"Araz-Naxçıvan" Misli premyer-liqasının 11-ci tur matçında Sumqayıtda "Karvan-Yevlax"a qalib gəldi - 2:1.
"Football-plus.az" xəbər verir ki, "qırmızı-ağlar"ın baş məşqçisi Elmar Baxşıyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Xalqımızı Zəfər Günü münasibətilə təbrik edirəm. Oyunla bağlı çox danışmaq istəmirəm. Bu gün elə gündü ki, ölkə olaraq qələbə qazanmışıq. Bunun qarşılığında bizim qazandığımız nəticə çox önəmli deyil. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Matça gəldikdə isə ağır oyun alındı. Komanda olaraq oyuna yaxşı girmədik. Çoxsaylı top itkilərinə yol verirdik. Rəqib bundan istifadə edirdi. Yenə də şükürlər olsun ki, qələbə qazandıq və liderlər qrupundan geri qalmadıq.
- Əsas heyətin bir çox üzvlərinə bu gün şans vermədiz. Bu, nə ilə bağlı idi?
- Builki heyət genişdi. Bütün oyunçulardan istifadə etmək fikrindəyik.
- Qapıda Tərlan Əhmədliyə şans vermişdiz. “Karvan-Yevlax”ı zəif hesab edirdiz?
- Xeyr. Tərlan Əhmədli bir neçə tur öncə də oynamışdı. Avram isə son dönəmlərdə çox qol buraxdığı üçün özünəinam azalmışdı. Tərlan bəyəndiyim qapıçıdı. Bizdə əsas heyət anlayışı yoxdu. Oyuna bir heyətlə başlasaq da, hadisələrin axarında əvəzetmələr olur. Oyunçular bilir ki, kiminsə əsas heyətdə yeri həmişəlik deyil.
- Rəqibin vaxt aparması sizi əsəbiləşdirirdi?
- Normal haldı. İstəyirik ki, oyunun ritmi düşməsin. Futbolçular 2-3 dəqiqə temp yaradır, sonra oyun düşür. Buna görə narazılığım var idi. Düşünürəm ki, komanda şəklində daha da artırmalıyıq.