EN

"Rusiya gecə saatlarında Ukraynaya raket və dron hücumları edib" - Ukrayna KİV-ləri 

 
"Dronlar məbədi və bank binasını yandırıb, eyni zamanda Rusiyanın Tuapse limanı dəniz dronları ilə vurulub..."
 
Raketlər, "Kinjal" və onlarla "Shahed"
 
Ukrayna media orqanlarının məlumatına görə, Rusiya 10 noyabr gecəsi Ukraynaya genişmiqyaslı hava hücumu həyata keçirib. Zərbələr müxtəlif istiqamətlərdən eyni vaxtda raket və kamikadze-dronlarla endirilib.
 
Moderator.az xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatında bildirilir ki, hücum zamanı Rusiyanın X-47M2 "Kinjal" tipli iki aeroballistik raketi və Kursk istiqamətindən buraxılan S-300/S-400 zenit raketləri istifadə olunub. Hücumun əsas yükü isə kamikadze-dronlara düşüb - ümumilikdə 67 pilotsuz uçuş aparatı, əsasən "Shahed" və "Gerbera" modelləri işə salınıb. Dronlar Rusiyanın Kursk, Millerovo, Oryol, Bryansk bölgələrindən və işğal altındakı Krımın Qvardeyskoye ərazisindən havaya qalxıb.
Hava hücumundan müdafiə - aviasiya, zenit-raket bölmələri, radioelektron mübarizə sistemləri və mobil qruplar fəal şəkildə cavab verib. Səhər saat 09:30-a olan məlumatda bildirilib ki, Ukrayna HHM-i 52 dronu məhv edib və ya fəaliyyətini neytrallaşdırıb. Bununla belə, 15 dronun müxtəlif obyektlərə düşməsi qeydə alınıb, raketlərlə bağlı ziyanın həcmi isə dəqiqləşdirilir.
 
Son günlər hücumların intensivliyi artıb. Məsələn, yalnız 8 noyabr gecəsi Rusiya Ukraynaya 503 hava hücum vasitəsi göndərib, onlardan 45-i raket, 458-i isə dron olub. Bu, son ayların ən böyük hücumlarından biri sayılır.
Dneprdə yanan məbəd, bank və yaşayış evi
Hücumların nəticələri Dnepropetrovsk vilayətində xüsusilə hiss olunub. Sinelnikovskiy rayonu və Nikopol şəhəri kamikadze-dronlarla vurulub. Zərbələr nəticəsində məbədin günbəzi, bank binasının damı və Nikopolda yerləşən yaşayış evi yanıb. Xilasetmə xidmətləri operativ şəkildə hadisə yerinə cəlb olunaraq bütün yanğınları söndürüb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.
Ukraynanın Fövqəladə Hallar Xidməti dağıntılara dair fotolar yayıb. Bununla yanaşı, xatırladılır ki, 8 noyabr hücumu zamanı Dnepr şəhərində 13 nəfər yaralanmış, şəhərdə 9 və 10 noyabr tarixlərində matəm elan edilib.
Eyni gecə Rusiyanın öz limanı da vurulub
 
Gecə baş verən hadisələrdən biri də Qara dənizdə Rusiyaya məxsus Tuapse limanında olub. Liman gecə saatlarında dəniz dronları ilə hücuma məruz qalıb. Yerli administrasiya hücum zamanı dörd pilotsuz katerin "zərərsizləşdirildiyini" iddia etsə də, OSINT mənbələrinin məlumatına görə, dronlardan biri liman infrastrukturuna yaxın yerdə partlayıb. Partlayış dalğası yaxınlıqdakı tikililərdə şüşələrin sınmasına və müəyyən obyektlərin zədələnməsinə səbəb olub.

 

Tuapse limanı Rusiyanın ən böyük neft-logistika mərkəzlərindən biri kimi tanınır. Burada neft, neft məhsulları, taxıl, gübrə və digər yüklər daşınır. Bu liman artıq ikinci dəfə hücuma məruz qalır. 2 noyabrda Ukrayna Təhlükəsizlik Xidməti limanın neft terminalını vuraraq tanker və neft üzrə yükləmə infrastrukturunu sıradan çıxarıb. Beləliklə, müharibə artıq yalnız cəbhədə deyil, hava məkanında, enerji infrastrukturlarında və dəniz logistikasında davam edir.
Chosen
43
1
moderator.az

2Sources