EN

Ermənistanla müharibə bitməyib – Paşinyanın məscid tikmək təşəbbüsü yaxşıdır, amma...

Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə son çıxışı zamanı bəzi diqqətçəkən açıqlamalar verib. Məsələn, deyib ki, ölkənin xarici borcunun 8 milyard dollaradək artmasının əsas səbəbi kreditlə alınan silahlardı. “Ona görə ki, bizə dərhal çox silah lazım idi”, - Paşinyan bildirib.

Sülh müqaviləsi paraflanandan sonra isə İrəvanın bahalı silahlar almasına gərək qalmayıb. Hər halda heç bir qonşu ölkə Ermənistana hücum eləməyə hazırlaşmır, əgər o özü kiməsə hücum eləməsə. Nikol Paşinyanın da az öncə etiraf elədiyi kimi, sərhəddə neçə vaxtdır sakitlikdir, erməni əsgərləri ölmür.

Bundan əlavə, gələn il üçün hökumət hərb-müdafiə xərclərini 2025-ci illə müqayisədə təqribən 300 milyon dollar azaldaraq, 1.4 milyard həcmində müəyyən edib. Bu barədə də danışan Baş nazir əlavə edib ki, artıq Azərbaycanla sülhə nail olunub, müharibə gözlənilmir...

Təki müharibələr, hərbi toqquşmalar, konfliktlər olmasın. Ağlı yerində olan bəşər övladı əlbəttə ki, savaş, qırğın arzulamaz. Amma və lakin yalnızca istək, xoş niyyət yetərli deyil. Xüsusən də əlində böyük səlahiyyətlər olan dövlət rəhbərləri sülhdən, əmin-amanlıqdan danışırsa.

Təhlükə də elə ondadır ki, Ermənistanın revanşistlərin əlinə işləyən “müharibə konstitusiyası” qaldıqca bölgədə sülh da kövrək olacaq. Çünki qoltuğunda daş gəzdirən birinin normal qonşuluqdan danışması səmimi sayılmaz.

İndiki konstitusiyanın sülh konstitusiyasına çevrilməsi isə həm də Ermənistanın öz varlığını saxlaması üçün vacibdir. Çünki məntiqlə əgər sən qonşuların ərazi bütövlüyünü tanımırsansa, sənin ərazi bütövlüyün dünəndən tanınmayacaq. Özü də necə qonşular – hərbi, iqtisadi, demoqrafik potensialı dəfələrlə böyük, coğrafi mövqeyi qat-qat uğurlu və üstün ölkələr...

Dinc-yanaşı mövcudluğun başqa mühüm şərti Ermənistanın xarici güclərin, ilk növbədə də Rusiyanın vassallığından qurtulmasıdır. Paşinyanın etiraf elədiyi kimi, nəhayət, bu ölkənin Rusiyanın “cibindən” çıxıb az-çox müstəqil siyasət yürütməsidir. Nədən ki, bir ölkə sülh və təhlükəsizlik məsələlərində sərbəst qərar verə bilmirsə, vay onun halına. Təbii ki, bunun üçün Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası çıxarılmalıdır və maksimum qısa zamanda.

Səbəbini az yuxarıda yazdıq. Hazırkı “barıt qoxulu” konstitusiya gələcək potensial müharibələrin əsas “hüquqi” zəmindir. Necə deyərlər, Divin canı şüşədə olduğu kimi revenşist-radikalların və onların bağlı olduğu Rusiyanın “canı” da məlum maddənin qalmasındadır...

Bu arada “Haber7” məlumat yayıb ki, Nikol Paşinyan ölkə boyu 10 yeni məscidin tikintisi üçün təşəbbüs göstərib. Məscidlərdən 5-nin Ermənistan-Türkiyə sərhədinə yaxın ərazilərdə, qalan 5-nin isə digər böyük şəhərlərdə tikiləcəyi bildirilir. Ermənistan hökumətindəki mənbələrə görə, təşəbbüsü Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan dəstəkləyib. O, layihəni iki ölkə arasında mədəni və dini əlaqələri gücləndirmək üçün fürsət hesab edib.

Məlumat doğrudursa, təqdirəlayiq addımdır. Çünki qarşılıqlı etimadı möhkəmlətmək xüsusən də mürəkkəb və həssas bölgəmizdə çox mühümdür. Hərçənd həmin məscidlərə gedəcək müsəlman-türk əhali ilə bağlı suallar açıq qalır.

Ayrı sözlə, yalınız məscid inşa eləməklə barışıq olmur. Ondan və hətta Zəngəzur dəhlizindən daha vacibi Ermənistan konstitusiyasından, eləcə də ölkənin digər qanunverici aktlarından (Müstəqillik Bəyannaməsi və s.) iki qardaş ölkəyə qarşı ərazi iddiaları ilə bağlı müddəaların, gerbdən Ağrı dağının (“Ararat”) təsvirinin çıxarılmasıdır.

Həm də tələsmək gərəkir. Çünki zaman çox az. Bundan ötrü parlament seçkiləri bir neçə ay qabağa da çəkilə bilər ki, referendum da tezləşsin. Sülh müqaviləsi imzalanmayınca müharibə bitmiş sayılmaz. Atəşkəs sayılar...

Z. SƏFƏROĞLU

Chosen
117
50
musavat.com

10Sources