Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 12 noyabr – müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev – Azərbaycan Respublikası Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib. Tədbir Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutub.
"Unikal" xəbər verir ki, tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, hüquq-mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının rəhbərliyi, RİH-in məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, Ulu Öndərin və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş qəhrəman oğullarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Çıxış edən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Konstitusiya Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirib ki, bu gün müstəqil Azərbaycanın tarixində mühüm hadisə – dövlətimizin əsas qanunu olan Konstitusiyanın qəbul edilməsindən 30 il ötür. O qeyd edib ki, 12 noyabr 1995-ci il xalqımızın tarixində qızıl hərflərlə yazılmış günlərdəndir. Bu Konstitusiyanın hazırlanması və qəbul olunması Ümummilli Lider Heydər Əliyevin dövlətçilik sahəsində apardığı misilsiz xidmətlərin bariz nümunəsidir.
Başçı diqqətə çatdırıb ki, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, həmçinin Vətən müharibəsində qazanılmış qələbənin beşinci ildönümü nəzərə alınaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu tarixi sənəd həm də uzun illər doğma yurdlarından didərgin düşmüş vətəndaşlarımızın öz torpaqlarına qayıtması üçün hüquqi əsas yaratmışdır.
M.İsaqov vurğulayıb ki, Rəşadətli Azərbaycan Ordusunun şanlı qələbəsi xalqımızın əsas konstitusion hüquqlarından biri olan təhlükəsiz yaşamaq hüququnun da təmin olunmasına şərait yaradıb. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirib, demokratik inkişaf yolunda mühüm nailiyyətlər əldə edib.
Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Azər Qarayev və Qaralar kənd tam orta məktəbinin direktoru Esmira Bayramova Konstitusiyanın qəbul edilmə tarixi, onun mahiyyəti və əhəmiyyəti barədə məruzə ilə çıxış ediblər.
Qeyd olunub ki, 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, həmin dövrdə ölkədə yaranmış siyasi böhran bu prosesin reallaşmasına imkan verməyib. Yalnız 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev təhlükəli proseslərin qarşısını alaraq ölkədə sabitlik və dövlət quruculuğu üçün etibarlı əsaslar yaradıb.
Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanan yeni Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddə və keçid müddəalarından ibarət olmaqla 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilib və həmin ilin 27 noyabrında qüvvəyə minib. Bu mühüm hadisənin əhəmiyyətini nəzərə alaraq Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanı ilə hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd olunur.
Sonrakı illərdə dəyişən ictimai-siyasi reallıqlar və inkişaf tələbləri nəzərə alınaraq, 2002, 2009 və 2016-cı illərdə Konstitusiyaya bir sıra əlavə və dəyişikliklər edilib. Bu dəyişikliklər dövlətin sosial-iqtisadi əsaslarını möhkəmləndirməyə, insan hüquq və azadlıqlarının müdafiəsini daha da gücləndirməyə xidmət edib.
Sonda vurğulanıb ki, bu gün Azərbaycan Respublikası Konstitusiyasının prinsiplərinə sadiq qalaraq, milli maraqları rəhbər tutur və qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəliləyir.