EN

Özlərini “şah” sayıb, qanundan üstün tutanların zamanı getdi – Prezidentdən sərt xəbərdarlıq

Prezident Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsini və bir sıra rayonlara təyin etdiyi icra başçılarını 12 Noyabr, Konstitusiya günündə qəbul etdi.

Yeni təyinat alan məmurların şəxsində ünvanlanan mesaj, tapşırıq, tövsiyə və xəbərdarlıqlar bütövlükdə dövlət qulluqçularına yönəlmişdi.  

Vətən müharibəsindəki tarixi Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş möhtəşəm hərbi paraddan sonra səslənən bu vacib tapşırıqlar əslində məmur təbəqəsinin və ümumilikdə dövlət qulluqçularının düzlənməsi, irəliyə doğru addımlaması, xalqa xidmət yolunda faydalı işlər həyata keçirməsi üçün yol xəritəsi mahiyyəti daşıyır. Deyilənlər təkcə qəbula gəlmiş təyinatlı şəxslər üçün deyil, bütövlükdə dövlət başçısının etimad göstərdiyi şəxslər üçün ev və iş tapşırığı hesab oluna bilər. Azərbaycan tarixi Zəfər əldə etdikdən, bir günlük antiterror əməliyyatları ilə ərazi bütövlüyünü reallaşdırdıqdan, separatizmin tabutuna mismarlar vurduqdan sonra prezident, parlament və bələdiyyə seçkiləri keçirilib, müxtəlif istiqamətlərdə islahatlara başlanılıb. Bu prosesin məntiqi davamı kimi dövlət qulluqçuları ilə bağlı vitrini yeniləmək, öz vəzifəsinin öhdəsindən gələ bilməyənlərlə bağlı yolları ayırmaq, kadr bankındakı faydalı nümayəndələri önə çəkmək dövlət siyasətinin mühüm strategiyasına çevrilib. Qarabağ Zəfərimizin böyük Memarı indi də ölkə vətəndaşını məmnun edəcək digər işləri uğurla həyata keçirməkdədir.

Prezident İlham Əliyevin sözügedən görüşdə dedikləri ondan xəbər verir ki, dövlət başçısı ən ucqar rayonlardakı vəziyyətlə belə, incəliyinə qədər məlumatlıdır: əhalinin durumundan tutmuş, məmurun iş əmsalınadək hər şeydən xəbərdardır. Yeni təyinat alan gənc məmurlara “Siz ölkəmizin müxtəlif bölgələrinə rəhbər vəzifələrə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız. Siz öz işinizlə, əməyinizlə qarşıda duran vəzifələrin icrası üçün səylərinizi əsirgəməyəcəksiniz”, sözləri qızıl kəlmələrdir. Dövlət başçısının əmin olduğu fikirlərin qarşılığında neqativ hərəkətlərə “imza atanlar” olacaqsa, o halda bəzi sələflərinin taleyini gözlərinin qarşısına gətirsinlər!

Prezidentin tələbləri açıq-aydındır: Sitat: “İlk növbədə, mənim bütün tapşırıqlarımı yerinə yetirməlisiniz. Mən hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır - ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq. Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın”.

 Çoxmu çətindir bu missiyanın öhdəsindən gəlmək? Necə ola bilər ki, ölkənin rəhbəri bu qədər yüksək etimad göstərsin, inansın, mühüm vəzifəyə təyin etsin, amma məmur bir azca ayaqları “yer tutandan” sonra özünü “padşah” kimi aparsın?!  Biriləri unutmasın, “Bu devirdə kimsə sultan deyil...padişah deyil...” Tarix yazmış İlham Əliyevin rəhbərlik etdiyi ölkədə isə qəti şəkildə kimsə bu iddiaya düşməyə cürət etməsin!

Belələri yəni doğrudanmı başa düşmürlərmi onların əməlləri təkcə vətəndaşda qeyri-məmnunluq yaratmır, həm də dövlətə, hakimiyyətə qarşı neqativlərin toplanmasına səbəb olur?

Prezident bu məqama da xüsusi toxundu: “Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar”.

