AZ

Azərbaycan ilə NATO münasibətləri qarşılıqlı etimad üzərində qurulub

Dünyada baş verən geosiyasi təlatümlər fonunda və Cənubi Qafqazda yeni münasibətlərin formalaşmağa başladığı, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparıldığı bir mərhələdə Azərbaycan-NATO əməkdaşlığının perspektivlərinin gündəmə gəlməsi və Türkiyə, Yunanıstan, Macarıstan, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çex, Portuqaliya, İspaniyanın NATO-dakı daimi nümayəndələrinin, həmçinin ABŞ və Fransanın NATO-dakı daimi nümayəndələrinin müavinlərinin daxil olduğu böyük bir qrupun Bakıya səfər etməsi olduqca mühüm hadisədir. Prezident İlham Əliyev bu gün NATO nümayəndə heyətini qəbul etdi və heyət üzvləri ilə geniş fikir mübadiləsi apardı.

Bu səfərin baş tutması bir daha onu göstərir ki, Azərbaycan NATO-ya üzvlük istiqamətində xüsusi səy göstərməsə də, lakin ölkəmizlə bu nəhəng hərbi alyans arasında regional inkişaf, qlobal sülh, enerji təhlükəsizliyi və digər istiqamətlər üzrə əməkdaşlıq məsələləri gündəmdədir. Azərbaycan NATO-nun ən etibarlı tərəfdaşlarından biridir və bu kontekstdə Cənab Prezident də qonaqlarla söhbət əsnasında ölkəmizin alyans üzvləri ilə sıx dostluq və strateji tərəfdaşlıq əlaqələrinə malik olduğunu vurğuladı, NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində Azərbaycan hərbçilərinin 1994-cü ildən alyansın proqramlarında fəal iştirak etdiklərini bildirdi. Eyni zamanda, Silahlı Qüvvələrimizin Əfqanıstanda “Qətiyyətli dəstək” əməliyyatlarındakı xidmətləri, bu xüsusda ölkəmizin regional nəqliyyat və logistika mərkəzi kimi töhfələri yüksək qiymətləndirildi, sülhməramlılarımızın Əfqanıstanı sonuncu tərk edən hərbi qulluqçular olduğu qeyd edildi.

Bütün bunlar əməkdaşlığımızın tarixçəsinin müsbət təmələ söykəndiyini göstərməklə yanaşı, həmçinin NATO-Azərbaycan münasibətlərinin perspektivlərinin böyük olduğunu düşünməyə əsas verir. Qlobal sülhməramlı əməliyyatlarda yüksək peşəkarlıq nümayiş etdirən Azərbaycan, həmçinin mövcud və yarana biləcək təhdidlərə qarşı Şimali Atlantika Alyansı ilə birgə mübarizə aparmaq istiqamətində də böyük potensiala malikdir. 44 günlük İkinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıqlar yaradan və həlledici söz sahibinə çevrilən Azərbaycanın istər regional, istərsə də qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi çıxış etməsi NATO-nun diqqət mərkəzindədir. Bu hərbi alyans ölkəmizin bütövlükdə sabitliyə və təhlükəsizliyə verdiyi töhfələri yüksək qiymətləndirir.

Onu da qeyd etməliyik ki, hazırda Azərbaycan-NATO əlaqələri yüksələn xətt üzrə inkişaf etməkdədir. 13 ölkənin NATO-dakı daimi nümayəndələri ilə bu gün baş tutan görüşdə dövlətimizin başçısı bu gün Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırıldığını və bu çərçivədə Türkiyə ordusu ilə sıx əməkdaşlıq etdiyini vurğuladı. Bu xüsusda ölkəmizlə alyans arasında əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev, həmçinin onu da qeyd etdi ki, ordumuzun müasiriləşdirilməsi prosesi bundan sonra da davam edəcək.

Yeri gəlmişkən, bir məqamı da xüsusi olaraq vurğulamalıyıq ki, Azərbaycan ilə NATO münasibətləri qarşılıqlı etimad üzərində qurulub. Belə ki, Azərbaycan-NATO əməkdaşlığı müddətində ölkəmiz çoxsaylı müxtəlif təyinatlı təlimlərdə, proqramlarda uğurla iştirak edib, qlobal sülhü dəstəkləmə missiyalarına öz töhvəsini verib. Bütün bunlara əsaslanaraq deyə bilərik ki, NATO nümayəndə heyətinin ölkəmizə hazırkı səfərinin nəticələri də hər iki tərəf üçün faydalı və uğurlu olacaq. Azərbaycan-NATO əlaqələrinin yeni mərhələyə keçməsi əməkdaşlığımızın genişləndirilməsi üçün daha böyük perspektivlər açır.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Seçilən
5
1
ictimairey.az

2Mənbələr