EN

Ordumuzda NATO standartı Rusiya və İrana qarşı deyil, lakin...


Xaqani Cəfərli: “Rusiya keçmiş müstəmləkəsinin inkişafından, xüsusilə də müdafiə qabiliyyətinin artmasından narahatdır”

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ötən əsrin əvvəllərində əldə etdiyi müstəqilliyi bu dəfə möhkəmləndirərək, əsas strateji məqsədinə - torpaqların işğaldan azad edilməsinə nail olub. Dövlət başçısı bu fikri NATO nümayəndə heyəti ilə keçirdiyi görüşdə səsləndirib.

Görüşdə Türkiyə, Yunanıstan, Macarıstan, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çexiya, Portuqaliya və İspaniyanın NATO-dakı daimi nümayəndələri, eləcə də ABŞ və Fransanın alyansdakı nümayəndəliklərinin müavinləri iştirak ediblər. Prezident İlham Əliyev çıxışında Azərbaycan Ordusunun modernləşdirilməsi və bu prosesin NATO standartlarına uyğunlaşdırılması istiqamətində işlərin davam edəcəyini vurğulayıb.

Dövlət başçısı NATO-nun mənzil-qərargahına səfərlərini xatırladaraq bildirib ki, Əfqanıstan əməliyyatlarına dəstək Azərbaycan-NATO əməkdaşlığının mühüm hissəsi olsa da, əməkdaşlıq bununla məhdudlaşmır. Azərbaycan alyansla regional inkişaf, enerji təhlükəsizliyi və sülhün qorunması istiqamətində də əlaqələr saxlayır.

Prezident qeyd edib ki, Azərbaycanın ordu quruculuğunda əsas nümunəsi Türkiyədir və bu, təkcə texniki və taktiki məsələlərdə deyil, həm də hərbi idarəetmə və təlim standartlarında öz əksini tapır. Dövlət başçısı Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırıldığını və bu çərçivədə Türkiyə ordusu ilə sıx əməkdaşlığı vurğulayıb.

Azərbaycanın NATO ilə münasibətlərinin dərinləşməsi, təbii ki, regiondakı geosiyasi balansı da müəyyən dərəcədə dəyişə bilər. Bu xüsusda sual yaranır: Azərbaycanın NATO ilə yaxınlaşması Rusiya və İranla münasibətlərinə necə təsir göstərəcək?

Politoloq Xaqani Cəfərli “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanın alyansla əməkdaşlığının artması Rusiya və İran tərəfindən xoş qarşılanmayacaq: “Rusiya və İranın Azərbaycana münasibəti heç zaman dost münasibəti olmayıb. Xüsusilə Rusiya keçmiş müstəmləkələrinin inkişafından, ən əsası müdafiə qabiliyyətinin güclənməsindən narahatdır. Azərbaycanın ordusunu NATO standartlarına uyğunlaşdırması Moskva üçün xoşagəlməz prosesdir. Çünki bu, Azərbaycanın Rusiya təsir dairəsindən bir qədər də uzaqlaşması deməkdir.”

Cəfərli qeyd edir ki, Rusiya bu prosesin qarşısını almağa çalışacaq: “Moskva imkan daxilində Azərbaycanın hərbi modernləşməsini ləngitmək, NATO ilə əməkdaşlığı məhdudlaşdırmaq üçün müxtəlif üsullara əl ata bilər. Lakin Ukraynada yaşadığı hərbi-siyasi fiasko Rusiyanın regionda birbaşa təhdid potensialını xeyli azaldıb. Bu, Azərbaycanın müəyyən mənada şansıdır. Amma biz unutmamalıyıq ki, Rusiya imperiya düşüncəsindən imtina etməyib və o, dağılana qədər keçmiş təsir dairəsini bərpa etməyə çalışacaq.”

Ekspertin fikrincə, Azərbaycan bu reallığı nəzərə almalı, hərbi və diplomatik siyasətini məhz bu strateji baxış üzərində qurmalıdır: “Azərbaycanın NATO ilə əməkdaşlığı heç bir ölkəyə qarşı yönəlməyib. Amma bu əməkdaşlıq ölkəmizin təhlükəsizlik arxitekturasının möhkəmlənməsinə, müstəqilliyin real təminatına xidmət edir. Rusiya və İranın bundan narahat olması isə onların öz geopolitik məntiqindən qaynaqlanır.”

Beləliklə, Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırılması təkcə hərbi modernləşmə deyil, həm də ölkənin müstəqil və dayanıqlı təhlükəsizlik sisteminin formalaşdırılması deməkdir. Bu, regiondakı yeni reallıqların və Azərbaycanın artan strateji çəkisinin göstəricisidir.

Akif NƏSİRLİ

Chosen
30
50
baki-xeber.com

10Sources