Amma onu da bildirdi ki, bu kimi özbaşınalıqların, xalqdan uzaq düşmələrin, reallıq hissini itirməyin, “öz orbitindən çıxmağın” sonu var.

Sitat: “Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Ona görə sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir”.

Təsəvvür edin, Azərbaycan böyük bir müharibədən çıxıb, təkbaşına torpaqlarını düşməndən azad edib, eyni sürətlə də viran qoyulmuş şəhər və kəndlərimizin yenidən qurulması həyata keçirilir. Bütün bu işlərə, evlərin, məktəblərin, digər ünvanların tikintisinə, Böyük Qayıdışa, infrastrukturun yaradılmasına milyardlar xərclənir. Prezident gecə-gündüz bu məsələlərlə məşğuldur, ildə bir neçə dəfə Qarabağa, Şərqi Zəngəzura gedir, nəhəng tikinti meydançasındakı işlərə şəxsən nəzarət edir. Bütün bu gərgin qrafikin qarşılığında məmur kontingentinin hər bir təmsilçisi dövlət başçısının tempinə uyğun davranmalı, onunla ayaqlaşmağa ən azı cəhd göstərməlidir. Təbii ki, Prezidentin komandasında çox uğurlu və hətta dünyanın bir saylı ofisinin liderinin təqdirlə vurğuladığı qiymətli kadrlar, diplomatlar, icra hakimiyyətinin təmsilçiləri, maliyyəçilər və digərləri var. Amma niyə axı, vaxtaşırı hansısa icra başçısı, yaxud digərləri rüşvət və ya korrupsiya əməlinə görə ifşa olunmasını, həbsxanaya atılmasını gözləməlidir? Məgər onlar bilmirlərmi ki, bu əməllər qəbulolunmazdır və cəzası qaçılmaz olacaq?!

Ölkə başçısı dedi, bizim bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb. Dövlət xətti ilə, dövlət investisiya proqramları xətti ilə son illər ərzində müsbətə doğru böyük dönüş təmin edilib. Bir neçə regional inkişaf proqramının icrası uğurla nəticələnib. Demək olar ki, əsas infrastruktur istiqaməti olan elektrik enerjisi ilə bütün bölgələrdə vəziyyət tam normallaşıb. Təbii ki, köhnəlmiş infrastrukturun təzələnməsi, təmiri məsələləri var. Ancaq bu problem artıq ciddi problem kimi mövcud deyil. Bizim bütün bölgələrimizdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə elektrik infrastrukturunun yaradılması güclü potensial yaradıb. Üstəlik, azad olunmuş ərazilərimizin külək, günəş və hidro elektrik imkanları Azərbaycanı ixrac ölkəsinə çevirməyə qadirdir. Belə bir günəşli ölkəmizin vətəndaşlarının “gününü göy əskiyə” bükməyə çalışan məmur anlamalıdır ki, HƏR BİR AZƏRBAYCANLININ PREZİDENTİ onların qətiyyəti, iradəsi, prinsipiallığı qarşısında çox uzağa gedə bilməyəcəklər!

Dövlət başçımız çox mühüm bir məqamı da vurğuğuladı. Bildirdi ki, vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi: “Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb. Ona görə mən tam əminəm ki, bundan sonra mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək. Vaxtilə belə hallar olub və bu qanunsuz tapşırıqları verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər... Ancaq mən onu da bilirəm ki, yerlərdəki bəzi məmurlar məcbur olub o qanunsuz hərəkətləri icra ediblər. Onların, əlbəttə ki, üzərinə düşən məsuliyyət tamamilə başqa yanaşmanı tələb edirdi. Ancaq, eyni zamanda, o da həqiqətdir ki, bəzi hallarda bax, bu qanunsuz əməllərin təməlində harınlamış, acgöz, gözü doymayan mərkəzdə oturan məmurların göstərişləri olub. Amma yenə də deyirəm, sağlamlaşdırma və təmizləmə siyasəti nəticəsində artıq əminəm ki, sizə heç kim qanunsuz tapşırıq verməyəcək. Əgər kimsə bu tapşırığı verərsə, onda dərhal mənə məlumat verin və o adamlar haqqında ciddi ölçülər götürüləcək”.

