EN

Rafinya cari mövsüm üçün “Barselona”dakı hədəfini açıqladı

İspaniya çempionu “Barselona”nın braziliyalı ulduz hücumçusu Rafinya 2025/2026 mövsümündə “blauqrana”dakı hədəfini açıqlayıb.

Arena.az braziliyalı futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Cari mövsümdə əsas məqsədim, komandama qalib gəlməsi və uğurlar qazanması üçün yardımçı olmağa davam etməkdən ibarətdir. Ötən mövsümü yaxşı keçirdik. Amma bu mövsümdə daha yaxşısına nail olmaq üçün çalışmalıyıq. UEFA Çempionlar Liqasını qazanmaq hədəfim var. Bu hədəfimə çatmaq üçün əlimdən gələni etməliyəm”.

Qeyd edək ki, braziliyalı futbolçu iki aya yaxındır zədə səbəbindən komandasına kömək edə bilmir. Amma onun bu ay nəhayət ki, sıraya dönəcəyi ehtimal edilir.

Rafinya “Avai”nin məzunudur. Karyerasının Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyul ayında “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində “Lids”dən tamhüquqlu əsasda “blauqrana”nın heyətinə qatıb. Braziliyalı hücumçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rafinya “Barselona” üçün 7 oyun keçirib, 3 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Rafinyanın “Barselona” karyerası ümumilikdə 151 oyun, 57 qol və 53 məhsuldar ötürmədən ibarətdir.

Braziliyalı hücumçu Kataloniya nəhəngi ilə 2022/2023-cü və 2024/2025-ci illər mövsümlərində İspaniya La Liqasını qazanıb, iki dəfə İspaniya Super Kubokunun (2022/2023, 2024/2025), bir dəfə İspaniya Kral Kubokunun (2024/2025) qalibi olub.

Rafinya 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 36 oyuna çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 28 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
17
2
arena.az

10Sources