaşıb. Musavat.com həmin yazını əhəmiyyətinə görə öz səhifəsində təqdim edir.

…İKİ GÜN NAXÇIVANDA

Bundan əvvəl 3 dəfə olmuşdum Naxçıvanda. 1990-da Sədərək həndəvərində erməni silahlılarının ilk hücumları başlayanda AXC İdarə Heyəti məni mərhum Vurğun bəyi Naxçıvana ezam eləmişdi. 1997-də həbsdən azad olandan sonra Kələkiyə getdim. Sonra yenə Kələkidə Elçibəyin həyat yoldaşı Həlimə xanımın dəfnində olmuşdum…

Bu dəfə toya getmişdim. Gənc dostlardan Mətləb Aslanovun bəyin toyuna dəvətli olaraq. Toy çox gözəl idi. Həqiqətən hər şey gözəl idi. Məclis də, insanlar da. Çox zövq aldım. Bizi də fövqəladə qarşıladılar. Toydan əvvəl də, toyda da, toydan sonra da. Şəxsən tanıyanlar da, şəxsən tanımayanlar da.

Bakıda naxçıvanlılar bir qədər fərqli görünür. Naxçıvanlıları, elə Bakıda yaşayan naxçıvanlılar da daxil, tanımaq üçün gərək Naxçıvanda olasan. Səmimi, qonqsevən, sadə, sakit, isti, mehriban, mədəni, həm də eyni zamanda həqiqətən möhtəşəm bir Azərbaycan və azərbaycanlılar! 5 ulduz, müasir “Təbriz” otelində də, küçədə də, həyətlərdə də, çayxanada da, muzeylərdə də, Ordubadi adına kitabxanada da, Cavidin və Nuhun türbələrində də, “Əshabi-Kəhf”də də.

Bakıda mənzilindən çıxan kimi əsəbli gərən, tarıma çəkən insan pətəsi və maşın cəngəlliyindən sonra Naxçıvan şəhəri cənnət rahatlığı gətirir adama ilk anda. Hava limanında da, küçədə də, çayxanada da, insanların hərəkətində, ünsiyyətində, danışığında adət etmədiyimiz bir sakitlik var. Bu günkü Naxçıvan şəhəri küçələri, binaları, adamları ilə zahirən gördüyüm Pribaltika, Orta Avropa əyalət şəhərlərinin bənzəri kimi göründü sanki bir qədər. Ən çox adam gördüyüm yer Naxçıvan hava limanında Bakıdan gələnlər və Bakıya gedənlər, “Əshabi-Kəhf”də ziyarətçilər və Ordubadi adına mərkəzi kitabxanada oxu zalındakı oxucular oldu.

Ordubadi adına kitabxana demişkən, kitabxananın əməkdaşlarına xüsusi təşəkkürlərimi deməyə bilmərəm. Çox yaxşı qarşıladılar. Oxucu yazılmaq xahişimi operativ həll etdilər, bir neçə dəqiqəyə oxucu bileti aldım. Üç saat oxu zalında işlədiyim müddətdə də qüsursuz xidmət göstərdilər. Çoxdan axtardığım bir sıra materialları da tapmağa kömək etdilər. Bəzilərini paylaşacam, inşallah. 

f015602f-bcb4-4581-9e9e-34483e127aa8.jpg

…Məni sadəlövh ya özünü sadəlövhlüyə qoyan saymayın. Naxçıvanda problemləri də, idillik mənzərələrin arxasındakı əsl gerçəklikləri də görürdüm; gördüm, eşitdim, bilirəm də əlbəttə. Ancaq haqqında yuxarıda yazdığım yaxşı şeylər də, elə o idillik dediyim mənzərə də aldadıcı deyil, sehr deyil, butafora, saxta deyil, həm də gerçəkdir; ən azı gerçəkliyin bir üzüdür axı! Və yekun təəssüratım elədir ki, yaxşı olan, insanı sevindirən şeylər pis olan, insanı ağrıdan, məyus edən, ümidsizləşdirən şeylərdən çoxdur, başlıcası çox olacaq! Naxçıvan da, naxçıvanlılar da, bütün Azərbaycan da, bütün azərbaycanlılar da buna layiqdir, bunu haqq edir!

…“Əshabi-Kəhf”in “Damcılı mağarası”nda niyyət etdim, “Cənnət bağı”na çıxan ən üst digər mağaradan bir qırmızımtıl daş götürdüm, indi beş aylıq olan nəvəm Aysu 18 yaşından sonra gedib o daşı yerinə – “Əshabi-Kəhf”ə qaytarsın, deyə, Bakıda evdəkilərə tapşırdım…

Və bir daha Mətləbin toyu mübarək olsun! Allah Mətləbi xanımı ilə övladlı, oğullu-qızlı, nəvəli etsin! Biz onun toyuna getdik Naxçıvana, övladlarımız, nəvələrimiz onun övladlarının, nəvələrinin toyuna getsin! İnşallah!

 

Musavat.com

Chosen
141
50
musavat.com

10Sources