“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev vurğulayıb ki, dövrün tələblərinə uyğun olaraq, ümumxalq səsverməsi yolu ilə mütərəqqi müddəalarla təkmilləşdirilən və ümumbəşəri dəyərlərə, milli ənənələrə əsaslanan Konstitusiyamız dövlətimizin inkişafına mühüm töhfələr verir. O qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinə möhkəm hüquqi baza yaradıb.
YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov bildirib ki, Konstitusiya Ali Qanun kimi dövlətin hüquq sisteminin əsasını təşkil edir və cəmiyyətdə siyasi sabitliyin təminatçısı qismində çıxış edir. Onun sözlərinə görə, Azərbaycanın Konstitusiyasının yaradılması, dövlətçilik ənənələrinin formalaşdırılması və ölkənin müstəqilliyinin möhkəmləndirilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. A.Xudadanov xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu Sərəncam və onun əsasında təsdiq edilmiş “Tədbirlər Planı” dövlətin hüquqi və siyasi sisteminin möhkəmləndirilməsi istiqamətində yeni mərhələnin əsasını qoyub.
Tədbirdə çıxış edən ərazi partiya təşkilatlarının sədrləri Mehriban Hacıyeva və Qənirə Əmircanova vurğulayıblar ki, Azərbaycan Respublikasının Konstitusiyası milli dövlətçilik ideyasının və suveren iradənin bərqərar olmasının təcəssümüdür. Onlar qeyd ediblər ki, Konstitusiya xalqın azadlıq ruhunu, dövlətin müstəqilliyini və vətəndaşın hüquqlarını qoruyan müqəddəs sənəddir.