EN

Türkiyə, Pakistan və Azərbaycan birlikdə "üç qardaş" adlandırılır

Türkiyə, Pakistan və Azərbaycan birlikdə "üç qardaş" adlandırılır. Bu isə sadəcə ritorika ilə kifayətlənməyib, konkret əsasları olan adlandırılmadır. Bu ölkələr Ermənistanın təcavüzü ilə əlaqədar yeganə iki ölkə idi ki, Azərbaycana konkret dəstək göstərməklə yanaşı, həm də adıkeçən dövlətə olduqca sərt üzlərini də göstərmiş oldulər. Belə ki, Türkiyə 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk, Pakistan isə ikinci dövlət olmaqla yanaşı, həm də hər iki ölkə Ermənistanla əlaqələrini kəsdi. Eyni azalmayan, hətta daha dayanıqlı dəstəyin 2020-ci il 44 günü ərzində də şahidi oldiq. Torpaqlarımız uğrunda gedən döyüşlərdə rəsmi Ankara və İslamabadın rəsmi Bakıya hərbi olmaqla, hərtərəfli dəstəyini sadəcə biz deyil, bütün dünya da gördü. Məhz bu amil bölgəyə əsassız soxulmanın, müharibənin süni şəkildə arealının genişləndirilməsinin, baş verən proseslərin fərqli rakursdan dünyaya çatdırılmasının qarşısını aldı. 
Zəfər əldə edildi, "üçlüyün" işi isə davam edirdi. Belə ki, Zəfərdən sonra üç dövlət 2021-ci ilin yanvar ayında İslamabadda üçtərəfli görüş üçün bir araya gələrək siyasi, iqtisadi, strateji, ticarət, sülh və təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirmək, eyni zamanda ortaq narahatlıq doğuran məsələlərdə qarşılıqlı dəstəyi təsdiqləmək barədə razılığa gəldilər. Beynəlxalq təşkilatlar, nüfuzlu tədbirlər zamanı da hər üç ölkə liderinin səmimi, dost münasibəti dünya mediasının yaxın diqqətində olan məsələdir.
"Üç qardaş" adlandırılan Pakistan, Türkiyə və Azərbaycan arasında çoxölçülü müdafiə əməkdaşlığı gündən-günə daha da möhkəmlənir. Bunu göstərən amillərdən biri Azərbaycanın Pakistandan Türkiyə istehsalı olan raketlərlə təchiz ediləcək ən azı 50 JF-17 Block III qırıcı təyyarəsi almasıdır. Bununla da Azərbaycan Hərbi Hava Qüvvələrinin hava döyüş qabiliyyətini artırdı. Müdafiə sənayesi sahəsində öz sözünü deməyi bacaran Türkiyənin qabaqcıl müdafiə sənayesindən yararlanılması prosesi davamlıdır ki, bununla da Ordumuz daha çox ölümsüzlük qazanacaq. 
Pakistan və Azərbaycan həmçinin Türkiyənin Kaan beşinci nəsil qırıcı təyyarə proqramında fəal iştirak edir. Dünyanın ən qabaqcıl təyyarələri arasında olan Türkiyənin beşinci nəsil təyyarələrinin alınması həm Bakı, həm də İslamabad üçün dönüş nöqtəsidir. 2010-cu ildə Türk Aerokosmik Sənayesi (TAI) tərəfindən başladılan və istifadəyə verilən Kaan beşinci nəsil qırıcı proqramı Türkiyənin yerli reaktiv qırıcı təşəbbüsünü təmsil edir. Türkiyənin 2019-cu ildə ABŞ-ın F-35 beşinci nəsil qırıcı proqramından çıxarılmasından sonra Kaan Türkiyənin yeganə alternativi olaraq qalır və ölkənin köhnəlmiş F-16 qırıcı təyyarələrini əvəz etmək üçün nəzərdə tutulub. Qarşılıqlı, hərtərəfli dəstəyin şahidiyik. Belə ki, Azərbaycan Türkiyənin Kaan proqramına maliyyə yardımı göstərirsə, yüzlərlə Pakistan rəsmisi və mühəndisi də layihədə fəal iştirak edir. 2023-cü ildə Türkiyə və Azərbaycan İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEF 2023) zamanı Kaan qırıcı təyyarə proqramının inkişafını təşviq etmək üçün müqavilə imzaladılar. Töhfəsinin bir hissəsi olaraq Azərbaycanın təşəbbüsü dəstəkləmək üçün maliyyə investisiyası və sənaye əməkdaşlığı təklif etməsi də gözlənilir. 