EN

Azərbaycanda vəzifəli şəxs VİDEOsu ilə şantaj edildi

Ağdaşda vəzifəli şəxsləri şantaj edən iki nəfər həbs edilib. Zərərçəkmişlər arasında həkimlər və Ədliyyə Nazirliyinin Ağdaş Rayon Qeydiyyat Şöbəsinin rəisi də var.

Milli.Az "Teleqraf"a istinadən xəbər verir ki, həbs edilən şəxslərdən biri özünü "Cinayət və Olay" qəzetinin və saytının təsisçisi və baş redaktoru kimi təqdim edən Təbriz Dəmirovdur. O, dələduzluq və hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunaraq Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə altı il müddətinə azadlıqdan məhrum edilib.

Onunla birlikdə həbs edilən digər şəxs isə tanışı Əhməd Əzizov olub. Əhməd Əzizov Latviya vətəndaşıdır və onun barəsində yeddi il müddətinə həbs cəzası təyin edilib.

İttihama görə, Dəmirovla Əzizov ayrı-ayrı vəzifəli şəxsləri rüşvət almaqda ittiham edərək onlardan pul tələb ediblər. Vəzifəli şəxslərin videolarını gizli şəkildə çəkərək şantaj ediblər.

Məlum olub ki, Təbriz Dəmirov arvadından boşanmaq üçün Qeydiyyat Şöbəsinə müraciət edib. Lakin arvadı ölkədə olmadığı üçün boşanma mümkün olmayıb. Təbriz Dəmirov arvadı Rusiyada olduğu halda boşanmanın onsuz rəsmiləşdirilməsini istəyib. Buna görə də şöbənin rəisi Teymur Mustafayevin işçisi Mətanətə rüşvət verib. Daha sonra həmin məlumat və görüntülərlə Teymur Mustafayevi şantaj edərək ondan pul tələb ediblər. Əvvəlcə razılıq əldə etmədiklərinə görə hazırladıqları videonu prokurorluğa göndəriblər, lakin cinayət tərkibi olmadığı üçün işə xitam verilib. Bir müddət sonra Dəmirov və Əzizov rəisi yenidən şantaj ediblər və ondan iki dəfə 1 000 manat pul alıblar.

Şantaj edilənlər arasında Ağdaş Rayon Mərkəzi Xəstəxanasının laborantı da olub. Onlar xəstəxanaya gedərək həkimlərə özləri "şirinlik" təklif ediblər, prosesi lentə alıb, daha sonra onlardan pul tələb ediblər. Laborantdan əvvəlcə 20 min manat istəyib, sonra məbləği beş min manata endiriblər. Sonda həmin şəxsdən iki min manat alıblar.

Ağdaş Rayon Mərkəzi Xəstəxanasının həkim-terapevtindən də 1 000 manat aldıqları müəyyən edilib.

Həmin xəstəxanada həkim-oftalmoloq kimi çalışan İradə Əhmədova da qurbanlardan biri olub. Təbriz Dəmirov müalicə üçün müraciət etdiyi xəstəxanada ona pul verərək prosesi lentə alıb, daha sonra videonu yayımlamaqla hədələyərək həkimin ərindən 2 000 manat alıb.

Təbriz Dəmirov ifadəsində bildirib ki, hadisələrdə əsas günahkar Əhməddir. Özünün jurnalist kimi araşdırma apardığını və məlumatları hüquq-mühafizə orqanlarına təqdim etdiyini deyib. O, görüntüləri əldə edən və zərərçəkmiş şəxsləri şantaj edən şəxsin Əhməd olduğunu bildirib. Həmçinin Əhməddən qorxduğu üçün onun dediklərinə razılaşdığını qeyd edib.

Zərərçəkmiş şəxslərin ifadələrindən məlum olub ki, Əhməd Əzizov Ağdaş şəhərində müxtəlif şəxslərin adından dövlət orqanlarına əsassız müraciətlər və şikayətlər göndərən, dövlət qurumlarının rəhbərlərini və əməkdaşlarını şantaj etməyə meyilli şəxs kimi tanınıb. Həmçinin o, daim xarici dövlət nömrə nişanı olan avtomobil idarə edib.

Həkim İradə Əhmədova ifadəsində göstərib ki, istirahətə yola düşən zaman ona sosial şəbəkədə belə mesaj göndərilib: "Rüşvət almağınız barədə fakt Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndəriləcək. Xanım, sizə xeyirli istirahətlər!"

Əhməd Əzizov isə özünü qismən təqsirli bilib. Məhkəmə istintaqı dövründə zərərçəkmiş şəxslərlə barışıq əldə edilib.

Milli.Az

Chosen
19
16
milli.az

10Sources