“Milan”ın baş məşqçisi Massimiliano Alleqri “rossoneri”nin 2025/2026-cı illər mövsümündə əsas fəsadı ilə bağlı qənaətini açıqlayıb.
Arena.az xəbər verir ki, italyan mütəxəsssin qənaətinə görə “Milan” öz səviyyəsindən aşağı komandalarla oyunlarda büdrəyir:
“Əsas məqsədimiz – ilk “4-lük”də yer almaqdır. Hazırda ordayıq. Bilirik ki, ilk “4-lük”də qalmalıyıq. “Milan” vacib oyunları qazanıb, amma səviyyəsindən aşağı komandalarla oyunlarda həddindən artıq çox xal itirib. Müvafiq fəsadı aradan qaldırmağımız gərəkdir”.
“Milan” A Seriyasının cari mövsümündə 11 oyuna topladığı 22 xalla 3-cü pillədə qərarlaşıb. Komanda 11 turda 6 qələbə, 4 heç-heçə və 1 məğlubiyyət görüb.
Xatırladaq ki, Alleqri bu ilin may ayında yenidən “Milan”ın sükanı arxasına qayıdıb. 57 yaşlı mütəxəssisin bu klubla müddəti 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqaviləsi var.
Massimiliano Alleqri 2010-2014-cü illərdə də “Milan”ı çalışdırıb. O, 2010/2011-ci illər mövsümündə “Milan”ı İtaliya çempionu edibsə, 2011/2012 mövsümündə bu kluba İtaliya Super Kubokunu qazandırıb.
Alleqri daha öncə “Yuventus”, SPAL, “Qrosseto”, “Sassuolo”, “Kalyari” kimi komandaları da çalışdırıb.