2025-ci ilin yanvar ayında Türkiyə və Pakistan Türkiyənin Kaan qırıcı təyyarəsinin istehsalı üçün birgə müəssisənin yaradılması və istismarı planlarını yekunlaşdırdılar və təyyarənin inkişafı və istehsalı üzrə əməkdaşlıq etməyə razılaşdılar. İki ölkənin müdafiə sənayesi nazirlikləri arasında iş intensiv gedir. Belə ki, eyni ilin fevral ayında Əbu-Dabidə keçirilən Beynəlxalq Müdafiə Sərgisində (IDEX-2025) keçirilən görüşdə sözügedən profil üzrə nazirlər iki ölkə arasında uğurlu hərbi-texniki əməkdaşlığı müzakirə edərək, birgə layihələrin perspektivlərini araşdırdılar və müdafiə sənayesi əlaqələrini daha da gücləndirməyə söz verdilər. Azərbaycan Prezidenti İlham Əliyev hər zaman çıxışlarında bildirir ki, ölkəmizin hərbi əməkdaşlıqda əsas tərəfdaşı Türkiyədir və onun imkanlarından hər keçən gün daha çox istifadə etməyi hədəfləyirik. Bununla da Azərbaycan üstün manevr qabiliyyətinə, gücləndirilmiş döyüş qabiliyyətlərinə və təkmilləşdirilmiş gizlilik xüsusiyyətlərinə malik olan ən müasir avadanlıqlarla təchizatlandırılır. İslamabad, Ankara və Bakı üçlüyünü bu cür də xarakterizə etmək olar ki, onlar taktiki və strateji təcrübələrini Türkiyə dron sistemlərinin istifadəsi ilə birləşdiriblər.
2024-cü ilin fevral ayında Azərbaycan Pakistanla JF-17 Block III təyyarələrinin alınması üçün 1,6 milyard ABŞ dolları dəyərində müqavilə imzaladı. Müqaviləyə həmçinin qırıcı təyyarələr üçün pilot təlimi və silahlanma da daxil idi. 25 sentyabr 2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev elan etdi ki, "JF-17 təyyarələri artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına inteqrasiya olunub".
Bakının əldə etdiyi JF-17 "Thunder" Block III qırıcı təyyarələrinin Türkiyənin Gökdoğan Görünən Mənzilli Hava-Hava Raketi (BVRAAM) və Bozdoğan Görünən Mənzilli Hava-Hava Raketi (WVRAAM) ilə silahlandırılması Azərbaycan Hərbi Hava Qüvvələrinin hava atəş gücünü əhəmiyyətli dərəcədə artırır. Bu amilin özü Türkiyənin müdafiə sənayesinin inkişafını vurğulayır. Türkiyə aparıcı beş ixracatçıdan - ABŞ, Fransa, Rusiya, Çin və Almaniyadan sonra qlobal silah ixracatçısı kimi ortaya çıxır. Müdafiə Sənayesi Katibliyinin (SSB) məlumatına görə, Türkiyənin 2024-cü ildə müdafiə və aerokosmik ixracatı 7,2 milyard ABŞ dolları təşkil edib. Üç Türkiyə müdafiə şirkəti Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) tərəfindən hər il dərc edilən "Ən Yaxşı 100 Silah İstehsalçı və Hərbi Xidmət Şirkəti" siyahısına daxildir.
Azərbaycan atdığı addımlarla olduqca hərtərəfli siyasət yürüdür. Əslində, müdafiə sənayemizin gücləndirilməsinin özü də regionun çoxtərəfli siyasət yürüdə bilməsinə fundamental töhfədir. Bu məqamda bir faktı vurğulayaq. 2019-2023-cü illər arasında Çin qlobal silah ixracatının 5,8 faizini təşkil edib, bu dövrdə Asiya və Afrikada təxminən 40 ölkəyə silah tədarük edibsə, bu onun ABŞ, Fransa və Rusiyadan sonra ənənəvi silahların dördüncü ən böyük ixracatçısı olduğunu göstərir. Deməli, Pakistan və Çin tərəfindən birgə hazırlanan JF-17 qırıcı təyyarəsi müqaviləsi, Çinin Azərbaycan və regiondakı digər ölkələrlə əlavə müdafiə müqavilələri əldə etməsi üçün də imkanlar yaradır. Bu isə Cənubi Qafqaz ölkələrinin tək bir təchizatçıdan asılı olmamasına yaradılan əvəzolunmaz şansdır.
