EN

Azərbaycanda tələbələr tərəfindən ərsəyə gətirilən ilk tammetrajlı film təqdim olunub

Xalq qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycanda kino sahəsində ilk dəfə tam yaradıcı və texniki heyəti tələbələrdən ibarət olan “Boş Yer” adlı tammetrajlı bədii filmin təqdimatı keçirilib.

Filmin rejissoru Mərkəzin müəllimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, kinorejissor Rəhman Fürqətoğludur. Layihə gənclərin yaradıcılıq potensialının, peşə təhsilində praktiki bilik və bacarıqların tətbiqi imkanlarının nümayişi baxımından mühüm əhəmiyyət daşıyır.

“Boş Yer” filmi dövlət və sponsor dəstəyi olmadan, yalnız Mərkəzin imkanları və tələbələrin əməyilə ərsəyə gətirilib. Ekran əsəri orijinal süjet xətti və sosial məzmunu ilə seçilir. Film hər iki valideynini itirmiş, yazıçı olmaq arzusu ilə yaşayan gənc Azərin həyatını əks etdirir. Əsərdə diqqətsizlik, sosial adaptasiya, psixoloji təcrid və insan münasibətləri kimi aktual mövzulara toxunulur. Filmin xronometrajı 101 dəqiqədir, ssenarisi də rejissor Rəhman Fürqətoğluna məxsusdur.

Təqdimat mərasimində çıxış edən Mərkəzin direktoru Pərviz Həmzəyev qeyd edib ki, “Boş Yer” filmi peşə təlimlərinin nəticələrinin real istehsalat məhsuluna çevrilməsinin bariz nümunəsidir. Onun sözlərinə görə, film təkcə bir yaradıcılıq işi deyil, həm də tələbələrin peşə bacarıqlarının, öz güclərinə inamının və komanda şəklində işləmək vərdişlərinin təzahürüdür.

Çıxışlarda vurğulanıb ki, “Boş Yer” layihəsi peşə təhsili sistemində yaradıcı ixtisasların inkişafına, gənclərin təşəbbüskarlığının və müstəqil fəaliyyət imkanlarının genişlənməsinə mühüm töhfə verəcək.

Arzu ƏliyevaXQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
7
1
xalqqazeti.az

6Sources