Deməli, özlərini “şah” sayıb, qanundan üstün tutanların zamanı getdi və bundan sonra kimsə bu anormallığı təkrarlamaq istəsə, taleyi fərqli olmayacaq. Yerlərdəki məmurlar həm qanuna, həm xalqın məmnuniyyətinə və Prezidentin şəxsində çox böyük bir dayağa arxalanıb üzərilərinə düşən missiyanı icra edərlərsə, bundan həm dövlət qazanar, həm vətəndaş, həm də özləri yaxşı ad qoymuş olarlar. Çox sadə bir düsturu var uğura aparan yolun...

Bu gün ölkənin magistral yolları tamamilə müasir standartlara cavab verir, şəhərlərarası yollar təmirlidir, kənd yollarının təqribən 70-80 faizi təmirlidir və keyfiyyətlidir. Ən ucqar kəndlərimiz belə, internetlə təmin olunub, qazlaşdırma faizi yüksələn xətt üzrə davam edir. Kəndlərdə də içməli su ilə bağlı lazımi tədbirlər görülür. Belə olduğu halda kənd əhalisi niyə öz isti ocaqlarını atıb, mərkəzi şəhərlərə üz tuturlar? Prezident söylədi: “Bölgələrdə əlbəttə ki, məşğulluqla bağlı məsələlər əsas prioritetlərdən biridir. Azərbaycanda bütövlükdə məşğulluqla bağlı son illər ərzində çox böyük islahatlar aparılıb, işsizliyin səviyyəsi aşağı düşüb. Ancaq o da həqiqətdir ki, bu gün hələ də bölgələrdən Bakıya, böyük şəhərlərə miqrasiya meyliləri mövcuddur. Bunun müxtəlif səbəbləri var. Miqrasiyanın, kəndlərdən şəhərlərə axının mövcud olması təkcə bizim ölkə üçün xas deyil, inkişaf etmiş ölkələrdə də bu var. Təbii ki, böyük şəhərlərdə imkanlar da genişdir, yaşayış səviyyəsi də daha yüksəkdir. Bütün bunlar başadüşüləndir. Ancaq, eyni zamanda, bölgələrdən şəhərlərə miqrasiyanın səbəblərindən biri də işsizlikdir. Bölgələrdə insanları işlə təmin etmək üçün indi dövlət müxtəlif addımlar atır, müəssisələr yaradılır, sahibkarlara güzəştli kreditlər verilir, özünüməşğulluq proqramı uğurla icra edilir. Artıq on minlərlə insan bu proqramla əhatə olunub. Ona görə yerlərdəki rəhbərlərdən də tələbim odur ki, iş yerlərinin yaradılmasına çalışsınlar, iş adamlarına şərait yaratsınlar. Təbii ki, onlara dəstək vermək lazımdır”. 



Bəli, prezident dedi ki, işsizlik faizi aşağı salınsa da, probemlər var və miqrasiyanın qarşısını almaqdan ötrü işlər görülməlidir.

Prezidentin inkişafa və uğura aparan bu kəlmələrini dövlət qulluqçuları dinləyib, öz fəaliyyətlərində icraya yönəldərlərsə, çox tezliklə bölgələrimizə Bakıdan...qayıdışın sorağını eşidəcəyik. Eyni zamanda yerlərdəki məmurlarla bağlı minnətdarlıq məktubları Administrasiyaya axışacaq. Biz 44 + 1 gündə bir olmağı bacaran, hər şeyi Vətən üçün fəda etməyə qadir toplumuqsa, müharibədə müvazinətimizi itirmədən Ali Baş Komandanın əmr və tapşırıqlarına əməl etməyi bacardıqsa, hamılıqla tarixi qələbənin məmnuniyyətini yaşayırıqsa, nədən sülh dövründə üzərimizə düşən digər vəzifələri icra etməyək? Bu tarixi Qələbəyə layiq olmaq üçün qarşıdakı həlli vacib problemləri aradan qaldırmaq lazımdır. 

Chosen
12
1
paytaxt.org

10Sources