Azərbaycan-Türkiyə-Pakistan münasibətləri dövlətlə və cəmiyyətlər səviyyəsində dayanıqlı olaraq inkişaf edir. Keçirilən birgə hərbi təlimlər və hərbi-texniki sahədə layihələr də daxil olmaqla müxtəlif parametrlər üzrə intensiv iş gedir. Çünki beynəlxalq münasibətlər sisteminin mövcud durumu ətalətin uğursuzluğa bərabər olduğunu acı formada diktə edir. Hər üç ölkə bir-birinin coğrafi mövqeyindən, beynəlxalq münasibətlər sistemində olan rolundan, malik olduqları əlaqələrdən və iqtisadi potensialdan istifadə edərək qarşılıqlı faydalar əldə etmək üçün çalışırlar. Bu çalışmağın bəhrəsi statistik rəqəmlərdə təzahür olunur. Belə ki, Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub, Pakistan iqtisadiyyatına isə  2 milyard ABŞ dolları qoymağa hazırdır.
Bu ilin 28 may tarixində-Azərbaycan dövləti və xalqı üçün təqvimin son dərəcə əhəmiyyətli günündə elə o qədər strateji əhəmiyyətli, məhz Azərbaycan Prezidentinin diplomatiyası nəticəsində işğaldan azad edilən Laçında hər üç ölkə liderinin sayca ikinci Zirvə görüşünün keçirilməsi, məhz Qarabağdan verilən mesajlar lazımli ünvanlarına bir daha çatdı. Son dəfə elə məhz Kopenhagendə bunun nəticəsini gördük. Üç dövlət liderinin yan-yana durması, ayrı-ayrı dövlət başçıları ilə malik olduqları dərin əlaqələrdən bir-birinin xeyrinə istifadə edilməsi ilk olmayan ənənə halını almışdır. Məhz bu dəyişməz ənənə bir çox dəyişməz mövqedə görünən aktorların necə dəyişdiyini yenilədi. Dünya səviyyəli siyasətçi, dünyanın diplomatiya tarixinə adını qızıl hərflərlə həkk etdirməyi bacaran Azərbaycan Liderinin də bildirdiyi kimi Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub.
Azərbaycan müxtəlif oyunlara olduğu qədər, istənilən döyüş ssenarilərinə də uyğunlaşa bilir. Güclü olmaq reallığı hər zaman əlimizdə əsas olmalıdır. Buna sadiq qalmağı tarix bizə olduqca acı şəkildə aşıladı. Lakin indiki hədəfimiz sülhdür. Bundan yayınmamaq amilini dərk etdiyimiz qədər, verdiyimiz mesajlar da bunu yıxmaq istiqamətində olmamalıdır. 
Azərbaycan Türkiyə dövlətinin beynəlxalq arenada artan güc və rolundan son dərəcə məmnundur, Türkiyənin terrorçuluqla mübarizə istiqamətində əldə etdiyi uğurları Azərbaycan öz uğuru kimi görür. Eləcə də Azərbaycan Kəşmir məsələsində Pakistanın yanındadır. Türkiyə və Pakistan arasında da Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası mövcuddur ki, bu çərçivədə tərəfdaşlıq məsələləri ən son 25 may 2025-ci il tarixində nəzərdən keçirildi. Türkiyə ilə Pakistan dərin tarixi və humanitar əlaqələri daha da möhkəmləndirmək barədə qətiyyət nümayiş etdirir, qarşılıqlı addımlar atırlar.
Üç ölkənin sıx strateji əməkdaşlığı faktiki hərbi ittifaq formasındadır. Tariximizin olduqca keşməkeşli ictimai-siyasi quruluşunu və dönəmini də nəzərə alaraq iftixar yerimiz olan Azadlıq meydanımızdan 2025-ci ilin 8 noyabr tarixində də Azərbaycan bayraqlarının yanında yenə də, hələ də Türkiyə, Pakistan bayraqlarının dalğalanması rəsmi protokoldan daha çox, xalqımızın minnətdarlıq hissinin təzahürüdür. Dostluğa bu sadiqlik başlıca olaraq xalqımızın xislətidir. 

Şəbnəm HƏSƏNOVA
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
56
olaylar.az

1Sources