EN

“Dövlət Bayrağı bizim tariximizdir, kimliyimizdir və gələcəyimizdir” - Deputat

“Azərbaycan Bayrağı bizim dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir. Ümummilli Lider Heydər Əliyevin sözləri ilə desək, gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Azərbaycan Respublikasında hər il 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə bu gün rəsmi dövlət bayramı elan edilib”.


Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib. 

Onun sözlərinə görə, bu gün Azərbaycan xalqının öz dövlət rəmzinə, müstəqilliyinə və milli kimliyinə olan hörmət və ehtiramının təntənəsidir:

“Üçrəngli Azərbaycan bayrağının tarixi 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin hökumət iclasında qəbul edilməsi ilə başlanır. O vaxtdan etibarən bu bayraq 1920-ci ilin 28 aprelinədk dövlət statusuna malik olub. Bayrağın mavi, qırmızı və yaşıl rəngləri “Türkçülük, müasirlik və islamçılıq” ideyalarının vəhdətini təcəssüm etdirir. Üçrəngli bayraq azadlıq məfkurəsini, milli-mənəvi dəyərlərə sadiqliyi və ümumbəşəri ideallara bağlılığı ifadə edir. Azərbaycan bayrağının yenidən dövlət rəmzi kimi qaldırılması Ümummilli Lider Heydər Əliyevin tarixi təşəbbüsü ilə baş tutub. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayraq Naxçıvanın Dövlət Bayrağı elan olundu. Daha sonra 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək bu bayrağı yenidən dövlət statusuna qaldırdı. Ulu Öndər Heydər Əliyev həmin hadisəni belə xatırlayırdı: “Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı.”

“Müstəqil Azərbaycanın qürur simvolu olan üçrəngli bayrağımız 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə yenidən rəsmi dövlət atributu kimi bərpa edildi. Bayrağımızın təsviri Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsində və 2018-ci il 2 noyabr tarixli Konstitusiya Qanununda dəqiqliklə müəyyən edilib: bayraq bərabər enli üç üfüqi zolaqdan ibarətdir, yuxarıda mavi, ortada qırmızı, aşağıda yaşıl rəng yerləşir. Qırmızı zolağın ortasında ağ aypara və səkkizguşəli ulduz təsvir olunub”, - deputat əlavə edib. 

V.Qafarov vurğulayıb ki, Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən, hər bir vətəndaş dövlət rəmzlərinə - bayrağa, gerbə və himnə hörmət etməlidir:

“2004-cü il 8 iyun tarixli Qanun ilə dövlət bayrağının istifadəsinə dair tələblər və məhdudiyyətlər müəyyən edilib, bu müqəddəs simvolun qorunmasına hüquqi zəmin yaradılıb. Prezident İlham Əliyevin 17 noyabr 2007-ci il tarixli Sərəncamı ilə paytaxt Bakı şəhərində Dövlət Bayrağı Meydanı yaradılıb. Meydanın açılışı 2010-cu il sentyabrın 1-də, Dövlət Bayrağı Muzeyinin açılışı isə 9 noyabr 2010-cu ildə baş tutub. 2024-cü il noyabrın 8-də meydan yenidən açılıb və burada dünyanın ən böyük bayrağı qaldırılıb. Yenilənmiş muzeydə 44 günlük Vətən müharibəsinə həsr olunan “Zəfər qalereyası” ekspozisiyası nümayiş olunur. Burada Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə qaldırılan bayraqların fotoları və videomaterialları sərgilənir.

Bu gün üçrəngli bayrağımız azad Qarabağ torpaqlarında, Şuşada, Xankəndidə və bütün azad edilmiş bölgələrimizdə dalğalanır. Dövlət başçısı İlham Əliyevin sözləri ilə desək, bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir.  Qalibiyyət rəmzinə çevrilən bu bayraq hər bir azərbaycanlının qəlbində, evində, həyatının bir parçasında yaşayır.

Azərbaycan Respublikasının Dövlət Bayrağı bu gün milli həmrəyliyin, azərbaycançılıq məfkurəsinin və dövlətçiliyimizin ən ali simvoludur. Dövlət Bayrağımız millətimizin varlığını, azadlıq iradəsini və dövlətçilik ənənələrini əks etdirir. Dövlət Bayrağı bizim tariximizdir, kimliyimizdir və gələcəyimizdir”.

Chosen
38
manset.az

1Sources