Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.
Dövlət başçısı məktubunda Gəncədən qalxan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması xəbərinin Azərbaycan xalqını dərin kədərə boğduğunu bildirib:
“Gəncədən qalxan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı. Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”
Azərbaycan Prezidenti məktubunu “Başın sağ olsun, Türkiyəm!” sözləri ilə tamamlayıb.
Qeyd edək ki, hadisə 11 noyabr 2025-ci il tarixində baş verib. Qəzada Türkiyə Silahlı Qüvvələrinin bir neçə hərbi qulluqçusu həlak olub. Azərbaycan xalqı bu ağır gündə qardaş Türkiyə ilə həmrəyliyini ifadə edir.