EN

İnsanın qocalmasını sürətləndirən QİDALAR – Mütəxəssislər XƏBƏRDARLIQ EDİR

Mütəxəssislər hesab edirlər ki, qocalmanın səbəbi yalnız yaş deyil. Gündəlik menyuda seçdiyimiz bəzi qidalar orqanizmdə iltihabı artıraraq dəriyə, ürəyə, beyin və oynaqlara mənfi təsir göstərir, qocalma prosesini sürətləndirir.

"Yeni Sabah" xəbər verir ki, həkim-dietoloqlar xüsusilə aşağıdakı məhsullara diqqət yetirməyi tövsiyə edirlər.

Şirin qazlı içkilər və hazır şirniyyatlar

Rafinə şəkərlə zəngin tortlar, bulkalar, peçenyelər, eləcə də qazlı içkilər qanda şəkərin kəskin yüksəlməsinə səbəb olur. Bu da qlükozanın zülallara yapışaraq “qlikasiya” adlı prosesi gücləndirməsinə, nəticədə dərinin elastikliyini azaldan, qırışları artıran maddələrin yaranmasına yol açır.

Ağ un məhsulları

Ağ çörək, ağ makaron və digər un məmulatları sürətlə həzm olunur, qanda şəkəri tez qaldırır. Uzun müddət belə qidalanma insulinə həssaslığın azalması, artıq çəki və erkən qocalma ilə əlaqələndirilir.

Qızardılmış və “fast-food” yeməklər

Yüksək temperaturda dəfələrlə istifadə olunan yağlarda bişirilən kartof fri, toyuq “naqgets”, burger və oxşar məhsullar trans yağlarla zəngindir. Trans yağlar damarların elastikliyini azaldır, ürək-damar xəstəlikləri riskini yüksəldir, həm də dəriyə mənfi təsir göstərir.

Emal olunmuş ət məhsulları

Sosiska, kolbasa, hisə verilmiş ətlər duz, konservant və doymuş yağla zəngin sayılır. Bu tip qidaların çox yeyilməsi bədəndə iltihabı artırır, bu da həm oynaqların, həm də damarların daha tez “köhnəlməsi” ilə nəticələnə bilər.

Həddindən artıq duz və şəkər

Çox duz orqanizmdə suyun yığılmasına, təzyiqin artmasına, damarların zədələnməsinə səbəb olur. Həddən artıq şəkər isə kollagen və elastini zədələyərək dərini tez sallanmış və qırışlı göstərə bilər.

Spirtli içkilərin sui-istifadəsi

Alkoqol orqanizmi susuzlaşdırır, qaraciyərə yük salır, dərinin rəngini və tonusunu korlayır. Mütəxəssislər alkoqoldan ya tam imtinanı, ya da minimum həddi tövsiyə edirlər.

Həkimlər xatırladır ki, qocalmanı yavaşlatmağın ən təsirli yolu rasionda təzə tərəvəz, meyvə, tam taxıl, keyfiyyətli zülal və sağlam yağların payını artırmaq, zərərli məhsulları isə tədricən minimuma endirməkdir. Sağlamlıqla bağlı ciddi problemi olanların mütləq həkimlə məsləhətləşməsi vacibdir.

Nazim Hacıyev


Telegram kanalımız
Chosen
19
2
yenisabah.az

3Sources