EN

10 noyabr üçtərəfli razılaşması artıq “gorbagor” oldu, yoxsa?.. –Hərbi-siyasi  ekspert

“ATƏT-in Minsk Qrupunun fəaliyyətinə xitam verildiyi kimi, 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşma da artıq tarixdə qalıb...”
 
Məlum olduğu kimi,  Rusiya Xarici İşlər Nazirliyi 10 noyabr 2020-ci ildə Ermənistan, Rusiya və Azərbaycan liderləri arasında əldə edilən üçtərəfli razılaşmaların  5-ci ildönümü münasibətilə verdiyi bəyanatda həmin sənədin guya öz aktuallığını qoruyub saxladığını bəyan edib...
Bəs görəsən, artıq  bu bəyanat faktiki "gorbagor" oldu, yoxsa Kreml və Ermənistandakı revanşistlər hələ də 2026-cı il iyun seçkiləri hesabına onu "dirildəcək"lərinə ümid edirlər?..
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında hərbi-siyasi ekspert Üzeyir Cəfərov bunları söyləyib:
 
“Ümumiyyətlə, 10 noyabr üçtərəfli razılaşması artıq tarixə çevrilib. Lakin bütün bunlara baxmayaraq, hələ də həm rəsmi Moskva, həm də Ermənistanda rəsmi hakimiyyət olmasa da, rusiyapərəst revanşist müxalif dairələr bu razılaşmaya istinad etməyə çalışırlar.
 
Doğrusu, o üçtərəfli razılaşmadan nə qaldığını hələ də anlaya bilmirəm. Artıq demək olar ki,  8 avqust üçtərəfli Vaşinqton görüşündən sonra bu razılaşma demək olar ki, heç bir qüvvəyə malik olmayan, yəni yox kimi bir sənəd halını alıb. Onsuz da əvvəldən həmin razılaşmanın heç bir hüquqi əsası yox idi.  Lakin Kreml və İrəvandakı revanşistlər, hələ də onu gündəmə gətirir, zaman-zaman ona sözdə olsa da, istinad edir və dediyiniz kimi, onun aktual olduğunu bəyan edirlər.
 
Əlbəttə ki, burada biz özümüzü də günahlandırmalıyıq. Yəni Azərbaycan olaraq, bu məsələdə qarşı tərəflərə – həm Rusiyaya, həm də Ermənistanın revanşist dairələrinə bir təpki göstərməliyik. Onlara suallar verməliyik: "Siz 3 ildən çox bir müddətdə o razılaşmanın hansı bəndini düzgün şəkildə yerinə yetirdiniz ki, indi hələ də ona istinad edirsiniz?" 
 
Azərbaycanın ərazi bütövlüyü artıq təmin olunub, bu, həqiqətdir. Düzdü, hələ də Naxçıvanın Kərki kəndi və Qazaxın 3 kəndinin təhvil verilməsi qalıb.  Bu gün artıq məlumatlar səslənir ki, Paşinyan həmin ərazilərin də məsələsinin həll olunmasının vaxtı çatdığını bildirib. Yəni Ermənistan da başa düşür ki, hələ ötən il noyabrda bu məsələlərin həll olunması gözlənilirdi, amma artıq bir il keçib və Azərbaycan sonsuza qədər gözləyə bilməz...
 
Rusiyanın hal-hazırda bu sənədin aktual olmasında israr etməsi daha çox həmin razılaşmada Rusiyanın nəzarət etməli olduğu  Zəngəzur yolunun  bu gün artıq “Tramp yolu” adlandırılması və Ermənistanın o yola Amerika şirkətinin nəzarət etməsi ilə razılaşmasıyla bağlıdır. Çünki Kremldəkilər hələ də Zəngəzur yolunda  Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının dayandığını görür.  Lakin hesab edirəm ki, Moskvanın bu xəyalının reallaşması üçün artıq çox gecdir. Rusiya artıq öz etimadını itirib, Ermənistan hakimiyyəti də, cəmiyyəti də yeni bir ab-havadır, yeni bir reallığı qəbul edib.
 
Bu səbəblərdən, mənim fikrimcə, həmin üçtərəfli razılaşma artıq mövcud deyil və bu sənədin gələcəkdə hansısa bir müzakirəyə çıxarılması da mümkünsüzdür. ATƏT-in Minsk Qrupunun fəaliyyətinə xitam verildiyi kimi, 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşma da artıq tarixdə qalıb.
 
Əlbəttə, Rusiya uzun müddət müxtəlif yollarla suyu bulandırmağa və bu məsələləri uzatmağa çalışacaq, amma biz buna əhəmiyyət vermədən öz işlərimizi davam etdirməliyik. Azərbaycan olaraq, kommunikasiya xətlərinin açılmasına, Azərbaycan vətəndaşlarının heç bir maneə ilə üzləşmədən, azad şəkildə Naxçıvana və Türkiyəyə gedib-gəlmələrinin,  eləcə də  sərbəst ticarət və yüklərin daşıma marşrutlarının bərpa edilməsinə və  yüklərin Avropaya və digər ölkələrə daşınmasını təmin etməliyik...” 
 
 
Chosen
38
1
moderator.az

2Sources