EN

Kirayə vergisi daha çox azaldılmalıdır - DEPUTAT

"Gələn ildən “Vergi Məcələsində” nəzərdə tutulan dəyişikliklərdən biri də fiziki şəxslərin kirayədən əldə etdikləri gəlirlərdən tutulan vergi dərəcəsinin azaldılmasıdır. Təklif olunan dəyişikliklərə əsasən, 2026-cı ildən etibarən evlərini rəsmi müqavilə ilə kirayə verənlər 14 faiz deyil 10 faiz vergi ödəyəcəklər".

Ölkə.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov danışıb.

Onun sözlərinə görə, kirayə vergisinin azaldılması müsbət haldır:

"Bununla belə, kirayə müqavilələrinin rəsmilləşdirilməsinin genişləndirilməsi üçün vergi dərəcələrinin daha çox endirilməsinə ehtiyac var. Aparılan müşahidələr göstərir ki, bu mənbədən büdəcəyə ödəmələr yüksək deyil. Bunun əsas səbəblərindən biri də məhz vergi dərəcəsinin yüksək olması ilə bağlı idi.

Bu baxımdan, kirayə vergisinin daha çox azaldılması bu sahənin daha çox ağarmasına və büdcə daxilolmalarının artmasına səbəb ola bilər. Müqayisə üçün qeyd edək ki, Moskva şəhərində fiziki şəxslər kirayədən əldə etdiyi gəlirdən cəmi 4 faiz vergi ödəyirlər. Hüququ şəxslər üçün isə vergi dərəcəsi 6 faizdir. Əgər 14 milyon sakini olan Moskva şəhərində vergi dərəcəsi 4 faizdirsə, deməli Bakıda 10 faizlik dərəcə kifayət qədər yüksək hesab edilə bilər. Qonşu Gürcüstanda kirayə vergisi 5 faizdir. Avstriyada aylıq kirayə gəlirinin 1500 avrodan az olduğu halda 5.76 faiz vergi tətbiq olunur.

Kirayə vergisi dərəcəsinin azaldılması təqdir olunsa da, daha aşağı dərəcələrinin tətbiqi məqsədəuyğundur. Bu baxımdan, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında təqdim etdiyim təkliflərdən biri də kirayə vergisinin14 faizdən 5 faizə endirilməsi ilə bağlı idi. Belə dəyişiklik fiskal gəlirlərimizə neqativ təsir göstərməz, əksinə sözügedən mənbənin daha da rəsmilləşməsi dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına səbəb olardı".

Həmidə İbrahimova

Chosen
21
23
olke.az

10Sources