Ermənistanda müxalifyönlü “İmnemnimi” podkastının aparıcıları Narek Samsonyan və Vazgen Saqatelyan parlamentin spikeri Alen Simonyanı təhqir etməkdən qaynaqlanan xuliqanlıq ittihamı ilə saxlanılıblar.
Publika.az xəbər verir ki, bu barədə bloqerlərin vəkili Ruben Melikyan sosial şəbəkədə məlumat verib.
Noyabrın 13-də səhər saatlarında hüquq-mühafizə orqanlarının maskalı əməkdaşları bloqerlərin evlərinə basqın edib və axtarışdan sonra onları İstintaq Komitəsinə aparıblar. Onlara xuliqanlıq maddəsi ilə iş açılıb.
Melikyan əlavə edib ki, maskalı şəxslər Samsonyanın evinə səhər saat 7:00 radələrində, bloqerin 3 və 5 yaşlı qızları evdə olan zaman gəliblər. Axtarış təxminən bir saat yarım davam edib, sonra o, qandallanaraq aparılıb.