EN

Paşinyan Sarkisyanı “ekskursiyaya” çağırıb: “Sizdən qalan metallomdan müasir ordu yaratdıq, gəlin, baxın”

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Ermənistanın baş naziri Nikol Paşinyanla ölkənin keçmiş prezidenti Serj Sarkisyan arasında yenidən gərginlik yaranıb. Mübahisənin mərkəzində isə yenə ordu və onun vəziyyəti dayanır.

Bizimyol.info xəbər verir ki, Serj Sarkisyan bir müddət əvvəl çıxışında 44 günlük müharibənin ilk saatlarında Ermənistanın hava hücumundan müdafiə sisteminin yarısının necə sıradan çıxdığını anlamadığını demişdi.

Paşinyan bu fikirlərə sərt reaksiya verib. O, “Telegram” kanalında yazaraq bildirib ki, hazırkı hakimiyyətə keçəndə orduya qalan HHM sistemi “sözün əsl mənasında metal tullantı” olub.

“Biz modernləşmə üçün müttəfiqlərə müraciət edirdik, amma onlar bizə məşhur üç barmaq jestini göstərirdilər. Sizə də eyni cavabı veriblər, Serj Sarkisyan. Əks halda, 2018-ci ilə qədər bizdə bu qədər köhnəlmiş texnika qalmazdı,” – deyə baş nazir yazıb.

Paşinyanın sözlərinə görə, Ermənistan “qeyri-müttəfiq” ölkələrdən də eyni cavabı alıb. KTMT üzvlüyü bəhanə gətirilərək, guya silahların suveren ərazi xaricində yerləşdirilməsindən ehtiyat edilib. Belə şəraitdə hökumət, hələ Sarkisyan dövründə təyin olunmuş generalların məsləhəti ilə texnika almağa məcbur olub.

Baş nazir tənqidə cavab verməklə kifayətlənməyib. O, Serj Sarkisyanı açıq debatlara çağırıb və həmçinin keçmiş prezidentlər Levon Ter-Petrosyan və Robert Koçaryanı da bu müzakirəyə qoşulmağa dəvət edib.

Amma ən çox müzakirə doğuran təklif Paşinyanın keçmiş prezidentlər üçün planlaşdırdığı “ordu ekskursiyası” olub. Paşinyan deyib ki, yeni silah və texnikanı, eləcə də mühəndis işlərinin nəticələrini şəxsən göstərməyə hazırdır. “Sadəcə, ən möhkəm maskalarınızı taxın ki, çənəniz yerə düşməsin,” – deyə Paşinyan bu fikirlə sarkazmını da gizlətməyib.

Baş nazir əlavə edib ki, belə bir imkan təkcə keçmiş prezidentlər üçün deyil, sıravi vətəndaşlar üçün də açıq olacaq. 50 nəfərlik qruplar şəklində müraciət edən hər kəs ordudakı yeniliklərlə tanış ola biləcək. Bunun üçün iştirakçı siyahısı və pasport məlumatları müvafiq ünvanına göndərilməlidir. Ekskursiyanın tarixi müraciətdən bir ay sonra müəyyən olunacaq.

Qeyd edək ki, 2022-ci ildə Ermənistan hökuməti “Müdafiə haqqında” qanuna dəyişiklik edib. Yeni qaydalara əsasən, ordunun maddi-texniki təminatı və satınalmalar artıq Baş Qərargahın yox, Müdafiə Nazirliyinin səlahiyyətindədir.

Son illərdə Ermənistan silah alışında istiqamətini dəyişib – indi Fransa və Hindistandan silah alır, NATO ölkələri, xüsusilə ABŞ ilə əməkdaşlığı genişləndirir. Əvvəllər isə əsas diqqət Rusiya istehsalı olan silahlara yönəlmişdi.

Ermənistanda hərbi siyasətin istiqaməti dəyişsə də, Paşinyan və Sarkisyan arasında “müharibə” hələ bitməyib. Görünür, bu dəfə “atışma” televiziya ekranlarında davam edəcək.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
106
icma.az

1Sources