EN

“Sülh sazişi yaxınlaşırmı? – Mirzoyanın açıqlaması yeni ümidlər yaradıb

Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin imzalanması ilə bağlı danışıqlar aparılır.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşdə bildirib. Nazir qeyd edib ki, Ermənistan və Azərbaycan arasında əldə olunan Vaşinqton razılaşması artıq bir sıra praktiki nəticələr gətirib.

Bəs bu açıqlama sülh sazişinin imzalanması gününün yaxınlaşması kimi başa düşülə bilərmi?

Politoloq Qabil Hüseynli Musavat.com-a bildirib ki, Ararat Mirzoyanın dedikləri, əslində, yeni xəbər deyil, danışıqlar prosesinin uzun müddətdir getdiyi məlumdur:

“Yəqin ki, erməni nazir də bunu nəzərdə tutub. Danışıqlar müxtəlif səviyyələrdə davam edir. Lakin nə zaman yekun sülh sazişinin imzalanması ilə başa çatacağı məlum deyil. Bunu heç Ararat Mirzoyan da dəqiq bilmir. Çünki proses elə də asan və sürətli deyil. Təbii ki, 8 avqust Vaşinqton razılaşması və sülh sazişi mətninin paraflanması sülh prosesində ciddi hadisə idi və bu hadisə prosesə müəyyən bir dinamika, ümidlər gətirdi. Məhz bu hadisədən sonra Azərbaycan öz ərazisindən Ermənistana Rusiya və Qazaxıstandan taxıl daşınmasına icazə verdi. Bu addım da sülh danışıqlarına müsbət təsirini göstərəcək addımdır. Lakin Ermənistan hələ də Azərbaycanın əsas şərtini-Konstitusiyada Azərbaycana qarşı ərazi iddiasını ləğv etməyib. Sülh sazişinin imzalanması üçün Azərbaycan bu şərti irəli sürüb. Ermənistanın bu şərti yerinə yetirməsi sülh müqaviləsinin imzalanması üçün danışıqların real nəticə ilə başa çatmasını belə demək mümkündürsə təmin edə bilər”.

Etibar Seyidağa,
Musavat.com

Chosen
73
musavat.com

1Sources